2012-ci il ölkəmizin tarixində idman, Olimpiya Hərəkatı sahəsində baş verən maraqlı, uğurlu hadisələrlə yanaşı, həm də «İdman ili» kimi də yadda qaldı. İdman federasiyaları, cəmiyyətlər, idmançılar, mütəxəssislər bu ildə də böyuk uğurlar əldə edərək, dünya arenalarında ölkəmizin idman şərəfini ləyaqətlə qorudular. London-2012 Olimpiadasında Azərbaycan atletlərinin qazandıqları böyük qələbə isə bu uğurlar içərisində həm əhatə dairəsinə, həm də keyfiyyətinə görə böyük tarixi əhəmiyyətə malikdir. İdman tariximizin şanlı, qızıl səhfələrindən biri olan «İdman ili»ndə qazanılan bu uğurlar haqqında zaman-zaman təhlillər, araşdırmalar aparılacaq, atletlərimizin bu qələbələri barədə çoxsaylı kitablar yazılacaqdır. Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, millət vəkili, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Abiyevlə görüşüb, onun «İdman ili»ndəki uğurlarımız, eyni zamanda boksçularımızın qazandıqları nailiyyətlər barədə «Olimpə doğru» jurnalının oxucuları üçün fikirlərini öyrəndik.
- Ağacan müəllim, 2012-ci il ölkənin idman ictimaiyyəti üçün hansı hadisələrlə yadda qaldı? - Bu il Azərbaycan idmanı üçün gərgin il olsa da, bir sıra nailiyyətlərlə yadda qaldı. İdmançılarımız başqa illərlə müqayisədə London-2012 Olimpiya oyunlarında daha çox - 10 medal qazandılar. Atletlərimiz Azərbaycan xalqının, ölkə rəhbərinin onlara göstərdikləri etimadı doğrultdular və «Dumanlı Albion»dan vətənə daha çox medallarla qayıtdılar. Bu Olimpiadada qazanılan medallarla bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan nüfuzlu idman ölkəsidir və bu sahədə qazanılan uğurlar bundan sonra da davam edəcəkdir. XXX Yay Olimpiadası həm də buna görə də bizim idmançılar üçün digər olimpiadalardan daha uğurlu və yaddaqalan oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ötən ilin ölkəmizdə «İdman ili» elan olunması isə bu böyük qələbələrin qazanılmasına əhəmiyyətli dərəcədə təkan və stimul verərək, 2012-ci ilin ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmasını təmin etdi.
- London-2012 Yay Olimpiya Oyunlarında boksçularımızın çıxışlarını necə qiymətləndirirsiniz? - Azərbaycan boksçuları London-2012 Olimpiya oyunlarında 8 boksçu ilə təmsil olunurdu. Boksçularımız bu yarışlarda onlara qarşı göstərilən təzyiqlərə baxmayaraq 2 bürünc medal əldə etdilər. Əslində, mən bürünc medalın birini gümüşə bərabər hesab edirəm. Siz də bilirsiniz ki, boksçumuz Teymur Məmmədova qarşı çox böyük haqsızlıq edildi. Teymur 1-ci və 2-ci raundda böyük üstünlüklə qalib gəldi, amma ona 3 xal verdilər. Bu ədalətsizliyi davam etdirərək, 3-cü raund da bərabər keçən döyüşdə hakimlər 5 xalı birdən-birə rəqibə verdilər. Hesab edirəm ki, bu ədalətsizlikdir və heç bir çərçivəyə sığmır.
- Siz Azərbaycan Boks Federasiyasının rəsmisi kimi Teymurun işi ilə bağlı AİBA-ya etiraz etdinizmi?
- Boksda etirazlara cox nadir hallarda baxılır. Məsələn, mən 2004-cü ildə Afinada keçirilən XXVIII Yay Olimpiadasında baş hakim idim. Yarışlarda ədalətsizliklə bağlı heç bir etiraz qeydə alınmadı. Pekin-2008 Olimpiadasında isə cəmi iki etiraz oldu. Təsəvvür edin, London-2012 Yay Olimpiya Oyunlarının boks yarışlarında isə ümumilikdə 26 etiraz qeydə alındı.
- Bu məsələ ilə bağlı Bi-bi-si telekanalının yaydığı məlumat barədə nə deyə bilərsiniz?
- Bu, tamamilə yanlış məlumat idi. Belə bir şey ola bilməzdi. Azərbaycan boksçuları qitə və Avropa çempionatlarında, Olimpiya oyunlarında həmişə öz sözlərini deyiblər. Bilirsiniz ki, 2007-ci ildə boks üzrə dünya çempionatı ilk dəfə Bakıda keçirildi. Bu yarışda Azərbaycanın yeniyetmələrdən ibarət komandası 1-ci yeri tutdu. Sonra 2009-cu ildə AİBA-nın prezidentinin şərəfinə keçirilən kubokda bizim bir boksçumuz qızıl, iki idmançımız isə bürünc medal qazandı. 2010-cu ildə təşkil edilən Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı paytaxtımızda yüksək səviyyədə keçirildi. Bu yarışda bizim iki boksçumuz qızıl, bir boksçumuz isə bürünc medala layiq görüldü. Sevindirici haldır ki, dünya çempionatında medal alan boksçularımızdan ikisi Sinqapurdan vətənə gümüş medalla qayıtdılar.
Ölkəmiz boks üzrə ən böyük miqyaslı yarışa 2011-ci ildə ev sahibliyi etdi. Lisenziya xarakterli dünya çempionatında 113 ölkədən 596 nəfər boksçu iştirak edirdi. Azərbaycan boksçuları bu dəfə də ənənəyə sadiq qalaraq 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandılar. Nəticədə, idmançılarımız Kuba boksçularından sonra yarışı ikinci yerdə başa vurdular. Biz hətta güclü boks məktəbi olan qonşu Rusiyadan da öndə olduq. Bu, çox böyük nəticədir. Sonra yaşlılardan ibarət komandamız Türkiyənin Ankara şəhərində keçirilən Avropa çempionatında ilk dəfə olaraq 2 qızıl, 1 bürünc medal qazandılar və biz komanda hesabında ikinci yeri tutduq. Təsəvvür edin, bu vaxta qədər Avropa çempionatında 2 qızıl medal hələ qazanılmamışdı. Ölkəmizdə bütün sahələrə olduğu kimi, idmana da ölkə rəhbərliyi tərəfindən yük¬sək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan boksunda qazanılan nailiyyətləri, əldə olunan uğurları federasiya rəhbərliyi tərəfindən aparılan məqsədyönlü fəaliyyətin nəticəsi kimi qiymətləndirmək olar. Diqqət, qayğı və məsuliyyət olan yerdə irəliləyiş də var, nailiyyət də, medal da.
- Ağacan müəllim, London-2012-də boksçularımızdan neçə medal gözləyirdiniz?
- Düzünü deyim ki, bu olimpiadada boksçularımızdan 2-3 medal gözləyirdim. Bilirsiniz, qələbə üçün sona qədər getmək lazımdır. Boksçularımız öz üzərində çox işləməlidirlər, psixoloji cəhətdən döyüşə hazır olmalıdırlar. Bunsuz qələbə mümkün deyil. Baxırsan, texnika var, taktika var, amma sonda nəticə zəifdir. Nəsə çatışmır. Dözümlü, səbrli olmalı, çox işləməli və döyüşə psixoloji cəhətdən hazır olmalısan. Təbii ki, hər bir işdə bütövlük, tamlıq olduğu kimi, idmanda da bu, vacib amildir.
- Ağacan müəllim, peşəkar boks mütə¬xəssisi kimi gənc rinq ustalarımız barədə nə deyə bilərsiniz?
- Gənc nəsil yetişir, gənc boksçular püxtə¬ləşirlər. Təsadüfi deyildir ki, yeniyetmə boksçularımızdan ibarət komandamız 2009 və 2011-ci illərdə keçirilən Avropa çempionatında bütün rəqiblərinə qalib gələrək yalnız Rusiya komandasına uduzdular. Fərəhli haldır ki, Azərbaycan təmsilçiləri mötəbər tədbirlərdə Almaniya, Fransa, Ukrayna, Belarus kimi güclü ölkələri geridə qoyaraq mükafata layiq yerləri tuturlar. Biz bu gün qürur hissi keçiririk ki, Azərbaycanın yaşlılardan və gənclərdən ibarət boks komandası Avropada ikinci yeri tutur.
- Olimpiya oyunlarında qaydalarda dəyi¬şiklik edilmişdi?
- Qaydalarda heç bir dəyişiklik yox idi. Amma nə qədər acı olsa da, London-2012 Yay Olimpiya Oyunlarının boks yarışlarında haqsızlıqlar oldu. Hələ 2005-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (BOK) AİBA-nın qarşısında məsələ qaldırmışdı: əgər boks yarşlarında şəffaflığa əməl olunmasa, boks idman növü Olimpiya oyunlarının proqramından çıxarılacaq. Yeni qaydalara görə idmançıya döyüş gedə-gedə xal verilir və tamaşaçı kimə xal verildiyini bilmir. Bu, bir az qəliz məsələdir. Elə bunun nəticəsidir ki, boksla bağlı etirazlar daha çoxdur və bununla bağlı BOK-a dəfələrlə etirazlar edilib.
Məsələn, ABŞ-ın kişilərdən ibarət boks yığması bu olimpiadada heç bir medal qazana bilmədi. Bu, tarixdə görünməmiş hadisədir. Adətən, amerikalı boksçular yarışlarda uğurla çıxış edirlər və heç vaxt medalsız qalmırlar. Sonra Fransa, Almaniya boks yığmaları da London-2012 Olimpiadasında yarışı medalsız başa vurdular. Axı adıçəkilən ölkələr dünyanın aparıcı boks ölkələridir. Afrika təmsilçilərindən də medal qazanan olmadı. Təsəvvür edin ki, Kanada, Argentina, Braziliya kimi güclü boks məktəbinə malik olan ölkələr də kənarda qaldı.
- Yeri gəlmişkən, Ermənistanda keçirilən dünya çempionatında gənc boksçularımızın çıxışlarını necə qiymətləndirirsiniz?
- Ölkəmiz Ermənistanla müharibə şərai¬tindədir. Təbii ki, bu da istər-istəməz idmançılarımızın çıxışlarına öz təsirini göstərir. Buna görədə boksçumuz Pərviz Bağırovun qazandığı bürünc medalı yüksək qiymətləndirirəm. Eyni zamanda bu cempionatda ona qarşı haqsızlıq edildiyini də vurgulamaq istəyirəm.
- 2012-ci il Azərbaycan Boks Federasiyası üçün necə yadda qaldı?
- Federasiyanın məqsədyönlü fəaliyyəti nəticəsində uğurlarımız, nailiyyətlərimiz çoxdur. Fərəhli haldır ki, Azərbaycan Boks Federasiyasının rəhbərliyi tərəfindən Qəbələdə güclü təlim-məşq bazası ilə yanaşı, Sumqayıt, Dəvəçi, Gəncə, Şəmkir, Astara, Lənkəran və Şirvanda da boksçularımız üçün ideal şərait yaradılıb. Paytaxt idmançıları isə öz ustalıqlarını «Neftçi»nin və «Rabitə» İK-nın məşq zalında artırırlar.
- Ağacan müəlləm, rəhbərlik etdiyiniz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası da «İdman ili»ndə uğurlar əldə edib. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı.
- 2012-ci il əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri spartakiadalarda yaxşı nailiyyətlər qazanıblar. Bakıda tələbələr arasında keçirilən ilk dünya çempionatında Azərbaycan boksçuları 5 qızıl medalla birinci yeri tutdular. Tələbələrimiz idmanın boks, güləş, cüdo, sambo, basketbol, voleybol, futbol növlərində qüvvələrini sınadılar. Bu nailiyyəti London-2012 Olimpiadasından sonra qələbələrin davamı kimi də qiymətləndirmək olar.