Milli Paralimpiya Komitəsi mətbuat konfransı keçirib

Milli Paralimpiya Komitəsi mətbuat konfransı keçirib


İyulun 23-ü Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) 2014-cü ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransı keçirilib. AMPK-nın vitse- prezidenti Şaiq Həmidov çıxış edərək, komitəsinin 6 ayda gördüyü işlər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Milli Paralimpiya Komitəsi yarandığı 1996-cı ildən 5 paralimpiya oyunlarında iştirak edib, dinamik inkişaf mərhələsi keçib. Komitənin 2013-cü il fevralın 8-də keçirilən konqresində Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) " Strateji Fəaliyyət Planı” təsdiq edilib. Planda 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, idarəetmənin təkmilləşdirilməsi, maddi texniki bazanın gücləndirilməsi, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi öz əksini tapıb.
Əlavə olunub ki, 2013-cü il və cari ilin birinci yarım ilində planda nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapıb. Hazırda paralimpiyaçılar 12 idman növü ilə məşğul ola bilirlər. Artıq yeni yaranan adaptiv avarçəkmə, əlil arabasında qılıncoynatma, stolüstü tennis , kanoe, bossiya idman növləri üzrə komandalar formalaşıb. Bu komandalar bir sıra beynəlxalq yarışlarda iştirak ediblər.
Paralimpiyaçılarımız 2014 cü ilin ilk 6 ayı ərzində müxtəlif idman növləri üzrə 12 beynəlxalq yarışda iştirak ediblər. Onlar bu vaxt ərzində 7 medal qazanıblar.
Tədbirdə bildirilib ki, idmançılar böyük həvəslə 2016-cı ildə Rio-De-Janeyroda keçiriləcək yay paralimpiya oyunlarına lisenziya qazanmağa çalışırlar. Bu ilin sentyabr ayında cüdoçular Amerikada keçirilən dünya çempionatında iştirak edəcəklər. 15 nəfərdən ibarət cüdo komandası yarışda bütün çəki dərəcələrində təmsil olunacaqlar. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında isə cüdoçular 2 çəki dərəcəsində çıxış edəcəklər.
Milli Paralimpiya Komitəsi fiziki məhdudiyyəti olan insanlar arasında idmanın kütləviliyinin artırılması məqsədi ilə qeyri paralimpiya idman növlərinin yaradılmasına da xüsusi diqqət yetirməkdədir. Bu məqsədlə əlil arabasında idman rəqsi, boulinq yarışları keçirilib. 2014-cü ildə qarşıya qoyulan əsas məqsədlərdən biri milli komandaların maddi texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdır. "İdmanın inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paralimpiyanın maddi texniki bazasının gücləndirilməsi və təkmiləşdirilməsi məqsədi ilə Milli Paralimpiya Komitəsinə vəsait ayırıb. Artıq idmançılarımızın fiziki hazırlıqlarının səmərəli təşkili və yarışlarda uğurlu çıxışları üçün zəruri avadanlıqlar və digər ləvazimatlar alınıb”, - deyə vitse-prezidenti Şaiq Həmidov bildirib. Milli Paralimpiya Komitəsinin şöbə müdiri, Uşaq Paralimpiya Komitəsinin idarə heyyəti sədrinin müavini - icraçı direktor Kamal Məmmədov çıxış edərək nəzərə çatdırıb ki, 2013-cü ilin avqust ayında dünya ilk dəfə Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi (UPK) yaradılıb. UPK-nın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları onlara uyğun idman növlərinə cəlb etmək, ehtiyat idmançılar hazırlamaqdır. Qeyd olunub ki, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması, onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına şərait yaradacaq.
Bildirilib ki, UPK-nın hüquqi bazasının yaradılması, sağlamlıq imkanları məhdud uşağların tibbi təsnifatı sisteminin qurulması sahəsində UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspert 6 ay ərzində 3 dəfə Bakıda səfərdə olub. AMPK-nın mütəxəssisləri, UPK-nın idarə heyətinin üzvləri, məşqçilər və idman sahəsində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri ilə təlimlər keçirib. Bu təlimlərin davamı olaraq 2014-cü ilin sentyabr ayında UNİCEF-in dəstəyi ilə 10 nəfərdən ibarət UPK-nın nümayəndə heyətinin Londona təlim səfəri gözlənilir. Artıq UPK-də 5 idman növü fəaliyyət göstərir. Bu idman növlərinə cüdo, stolüstü tennis, bossia, pouerliftinq və üzgüçülük daxildir. Ümumilikdə, 30-a yaxın sağlamlıq imkanları məhdud uşaq peşəkar idmana cəlb olunub. Stolüstü tennis idman növü ilə məşğul olan 12 yaşlı Fəxri Soltanov bu ilin mart ayında beynəlxalq yarışda ölkəmizi təmsil edib. O, iyul ayında olimpiyaçılar arasında stolüstü tennis üzrə keçirilən Azərbaycan çempionatında qızıl medala sahib olub. Hazırda üzgüçülük idman növünə sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunur. Ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə almış 4 yaşlı İmran Cəfərof UPK tərəfindən üzgüçülük idman növünə cəlb olunub və məşqlərə başlayıb.