Sambo üzrə millimiz hakim ədalətsizliyinə görə Avropa çempionatında iştirak etməkdən imtina edib.
Bu sözləri Kipr Respublikasının Limasol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət milli komandasının yarışdan kənarlaşdırılması ilə bağlı yığmamızın baş məşqçisi Bəxtiyar Hacıyev açıqlamasında bildirib. O qeyd edib ki, 71 kiloqram çəki dərəcəsində qitə çempionatında mübarizə aparan millinin üzvü Emil Həsənova finalda haqsızlıq edildiyi üçün komanda etiraz edib: “Emil Həsənov çox yaxşı samboçudur və birinci dəfə deyil ki, ona qarşı haqsızlıq edilir. O, bu yarışda da inamlı təsir bağışlayırdı. Belə ki, həlledici mərhələyə qədər İsrail, Fransa, Gürcüstan samboçularını məğlub etmişdi. Finalda Rusiyanı təmsil edən Məhəmməd Hacıyevlə görüşündə qızıl medalın bir addımlığında olsa da, hakimlər ona qarşı haqsızlıq etdilər”.
B.Hacıyev bildirib ki, samboçumuz rəqibin ona tətbiq etdiyi ağrıdıcı fənd zamanı təslim olmayaraq vəziyyətdən çıxmağa çalışdığı həlledici anda hakim görüşü dayandıraraq qələbəni rəqibə verib: “Samboda ağrıdıcı fəndə düşən idmançı ya əlini döşəyə vurmalı, ya da qışqırmalıdır. Yoxsa hakim görüşü dayandıra bilməz”.
B.Hacıyev onu da deyib ki, görüşün videosu müvafiq şəxslər, eləcə də, Avropa Sambo Federasiyasının vitse-prezidenti, baş katibi tərəfindən yenidən izlənilib və hakimin səhvə yol verdiyi etiraf edilib. Bununla belə, görüş başa çatdığı üçün nəticə olduğu kimi saxlanılıb: “Bizə təklif etdilər ki, fəxri kürsüdə E.Həsənova gümüş medal verilsin, amma sonradan ona əlavə qızıl medal da simvolik veriləcək. Biz bununla razılaşmadıq. 28 May – Respublika Günündə çox istəyirdik ki, şanlı bayrağımız yüksəklərdə dalğalansın, Azərbaycanın Dövlət Himni səsləndirilsin. Amma hakim ədalətsizliyi istəyimizə mane oldu”.
Qeyd edək ki, mayın 26-29-da Limasolda yeniyetmə, gənclər və kişilər arasında Avropa çempionatı keçirilib. Qitə çempionatında gənclərdən ibarət yığma komandamız uğurla çıxış edib. Yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar. Toğrul Salmanov turnirdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.
Gənclərdən ibarət millimiz komanda hesabında üçüncü yeri tutub.