Noyabrın 21-dən 25-dək Rusiyanın Sankt-Peterburq şəhərində sambo üzrə XXXVII dünya çempionatı keçirilib. Sambo idman növünün yaranmasının 75 illik yubileyinə həsr olunmuş yarışda ümumilikdə 80 ölkədən 550-yə yaxın idmançı iştirak edib. Ölkəmiz dünya çempionatında Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov, baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunub. Beynəlxalq ekstra dərəcəli hakim Cabir İsmayılov isə yarışda ədaləti qoruyub. Çempionatın təntənəli açılış mərasimində ASF-nin prezidenti Ceyhun Məmmədov dünya rekordçusu və XX əsrin ən güclü samboçusu kimi Beynəlxalq Sambo Federasiyası tərəfindən qızıl medalla və bu idman növünün inkişafindakı xidmətlərinə görə "Sambonun 75 illiyi” ordeni ilə təltif olunub. Qeyd edək ki, Ceyhun Məmmədov 7 qat dünya, 6 qat Avropa çempionu, 2 qat dünya və SSRİ kubokunun qalibi, SSRİ Xalqları Spartakiadasının 2 qat çempionu, SSRİ-nin və Azərbaycan Respublikasının əməkdar idman ustası, "Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Avropa və beynəlxalq sambo federasiyalarının İcraiyyə Komitəsinin üzvüdür. Dünya çempionatının açılış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edərək, yarış iştirakçılarına uğurlar arzulayıb. Yarışların təltifolunma mərasimində Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov, Avropa və Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, Rusiya Federasiyasının idman naziri Vitali Mutko, Sank-Peterburq şəhərinin qubernartoru Georgi Poltavçenko və digər tanınmış idman xadimləri də iştirak ediblər.
Dünya çempionatında idmançılarımızdan 9-u idman sambosunda, 4-ü isə döyüş sambosunda mübarizə aparıb. 57 kq çəki dərəcəsində çıxış edən samboçumuz, milli komandanın kapitanı Avropa və dünya çempionu İslam Qasımov ("Neftçi” İSM) ilk iki görüşdə qalib gəlib. Növbəti mərhələdə Monqolustan idmançısı ilə qarşılaşan idmançımız gərgin keçən mübarizədə bütün imkalarını səfərbər edərək rəqibi ağrıdıcı fəndlə məğlub edib. O, finala çıxış uğrunda döyüşdə Belarus idmançısı İvan Anışkeviç ilə qarşılaşıb və uduzub. Qeyd edək ki, İslam indiyədək Avropa və dünya çempionatlarında bir neçə dəfə bu idmançını məğlub etsə də, hakimlərin qeyri-obyektivliyi nəticəsində rəqibinə məğlub olub. O, üçüncü yer uğrunda keçirilən görüşdə Ermənistan idmançısına tam üstünlüklə qalib gələrək bürünc medal qazanıb. Yığmamızın 62 kq çəki dərəcəsində çıxış edən üzvü Avropa çempionatının bürünc mükafatçısı Cavidan Qarayevin ("Neftçi” İSM) çəkisində 24 idmançı mübarizə aparıb. O, üç görüşdə qalib gələrək finala çıxış uğrunda döyüşdə daha təcrübəli Ukranya idmançısı Andrey Kaştanova azacıq üstünlüklə (1:1), texniki xalla məğlub oub. Samboçumuz üçüncü yer uğrunda qarşılaşmada dünya çempionatının gümüş mükafatçısı, Moldoviya idmançısı Nacu Oktavianini ağrıdıcı fəndlə məğlub edərək bürünc medal qazanıb.
74 kq çəki dərəcəsində iştirak edən Gəncə samboçusu Amil Qasımov üç görüşdə qalib gəlməsinə baxmayaraq, finala çıxış uğrunda mübarizədə Belarus idmançısı Avropa çempionu Stsiapan Papova məğlub olub. Üçüncü yer uğrunda görüşdə isə o, Gürcüstan idmançısına uduzaraq 5-ci olub. Döyüş sambosu üzrə 68 kq çəki dərəcəsində çıxış edən Ülvi Fərhadzadə iki görüşdə qalib gəlib. İdmançımız üçünçü yer uğrunda qarşılaşmada Monqolustan idmançısına məğlub olaraq V yerə çıxıb. İkinci dəfədir ki dünya çempionatinda iştirak edən Elvar Osmanov (52 kq) döyüş sambosu üzrə yarışlarda qüvvəsini sınayıb. O, bu yarışda 4 görüş keçirərək 5-ci olub. Milli komandamız mötəbər yarışda komanda hesabında idman sambosu üzrə 9-cu yerə çıxıb.