Hər bir şəxsin vətənpərvərlik ruhunda tərbiyə olunması vacib amillərdən biridir. Mütəxəssislərin fikrincə, siyasi, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər dövlətin hər bir üzvünə məxsus olan əhəmiyyətli keyfiyyətdir. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli mənafe baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq, lazım gələrsə vətən yolunda canını fəda etmək deməkdir. Vətənpərvərlik vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq, hər bir fərdin doğma vətəni layiqincə təmsil etməsidir. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə etmişdir: "Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan, Azərbaycanın ən vacib problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda, dünya azərbaycanlılarının ortaq hədəfi kimi milli ideologiyamızın təməl müddəalarından birini təşkil edir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir və bu, milli birliyimizin göstəricisidir.
Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı deyil və vətəndaşlıq mövqeyindən yüksək olan məfhumdur. Belə ki, vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir.
Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq və tolerantlığa üstünlük verilir. Əksər halda vətənpərvərliyi kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərənlər də var. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik tolerantlığı inkar etməyərək, hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına kömək, etmək istəyidir. Deməli, vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünə aid olan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.
İdeyanın əsasında millətçilik yox, vətəndaşlıq dayanır
Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadimlər tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılıb, azərbaycançılığın əsasları, mahiyyəti şərh edilib. Mütəxəssislər hesab edirlər ki, azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında birləşdirmək ideyası kimi meydana gəlmişdir.
Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının əsasını millətçilik yox, vətəndaşlıq təşkil edir. Bu ideyanın məqsədi Azərbaycanda yaşayan xalqların birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqların həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya millətçiliyi inkar etdirməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə hesab edir ki, Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Azərbaycançılıq ideologiyası milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır.
Deməli, azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq məfhumunu təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya və anlayışların dəqiq çərçivələrini aşkar etmək asan deyil.
İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus öz nəzəriyyəsində göstərir. "İctimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir”. Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.
İslam nəzəriyyəçiləri də etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh edilsə də, ümumi fəlsəfə kimi təqdim olunur. Sosioloji və etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir. Azərbaycançılıq özündə vətəndaşlıq, vətənpərvərlik ideyaları, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.
Beləliklə, azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Dövlətin inkişafı hər bir fərdin vətəndaşlıq mövqeyindən asılıdır
Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini bəzən hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn bu tələblərə hər bir vətəndaş əməl etməyə borcludur.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O, özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir və hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu tək və qanunlara riayət etməkdə yox, habelə fəal vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı, güclənməsi hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən, vətəndaşlıq məsuliyyətindən asılıdır.
Vətəndaşlıq azərbaycançılığın əsas elementlərindən biridir
Qeyd etdiyimiz kimi, azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində deyilir: "Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti maraq kəsb edir. Beləliklə, vətəndaşlıq fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibəti, onun mövqeyi kimi başa düşülür.
Vətəndaşlıq anlayışının analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim olunur. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur.
Cəmiyyətdə vətəndaşlıq münasibətlərinin zəif inkişafı ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu zaman o, aktiv və ya passiv ola bilər. Bununla belə, hər bir fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmaq vətəndaşlıq prinsiplərindən uzaqlaşmaq deməkdir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət, insanların sosial rifahı asılıdır.
Milli ideologiyanın təbliği sayəsində ümumbəşəri dəyərlərə nail olmaq mümkündür
Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası, öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir və kollektiv qərarların qəbul olunmasında vacib amildir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına zəmin yaradır.
Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq və tolerantlıq hissləri ilə əvəz olunur. Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma proseslər milli münasibətlərə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bır sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkirlər.
Müasir dövrümüzdə milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə qoşulmaq hər bir xalq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir. Bu ideya milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə birləşdirir. Azərbaycançılıq ideyası ölkəmizin dünya birliyinə inteqrasiyasının əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dəyərləri özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli xüsusiyyətlərini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”.
Azərbaycançılıq ideyası qloballaşma şəraitində dəyərlərin qorunmasını önəmli hesab edir. Azərbaycançılıq ideyası insan hüquqlarının qorunması, ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri müasir dünyanın təbii inkişaf prosesi hesab edir.
Azərbaycançılıq ideologiyası çərçivəsində baş verənlər cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər dövlətin sabit inkişafına xidmət edir. Nəticədə, yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Təsadüfi deyil ki, mütəfəkkirlər güclü hakimiyyətin aşağıların yuxarılara olan inamı sayəsində qurulduğunu deyirlər. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, ölkə olub
2013-cü ilin oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin birliyini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi daha da möhkəmləndi. Bəs görəsən, Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir, hansı istiqamətdə inkişaf etməyə borcludur.
Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi də buna sübutdur. Etiraf etmək lazımdır ki, uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi.
Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.
Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. Hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu öndər çıxışlarının birində bu barədə belə demişdir: "Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana vətəni unutmayandır”.
Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcuddur. Onların Əsas Qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində yer alması da vacibdir.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi, azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azər Əlizadə
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyi ilə çap edilir.