Gənclərimizin milli ruhda tərbiyəsi milli-mənəvi dəyərlərimizə əsaslanır

Gənclərimizin milli ruhda tərbiyəsi milli-mənəvi dəyərlərimizə əsaslanır

Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onun inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Xalqımız şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişdir. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Səmədağa Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur həmvətənlərimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunələrinin ön plana keçməsi hərbi vətənpərvərlik tərbiyəsi işində mühüm rol oynayır.

Respublikamızın ümumtəhsil, orta ixtisas və ali məktəblərində tədris olunan təbiət və cəmiyyət elmlərinin, humanitar fənlərin, ümumilikdə bütün fənlərin gənclərə hərbi-vətənpərvərlik hissləri aşılamaq üçün çox böyük imkanları vardır və bu imkanlardan geniş şəkildə istifadə olunur.
Bu gün müstəqil respublikamızın inkişafı, ilk növbədə, böyüyən nəslin təlim-tərbiyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Uşaqların bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Uşaqlar bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədə alırlar. Burada onlar əxlaqi-mənəvi keyfiyyətləri, fiziki möhkəmliyi, əmək vərdişlərini, davranış qaydalarını, bədii-estetik duyumu və s. kimi keyfiyyətləri qazanırlar.
Tərbiyənin əsas məqsədi kamil şəxsiyyət, insan, vətəndaş yetişdirməkdir. Vətəndaş tərbiyə etmək mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini gözləyən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan insan yetişdirmək deməkdir.
İnsan fərd kimi doğulub, vətəndaş kimi fəaliyyət göstərərək tərbiyə-təhsil, əmək prosesində vətəndaş hazırlığı keçir. Əsl vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur. Vətəndaşlıq tərbiyəsinin mənbəyi, qeyd etdiyimiz kimi, ailədir. Təcrübə göstərir ki, ailədə vətəndaşlıq tərbiyəsi yalnız özbaşına axınla, kor-koranə deyil, planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Onlar davranış qaydalarını, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini bilməli, vətəni sevməlidirlər. Uşaqlar işə şüurlu yanaşmalı, ideyaca savadlı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, pis əmllərlə barışmamalıdır. Uşaqların mənəvi tərbiyəsini qiymətləndirmək üçün onlara yaxşını pisdən ayırmaq, həqiqətə, ədalətə, böyüklərə, ailə üzvlərinə hörmət etmək kimi insani keyfiyyətlər aşılanmalıdır. Onların davranış xüsusiyyətləri uyğun qiymətləndirilməli və qarşılıqlı əlaqə təmin olunmalıdır. Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu inkişaf etdikcə vətənpərvərlik tərbiyəsinə, o cümlədən böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Böyük Atatürk deyirdi ki, sülh istəyən xalq hərbə hazır olmalıdır. Bu, çox dəyərli kəlamdır. Azərbaycan xalqı müharibəni arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Hərbi-vətənpərvərlik ruhunda tərbiyəsini, sadəcə, "quru” sözlərlə, nəsihətlərlə də məhdudlaşdırmaq olmaz. Bu sahədə müvəffəqiyyət əldə etmək üçün məktəblər də, hər şeydən əvvəl, öz işini düzgün planlaşdırmalı, il ərzində görəcəyi işləri müəyyənləşdirməlidir. Bu zaman tədbirlər arasında yaradılacaq əlaqə nəzərə alınmalı, işin təşkili əsaslandırılmalıdır.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan ulu öndər, gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Heydər Əliyev bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidirlər. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.
Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə biz müəllimlərə tövsiyə edirdi. Təhsil işçiləri ilə çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin”.
Müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Respublikanın əksər gəncləri vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür, onun qorunmasında və milli dövlətçilik quruculuğunda fəal iştirak edirlər. Vətənin taleyinin təhlükə altında olduğu bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılmalıdır.
Vətənə məhəbbət hissi gənclərin dövlət dilinə, milli musiqiyə, folklora, mənsub olduğu dini dəyərlərə, tarixi ənənələrə bağlılığında, ölkə ərazisinin bütövlüyünün qorunmasına hazır olduğunu əməli işlə sübut etməyində öz təzahürünü tapmalıdır. Vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, dövlət quruculuğunda fəal iştirak etməsi, yüksək peşəkarlığa, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi, onunla məşğul olması və təşəbbüskarlığı da vacibdir. Vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır.
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətənin naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi, tərbiyəyə möhtacdır və o, tərbiyə yolu ilə daha da möhkəmlənir, güclənir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəblərin ən vacib vəzifələrindən olub.
Gənclərə hərbi-vətənpərvərlik tərbiyəsini o zaman daha yaxşı aşılamaq mümkündür ki, orta məktəbin X-XI siniflərində oxuyan şagirdlərə və ali məktəbdə təhsil alan tələbə-gənclərə ayrı-ayrı fənləri və ixtisas kurslarını tədris edərkən hərbi məzmunlu biliklər də verilsin. Sovet İttifaqı dövründə mövcud dərsliklərdə, dərs vəsaitlərində və metodik ədəbiyyatda hərbi-vətənpərvərlik hissləri aşılayan məlumatlar və hərbi məzmunlu biliklərə az yer ayrılırdı. Əslində, bu, şüurlu surətdə edilirdi ki, gənclər vətənpərvərlik duyğularından, milli hisslərdən məhrum olsunlar.
Müstəqilliyini bərpa etmiş dövlətimizin ideologiyasının, həmçinin azərbaycançılıq və yurdsevərlik ideyalarının gənclər arasında təbliğ olunmasına böyük ehtiyac var. Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək təhsilimizin qarşısında böyük vəzifələr qoyur. Bununla belə, dövlətçilik, vətəndaşlıq təkcə orta məktəb dərsliklərində və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil. Onlar bütün sahələrdə təbliğ edilməli, sevgi və ehtiram hədəfinə çevrilməlidir. Bu baxımdan, təbliğatın uğurlu və təsirli olmasında televiziyanın yeri və xidməti əvəzolunmazdır.
Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin səmərəliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyə işinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji məsələdir.


Müstəqilliyimiz dövründə
tələbə gənclərin hərbi-vətənpərvərlik ruhunda
tərbiyəsinə xüsusi diqqət verilir

İnsanın vətənpərvərlik hissinə malik olması onun ən ali əxlaqi-mənəvi məziyyətləri sırasında birincilərdən hesab olunur. Çünki vətənpərvərlik dedikdə onun əsas komponentləri - doğulduğun torpağı, yaşadığın ölkəni sevmək, onun uğrunda çalışmaq, ona əməlləri ilə faydalı olmaq, onu qorumaq kimi keyfiyyətlərlə yanaşı, insanın ləyaqətlilik, əqidəlilik, vicdanlıq, sədaqətlilik əlamətləri də başa düşülür. Vətənin qədrini bilməli, çətinliklərinə dözməliyik. Ata-babalarımız təsadüfən deməyiblər ki, "Torpağı qoruyarsan Vətən olar, qorumazsan kəfən”. Vətən sevgisi, Vətənə sədaqət, onun çiçəklənməsi üçün çalışmağa hazır olmaq ən çətin anlarda belə, adamların qüvvələrini vahid məqsəd üçün - Vətənin azadlığı, xilası naminə səfərbər edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərlə keçirilən görüşdə demişdir: "Gənc nəslin şüurunda milli vətənpərvərlik ideyasını, vətənimiz üçün iftixar hissini möhkəmləndirmək, müstəqil respublikamızın müdafiəsinə qalxmaq əzmi tərbiyə etmək lazımdır. Bu mühüm məsələnin uğurlu həllində hərbi-fiziki hərəkət və oyunların hər vasitə ilə inkişaf etdirilməsi vacibdir. Hərbi-vətənpərvərlik tərbiyəsinin oğlan və qızların fiziki cəhətdən möhkəmlənməsində, onların fəal həyat mövqeyinin, əxlaqi-iradi keyfiyyətlərinin formalaşmasında, gənc nəslin əməyə və Vətənin müdafiəsinə hazırlanmasında böyük rolu vardır”.
Gənc nəslin hərbi-fiziki tərbiyəsi həmişə aktual məsələ olmuşdur. Bunsuz xalqın milli yaddaşını bərpa və inkişaf etdirmək qeyri-mümkündür. Müharibə şəraitində olan ölkəmizdə böyüməkdə olan nəslin hərbi-fiziki tərbiyəsi aktuallıq nöqteyi-nəzərdən müstəsna əhəmiyyət kəsb edir. İndi elə nəsil tərbiyə etmək lazımdır ki, o, əzabla əldə edilmiş istiqlaliyyəti qorumaq və inkişaf etdirmək arzusu ilə yaşasın.
Fikrimizcə, tələbə gənclərə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması diqqət mərkəzində olmalıdır. Hərbi-fiziki tərbiyənin aktual məsələlərindən birini müstəqil Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılamaq təşkil edir.
Sovet dövründə Azərbaycanda tərbiyə və təhsil sosialist istiqamətli quruluşun siyasi inhisar dairəsində olduğundan, onun bütün sahələri, o cümlədən hərbi-fiziki tərbiyəsi sovet vətənpərvərliyi mahiyyəti daşıyırdı.
Müstəqil dövlət quruculuğu prosesində isə hərbi-fiziki tərbiyə milli xarakter daşıyır və onun indiki elmi-nəzəri əsasları milli mənlik tərbiyəsinin mühüm əsasını təşkil edir. Bunun üçün aşağıda qeyd olunan şərtlərə əməl olunması vacibdir:

- hərbi-fiziki hərəkət və oyunlarda gənclərin fəal iştirakını təmn etmək;
- Milli qəhrəmanların həyatı ilə bağlı fotostendlər yaratmaq, təşkilat və tədris ocaqları qarşısında onlara abidə ucaltmaq, adlarına turnirlər keçirmək;
- tələbələrin hərbi-fiziki tərbiyəsində idman klublarından geniş istifadə etmək. Onların nəzdində hərbi-fiziki hərəkət və oyun növləri üzrə dərnəklər təşkil etmək;
- dərsliklərdə hərbi quruculuq sahəsində gənc nəslin fəaliyyətini işıqlandırımaq;
- hərbi sərkərdələr haqqında oçerklərin verilməsi və kinofilmlərin nümayişi, xalqımızın qəhrəmanlarını tərənnüm edən sənədli filmlərin çəkilməsi; müharibədə həlak olmuş hərbçilərin ailələrinə döyüş şöhrəti abidələrinə tələbələrin hamiliyini təşkil etmək;
-milli ordumuzun yaranması gününü məktəblərdə və müxtəlif təşkilatlarda təntənəli şəkildə qeyd etmək;
- gənclərin milli qəhrəmanlarla görüşlərini təşkil etmək vətənpərvərlik tərbiyəsində yüksək əhəmiyyət kəsb edir;
- hərbi-fiziki hərəkət və oyunlarını tədqiq etmək, onları toplamaq, sistemləşdirmək, müxtəlif növlərini səciyyələndirmək, onların mahiyyəti və məzmununu açmaqla gənc nəslin hərbi-fiziki tərbiyəsinin inkişafına nail olmaq;
-hərbi-fiziki hərəkət və oyunların əməli növlərinin inkişaf yollarını və amillərini, onların milli mahiyyətini aşkara çıxarmaq;
-hərbi-fiziki tərbiyənin tarixi mahiyyətini göstərmək, onun məzmununu, məqsəd və vəzifələrini müəyyənləşdirmək;
Hazırkı dövrdə, etiraf etmək lazımdır ki, hərbi-fiziki hərəkət və oyun növlərinin daha da inkişaf etdirilməsi, gənclərin hərbi-fiziki hazırlığı, texniki idman növlərinin inkişafında hələ bir çox mürəkkəb problemlər qalmaqdadır. Həmin problemlərin həlli, mövcud nöqsanların aradan qaldırılması gənclərin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsinin səmərəliliyinin yüksəldilməsinə kömək edərdi. Lakin bu problemləri yalnız bütün əlaqədar ictimai təşkilatların, nazirliklərin və idarələrin birgə səyi ilə həll etmək mümkündür. Etiraf etmək lazımdır ki, idmanın texniki və hərbi-tətbiqi növləri ilə məktəblilərin hələlik ancaq az bir hissəsi məşğul olur. Doğrudur, bir sıra kollektivlərdə və məktəblərdə idmanın bu növləri üzrə yarışlar təşkil edilir.
Respublikamızda hərbi-fiziki hərəkətlər və oyunların nüfuz və əhəmiyyətini nəzərə alaraq. yaxşı olardı ki, müvafiq elmi-tədqiqat, tibb və idman təşkilatlarının diqqəti bu məsələyə cəlb edilsin. Orduya gedən hər bir çağırışçı silahdan istifadə etməyi bacarmalıdır. Respublikamızın məktəblərində, ali tədris ocaqlarında hərbi fənn üzrə keçirilən dərslərin səviyyəsi yüksəldilməlidir.
Azərbaycan xalqının milli suverenliyi təmin edildiyi vaxtdan indiyədək keçdiyimiz ağrılı-acılı yolda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələrinin vətənpərvərlik təşəbbüsünü təqdirəlayiq hesab etmək olar. Akademiyamızda aparılan ictimai-faydalı işlər nəticə etibarilə tələbələrdə zəhmətsevərlik, vətənpərvərlik və həyatda öz yerini tutmaq kimi keyfiyyətlər tərbiyə edir.
Azərbaycan xalqının üzləşdiyi faciələr, elan olunmamış müharibə AzDBTİA-nın tələbələrini də Vətənin müdafiəsi üçün ayağa qaldırdı. Müharibənin ilk günlərindən akademiyamızın nəzdində yaradılmış "Qarabağ” qərargahına tələbələrimizdən 200-dən artıq ərizə daxil olmuşdu. Dağlıq Qarabağda, eləcə də sərhəd rayonlarında erməni quldur dəstələrinin törətdiyi cinayətlərə dözməyən tələbələrimiz könüllü olaraq cəbhəyə yollandılar. Tələbə döyüşçülərimiz cəbhələrdə böyük igidlik və şücaət göstəriblər. Təkcə Laçın rayonunun müdafiəsində AzDBTİA-nın 30-dan artıq tələbəsi vuruşurdu. Tələbələrimizin döyüş nöqtələrində göstərdikləri şücaətlərinə görə hərbi hissələrin komandirləri tərəfindən rektorluğun adına çoxlu teleqram və məktublar daxil olmuşdur. Qarabağda və Ermənistanın həmsərhəd rayonlarında vuruşan tələbələrimizlə əlaqəmiz mümkün olsun deyə akademiyada qərargah yaradılmışdı. Qərargaha rəhbərlik mənə həvalə olunmuşdu.
Vətənin müdafiəsi yolunda yaralanan tələbə və məzunlarımızdan Allahverdi Əliyev, Şakir Əhmədov, Qafqaz Əhmədov, Şünasi Babayev, Rafiq Zülfüqarov, Sərvər Mövsümov, Şahin Quliyev, Böyükkişi Atakişiyev, Baba Babayev, Şaiq Hüseynov və başqaları müalicə olunub sağaldıqdan sonra əksəriyyəti yenidən cəbhəyə qayıtmışdılar.
Qarabağın dağlıq hissəsində baş verən döyüşlərdə igidlik, şücaət və vətənpərvərlik göstərdiklərinə görə iki məzunumuz Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür, 26 tələbəmiz və məzunumuz torpaq uğrunda şəhid olmuşdur.
Qeyd etdiyimiz kimi, müharibənin ilk günlərindən AzDBTİA-nın kollektivi xalqımızın bu faciəsinə biganə qalmamışdır. 1989-cu ildə Bərdə şəhərində 25 tələbədən ibarət dəstə müxtəlif sahələrdə işləmiş və əldə etdikləri 30 min manatlıq gəliri Ermənistandan qovulmuş köçkünlərin yardım fonduna köçürmüşdür. Həmin dövrdə ermənilər tərəfindən işğal olunmuş və cəbhə xəttinə yaxın olan rayonların başqa yerə köçürülən əhalisi üçün çox ağır vəziyyət yaranmışdı. Minlərlə adamı yeni rayonlarda yerləşdirmək, onları ərzaq, yanacaq və işlə təmin etmək lazım idi. AzDBTİA-nın kollektivi bu məsələdə də fəallıq göstərmişdir. Belə ki, akademiyanın 9 mərtəbəli yataqxanası Füzuli və Kəlbəcər köçkünlərinin xidmətinə verilib. Habelə akademiyanın tələbələri M.Mirqasımov adına 1 nömrəli respublika klinik xəstəxanasından 31 nəfər kimsəsiz uşağın, Göz Xəstəlikləri İnstitutundan isə 7 xəstənin müalicəsini öz üzərlərinə götürüb, Kəlbəcərdəki yerli batalyona 37 min manatlıq yardım edib. Akademiyanın nəzdində yaradılmış "Qarabağ” qərargahı heyətinin təşəbbüsü ilə 1990-1992-ci illərdə bir qrup tələbə üç ay ərzində Xocalı, Şuşa, Ağdam və başqa rayonların məktəblərində bədən tərbiyəsi müəllimlərinə kömək edib. Tələbələrimiz Bakı şəhərinin 196 nömrəli qanköçürmə məntəqəsində və süd kombinatında təşkil edilən aksiya zamanı yaralılar üçün qan veriblər.
Unutmaq olmaz ki, müharibə zamanı ön cəbhə ilə arxa cəbhənin vəhdəti, xalqın öz xilaskarına maddi və mənəvi yardımı böyük qələbənin qazanılmasında mühüm rol oynayır. Bu, akademiyanın professor-müəllim heyəti və tələbələrimizin əsas işlərindən birinə çevrilmişdi.
'
Dilqəm Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.