Noyabrın 24-28-də Türkiyənin Antalya şəhərində Beynəlxalq Universal Döyüş Federasiyasına prezident seçkiləri keçirilib.
Olimpnews.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən namizədliyi irəli sürülən Azər Həsənov növbəti dörd il müddətinə Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Yeni vəzifəsi ilə bağlı açıqlama verən Azər Həsənov bildirib ki, universal döyüş idman növü hazırda 53 ölkədə fəaliyyət göstərir. Onun sözlərinə görə, federasiyanın rəhbərliyinə seçilməsi ölkəmizdə idman sahəsində görülən işlərin, həmçinin Azərbaycan Respublikasının Prezidentinin uğurlu daxili və xarici siyasətinin növbəti bariz nümunəsidir.
Qeyd edilib ki, Beynəlxalq Universal Döyüş Federasiyası 17 nəfərdən ibarət İcraiyyə Komitəsi tərəfindən idarə olunur.
Xatırladaq ki, universal döyüş idman növü Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təmsilçilərimiz bu idman növü üzrə 2003-cü ildən etibarən beynəlxalq yarışlarda təmsil olunurlar. 2006-cı ildə ölkəmizdə universal döyüş üzrə dünya çempionatı, 2010-cu ildə isə Avropa çempionatı uğurla keçirilib.
2004-cü ildən etibarən isə ölkımizdə ümummilli liderin xatirəsinə həsr olunmuş beynəlxalq turnir ənənəvi şəkildə təşkil olunur.
Məlumat üçün bildirək ki, universal döyüş gənclərin hərbi xidmətədək dövrdə hərtərəfli fiziki və taktiki hazırlığını təmin edən kompleks idman növüdür. Yarışlar iki mərhələdən – rəqiblə döyüş və maneələr zolağından ibarətdir. Maneələr zolağına 2 metrlik hündürlük baryeri, 5 metr uzunluğunda qum tuneli, 10 metrlik məsafədən pnevmatik silahla atəş, 3 metrdən hədəfə bıçaq atma, 6 metrlik tor maneəsinə dırmanma və kanatla enmə daxildir.
Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib


