Veloyürüşçünün həyatı bahasına başlanan əbədi mübarizə

Veloyürüşçünün həyatı bahasına başlanan əbədi mübarizə

Olimpiya Oyunlarında iştirak edən danimarkalı veloyürüşçünün ölümü idman dünyasında stimullaşdırıcı preparatlara qarşı münasibəti dəyişdirdi. 1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında böyük bir faciə baş verdi. Bu hadisəyə qədər heç kim Knut Yenseni tanımırdı. O, 1936-cı ildə Danimarkanın Orxus şəhərində anadan olmuşdu. Məktəbi bitirdikdən sonra Kopenhagenə köçən Knut ikiqat Olimpiya çempionu olan Henri Hansenlə ailə qurmuşdu. Qısa müddət ərzində veloyürüşlərdə uğur qazanan Yensin yüksək nəticələr göstərərək milli komandanın heyətinə cəlb olunmuşdu. O, Danimarka milli komandasının heyətində Roma Olimpiadasına yollanmışdı. Həmin hadisə belə baş vermişdi.
O avqustun 26-da 100 km məsafəyə komanda yürüşlərində iştirak edir. Həmin gün hava çox qızmar idi. Yayılan məlumatlara görə tempratur 40 dərəcə selsini göstərirdi. Danimarka yığma komandasının heyətində çıxış edən veloyürüşçülər daha yaxşı nəticə ilə diqqət çəkirdilər. Məhz bu zaman danimarkalılar özlərini pis hiss etməyə başladılar. Reqlamentə görə yığma komandanın ən azı 3 iştirakçısı finişi keçməli idi. Finişə 20 km məsafə qalmış Knut Yensin özündə başgicəllənməsi hiss etdi. Bunu görən komanda yoldaşları Vaqn Banqsborq və Nins Baunse Yensenə hər iki tərəfdən yaxınlaşaraq onu əli ilə saxlamağa başladı. Finişə və medala az bir məsafə qalmışdı. Komanda yoldaşları Knudun başına su tökərək, onu danışdırmağa məcbur edirdilər. Lakin bu cəhd öz səmərəsini vermədi. Qəfildən o, huşunu itirib, isti asfalta yıxıldı. Müvazinətini itirərək yıxılan veloyürüşçü kəllə-beyin travması aldı. Təcili yardım avtomobili ilə zərəçəkənə yaxınlaşan həkimlər onu dərhal finişin yaxınlığında quraşdırılmış məntəqəyə çatdırdılar. Lakin həkimlərin onu həyata qaytarmaq səyi sonda uğursuzluqla nəticələndi. Danimarkalı idmançının ölüm səbəbi günvurma ilə əlaqələndirildi. Amma çoxları bu fikirlə razılaşmırdılar. Məlumat üçün bildirək ki, Yensin Olimpiya Oyunlarında iştirak edərək həyatını itirən ikinci idmançı kimi tarixdə yer alıb. Olimpiadanın ilk qurbanı portuqaliyalı marafonçu Fransisko Lazaro olub. O, 1912-ci ildə Stokholmda keçirilən Yay Olimpiya Oyunları zamanı həyatla vidalaşmışdı. Onun ölüm səbəbi isə bədəndəki yüksək hərarətlə əlaqələndirilmişdi. Lakin qeyd etdiyimiz kimi, danimarkalı idmançının ölüm səbəbi uzun müddət müzakirə obyektinə çevrildi. 23 yaşlı veloyürüşçünün ölüm səbəbi barəsində müxtəlif fikirlər irəli sürülmuşdü. O dövrdə mətbuatda belə bir xəbər yayılmışdı ki, ekspertiza zamanı Knudun qanında anfetamin maddəsi aşkar olunmuşdu. Həmin hadisəyə qədər anfetamindən istifadə idmançılar arasında geniş yayılmışdı və heç bir qadağa yox idi. Həmin vaxtı yığma komandanın baş məşqçisi olan Olof Yorgensen mətbuata verdiyi məlumatda bildirmişdi ki, yarışdan əvvəl heyətin üzvlərinə roniakol maddəsi verilmişdi ki, onların beyinində qan dövranı stabil olsun. Lakin sonradan məşqçi qeyd etdiyi fikirləri təkzib etmişdi. Hətta danimarkalı digər veloyürüşçülər də bu və ya digər maddədən istifadə etdiklərini danmışdılar. Təkcə ölüm səbəbini ən dəqiq versiyasını onun ailəsinə demişdilər.  Amma ictimaiyyət üçün həmin səbəbləri qapalı saxlamışdılar. Bu hal bir müddət davam etdi. Lakin KİV-ləri və idman ictimaiyyətini heç cür sakitləşdirmək olmurdu. Onlar əsl səbəbi araşdırmaq üçün müxtəlif yollara əl atmışdılar. Yekun nəticədə qərara alınmışdı ki, Yensen qadağan olunmuş pereparatdan istifadə etdiyi üçün həyatla vidalaşmışdı. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Yensinin ölümündən sonra dopinqə qarşı açıq müharibəyə başladı. Artıq 1968-ci ildə Meksikada keçirilən XIX Yay Olimpiya Oyunlarında idmançılar dopinq testindən keçməyə başladılar. Elə həmin olimpiadada ilk dopinq istifadəçisi aşkar olundu. Beləliklə, Yensinin ölümü ilə Beynəlxalq Olimpiya Hərəkatında dopində qarşı mübarizənin təməli qoyuldu.

 
Hazırladı: 
Anar Əhmədov

Veloyürüşçünün həyatı bahasına başlanan əbədi mübarizə