Bu sözlər gənc, olduqca istedadlı pianoçu - Həsənov Kamil Sənan oğluna aiddir. 16 yaşlı Kamil beynəlxalq yarışların mükafatçısı, qalibi olub. O, 1996-cı ildə İmişli rayonunda doğulub. Ailənin kiçik övladıdır.
Özündən böyük olan bir qardaşı var. Hələ kiçik yaşlarından öz yaşıdları arasında fərqlənən bu gəncin qeyri-adi istedada malik olduğunu ilk dəfə yaxın qonşuları hiss edib. O, kiçik yaşlı Kamilin pianoda yaxşı çalmasına, yüksək musiqi duyumuna sahib olmasına biganə qala bilməyib. Özünü musiqisiz, pianosuz təsəvvür etməyən Kamil musiqini həyatının mənası, ömrünün bəzəyi hesab edir. O, həm də idmana böyük maraq göstərir. Redaksiyamızın qonağı olan istedadlı pionoçu ilə səmimi söhbətimizi oxucularımızla da bölüşürük.
- Kamil, redaksiyamıza qazandığın diplomlar, medal və mükafatlarla gəlmisən. Bu nailiyyətlərin kökündə əlbəttə ki, Tanrının sənə bəxş etdiyi istedad dayanır. Maraqlıdır, pianonun ecazkar səsi ilə ilk dəfə nə vaxt, harada tanış olmusan?
- Uşaq vaxtı çox dəcəl idim. Tez-tez qonşuya qaçıb orada piano çalırdım. Əvvəllər düşünüblər ki, dəcəllik edirəm. Axı dəcəl uşaqlar hər maraqlı obyekti kəşf etməyi xoşlayırlar. Lakin zaman keçdikcə pianodan soyumaq yerinə ona daha da çox bağlanmışam. Qonşumuz Vüsal mənə qarmonda mahnılar ifa etməyi öyrədirdi. Mən də öyrədilənləri həvəslə, qısa zamanda qavrayırdım. Sonra mənə balaca sintizator aldılar ki, evdə sintizatorda çalım.
- Bəs, musiqi məktəbinə neçə yaşında getmisən?
- Musiqi məktəbinə 6 yaşımda getmişəm. Hazırda Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində fortopiano ixtisası üzrə 11-ci sinifdə oxuyuram. Eyni zamanda Məzahir Rüstəmov adına 32 saylı orta məktəbin 11-ci sinfində təhsil alıram.
- Kamil, səndə musiqiyə olan bu həvəs yəqin ki, təsadüfü deyil. Ailənizdə musiqi ilə məşğul olan varmı?
- Doğrudur, musiqiyə olan məhəbbətim təsadüfü deyil. Əmim Vaqif Həsənov tar ifaçısıdır. Atam isə qitarada çala bilir. İstadadlı insanların əksəriyyəti ailə üzvlərinin xüsiyyətlərini daşıyırlar. Bu, təbiidir.
- Deməli, ən böyük mənəvi dəstəyi atandan və əmindən alırsan...
- Musiqi ilə məşğul olmağımı onlar məndən də çox istəyirlər. Ən çox da atam mənə dayaq olur. Sevinirəm ki, musiqini duyan, sevən və bu sehirli aləmdən xəbərdar olan ailə üzvlərim var. - Doğrudur, bu xoşbəxtlik hamıya nəsib olmur. Bəzi valideynlər övladlarının istedadını boğaraq onlara mənəvi zərbə vururlar. Bu isə uşaqların gələcək həyatlarına kölgə salır.Əgər valideyinlərim mənə dəstəkolmasaydılar bu gün qazandığım uğurlarım da olmazdı.
- Yeri gəlmişkən, ən böyük uğurunu necə xatırlayırsan?
- Mənim üçün ən uğurlu gün- 2010-cu ildə Prezident təqaüdünə layiq görüldüyüm gün olub. Bu, hər bir musiqiçi üçün böyük uğurdur. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm.
- Kamil, təqaüdə layiq görülmək sən yaşda tələbə üçün yəqin ki, asan başa gəlməyib...
- Doğrudur, qazandığım nailiyyətlərə görə təqaüdə layiq görülmüşəm. İlk uğurumu 2007-ci ildə "Gənc Pianoçuların IV Bakı Müsabiqəsi”ndə yer tutmaqla qazanmışam. Daha sonra Ukraynada keçirilən "Azərbaycan-Rusiya Mədəniyyətlərarası Dostluq Festivalı”nda I yerə layiq görülmüşəm. O zaman mənim 11 yaşım var idi. Beynəlxalq festivallarda ölkəmizi layiqincə təmsil etmək mənə daha böyük fərəh hissi bəxş edir. Bundan başqa, 2009-cu ildə Gürcüstanda keçirilən pianoçuların beynəlxalq müsabiqəsində mükafatalayiq yer qazanmışam. Çoxsayda fəxri fərmanlar və medallarla təltif olunmuşam. Macarıstanda keçirilən gənc pianoçuların XIV beynəlxalq festivalında ansamblla ifama görə birinçi yerə layiq görülmüşəm və qızıl medal qazanmışam.
- Maraqlıdır, çıxış etdiyin festivallarda sənə ən çox hansı bəstəkarların əsərləri uğur gətirib ?
- Ən çox İ. S. Baxın, Qara Qarayevin və Şopenin əsərlərindən bəhrələnmişəm və bu əsərlər mənə uğur qazandırıb. Bunlardan başqa dahi bəstəkarımız Üzeyir Hacıbəyovun, Tofiq Quliyevin əsərlərini də sevə-sevə ifa edirəm.
- Kamil, bütün insanlar sevdikləri işlərə və seçdikləri sənətə zaman ayırırlar. Bəs, sən gününün neçə saatını piano arxasında keçirirsən?
- Hər gün bir neçə saat məşq edirəm. Lakin bu sənətə bütün ömrümü verməyə hazıram. Vaxtımı piano arxasında keçirməkdən zövq alıram. Ömrümü pianosuz təsəvvür etmirəm.
- Musiqi qeyri-adi, rəngli bir dünyadır. Bəs, bu aləmdə səni özünə cəlb edən cəhətlər hansılardır?
- Mən kövrək insanam. Məni ancaq ifa edəcəyim əsərlər, qarşıda məni gözləyən uğurlar düşündürür. Yədin ki, musiqi aləmi aydınlığına, saflığına görə məni özünə cəlb edib. Həssas olmayan insandan nə şair, nə bəstəkar, nə də yaxşı incəsənət adamı olmaz. İfaçılıq sənəti də belədir. İnsandan istedadla bərabər təmiz hisslər, həssaslıq tələb edir.
- Bəs ən böyük arzun nədir?
- Ən böyük arzum böyük konsert salonlarında solo konsert verməkdir. O günü hər zaman xəyalımda canlandırıram.
- Bu arzuna biz də qoşuluruq və o günün çox da uzaqlarda olmadığına inanırıq.
- Sağ olun!