Azərbaycan Taekvondo Federasiyasında (ATF) Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində uğur qazanmış komanda ilə görüş keçirilib. Görüşdə ATF-in vitse-prezidenti Nağı Səfərov, baş katib Həmdiyyə Məmmədov, yığmanın baş məşqçisi İlkin Şahbazov və qitə çempionları Sabir Məmmədli (27 kq) və Nazim Məmmədov (30 kq) iştirak ediblər.
Nağı Səfərov yarışa iki taekvondoçu ilə yollanan və hər ikisinin qızıl medal qazanmasını uğurlu adlandırıb. O qeyd edib ki, gələcək uğurların təməli məhz aşağı yaş qruplarında qoyulur: “Bu gün əsas yığmada yer alan taekvondoçularının hər biri sizin kimi kiçik yaşlarından inamlı çıxışları ilə fərqləniblər və uğurlarını davam etdirirlər. Sizin də bu şansınız yüksəkdir. Ölkəmizin adını həmişə yüksəklərdə tutmaq üçün məşqlərinizi səylə davam etdirib, ümidləri doğrultmalısız. Federasiya da bunun üçün sizə daim dəstək olacaq. Qarşıdakı yarışlarda sizə uğurlar arzulayıram”.
Avropa çempionlarını təbrik edən Həmdiyyə Məmmədov da yeniyetmələri qarşıda daha məsul yarışların gözlədiyini vurğulayıb. O bildirib ki, qazandıqları uğuru davam etdirmək vacibdir və bunun üçün ölkəmizdə hər bir şərait var.
Baş məşqçi İlkin Şahbazov yaradılan şəraitə görə təşəkkür etdikdən sonra Sabir Məmmədli və Nazim Məmmədovun gözəl gələcək vəd etdiyini deyib. O bildirib ki, yarışdan öncə yetirmələri ilə söhbət edib və onların qələbələrində bu mühüm rol oynayıb: “Yaşlarının az olmasına baxmayaraq dedim ki, qarşıdan Zəfər Günü gəlir. Hər ikiniz yaxşı çıxış edib Buxarestdə Azərbaycan himnini səsləndirib, bayrağımızı yüksəklərə qaldıra bilərsiz. Ardınca isə çempionluğu Zəfər Gününə həsr edərik. Güclü rəqibləri olsa da, onlar verdiyi sözü tutdu və hər ikisi qızıl medal qazandı. Biz də bunu Zəfər Gününə həsr etdik. İnanıram ki, uğurun ardını növbəti yarışlarda da gətirəcəyik”.
Görüş iştirakçıları ardınca bu gün ad günü olan Nazim Məmmədova təbriklərini çatdırıblar və hər iki taekvondoçuya hədiyyələr təqdim olunub
Avropa çempionları ilə görüş