“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir”


Azərbaycan Respublikası üçüncü minilliyə müstəqillik qazanmış bir ölkə kimi daxil oldu. Müstəqilliyimiz ölkəmizin çiçəklənməsinə, güclənməsinə, bütün dünyada nüfuz qazanmasına şərait yaratdı. Əlbəttə, müstəqillik heç də asanlıqla əldə olunmadı. Bu yolda minlərlə soydaşımız öz canını qurban verdi. Müstəqilliyimiz həm də xalqımızın birliyi sayəsində mümkün oldu. Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyi sayəsində mümkündür.
Belə birliyi isə tarixin bütün təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Bu ideologiya azərbaycançılıqdır. Ümumiyyətlə, hər bir ideologiya cəmiyyətdə milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və dövlətin təsdiqi üçün yaradılır. İdeologiya milli-mənəvi varlığın ilkin əlamətlərini özündə birləşdirir. Xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar ideologiyada vəhdət təşkil edir. Azərbaycançılıq ideologiyası millətimizin vətənpərvərlik ruhunda tərbiyəsinə də öz müsbət təsirini göstərir. Son zamanlar azərbaycançılığın tarixini XIX - XX əsrlərlə məhdudlaşdıran fikirlər səsləndirilir. Lakin belə fikirlərlə razılaşmaq olmaz. Azərbaycanda bu ideologiya hələ Sovet dövrlərində mövcud idi. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu Sovet dönəmində də azərbaycançılıq ideologiyasını ortaya qoymağı bacarmışdı. Düzdür, həmin dövrlərdə bu cür məsələlərə nəzarət çox güclü idi. İdeoloji işlər Moskvadan idarə olunurdu. Bununla belə ulu öndər həmin illərdə xalqımızın vətənpərvərlik ruhunda tərbiyəsinə, azərbaycançılıq ideologiyası ətrafında birləşməsinə can atırdı. Azərbaycan dövlətinin qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyev hərb sənətində tarixi ənənələrə malik olan ölkəmizdə azərbaycançılıq ideologiyasının tərkib hissələrindən biri olan milli hərbi kadrların yetişdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıb. Ulu öndər Azərbaycan ordusunda milli zabitlərin yer almasına böyük əhəmiyyət verirdi. Ümummilli lider xalqımızın qəhrəman oğullarından olan hərbi sərkərdələrin xatirəsini əbədiləşdirmək istiqamətində də əvəzsiz addımlar atıb. Heydər Əliyevin birinci hakimiyyəti dövründə Azərbaycan KP Mərkəzi Komitəsinin bürosunun "Cəmşid Naxçıvanskinin xatirəsini əbədiləşdirmək haqqında” qəbul etdiyi qərar azərbaycançılıq ideologiyası çərçivəsində atılan ən böyük addımlardan biridir. Qərarda qeyd olunurdu ki, yeni yaradılacaq hərbi təyinatlı respublika orta internat məktəbinə Cəmşid Naxçıvanskinin adı verilsin. Bununla da, 1938-ci ildə repressiya qurbanı olmuş Azərbaycanın görkəmli oğlunun - Cəmşid Naxçıvanskinin adını əbədiləşdirildi.
Yeni yaradılmış məktəbi həmin ilin noyabr ayında ziyarət edən Heydər Əliyev buradakı yığıncaqda geniş nitq söyləyərək demişdir: "Orduda azərbaycanlı zabitlərin sayı kifayət qədər deyildir. Biz bütün millətlərə sübut etməliyik ki, azərbaycanlılar Xəzərin dibindən "qara qızıl” çıxardıqları kimi, tarlalarda bol məhsul yetişdirikləri kimi, elmin, texnikanın ən mühüm nailiyyətlərinə yiyələndikləri kimi, həm də hərb sahəsində böyük istedada malikdirlər. Odur ki, yerli millətdən olan gəncləri, yeniyetmələri hərbi məktəblərə daxil olmaq və silahlı qüvvələrin zabit korpusunda xidmət üçün hazırlamaq ən ümdə vəzifəmizdir”.
Heydər Əliyev 1972-82-ci illər ərzində hər il C.Naxçıvanski adına hərbi məktəbi ziyarət edərək müəllim-zabit heyəti və kursantlarla görüşmüş, problemlərlə maraqlanmış, hər hansı bir çatışmazlığın dərhal aradan qaldırılmasının qayğısına qalmışdır. Bütün bunlar burada təhsil alan gənclərimizi daha da həvəsləndirmiş, onların vətənpərvər ruhda yetişməsnə əvəzsiz kömək etmişdir. 1982-ci ilin noyabrından Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işə başlayan Heydər Əliyev özünün doğma övladı hesab etdiyi bu məktəbi daim diqqət mərkəzində saxlamışdır. Bu, ulu öndərin hər zaman qəlbində yaşatdığı azərbaycançılıq ideologiyasından irəli gəlirdi. Ümummilli lider Heydər Əliyev milli-hərbi kadrların yetişdirilməsini azərbaycançılıq ideologiyasının tərkib hissələrindən biri hesab edirdi.
Qeyd etdiyimiz kimi, Sovet dövründə də azərbaycançılıq ideyası inkişaf etmiş, bu ideyanın təbliği ilə əlaqədar bir sıra idarə və müəssisələr yaradılmışdır. 1924-cü ildə vətənpərvər ziyalılar azərbaycanşünaslıq kursları təşkil etmişdilər. 1924-cü il sentyabr ayının 21-də I Ümumazərbaycan ölkəşünaslıq qurultayı keçirilmişdir. Qurultay gənclərin, xüsusən məktəblilərin ölkəşünaslıq işinə cəlb edilməsini bəyənmiş və bu sahədə görüləcək işlər genişləndirilmişdi. Azərbaycançılıq ideologiyası XX əsrdə mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan ziyalıları həmin ideologiyanın təkmilləşməsi, azərbaycanlıların şüurunda möhkəm yer tutması üçün çalışmışdılar. Lakin azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideyasına çevrilməsi məhz Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Ulu öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlamışdır. O, milli ruhun, milli ideologiyanın yüksəlişi üçün bütün gücünü sərf etmişdir. 2003-cü ilin oktyabrında Azərbaycan xalqına müraciətində Heydər Əliyev öz fəaliyyət prinsipləri barədə danışarkən belə demişdir: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”. Heydər Əliyev xalqını bu cür yüksək qiymətləndrir, millətinə xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirirdi. Uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı. Eyni zamanda, Azərbaycan xalqının milli inkişafının ideya təməli olan konsepsiyanın - azərbaycançılıq ideyasının inkişafına xüsusi yer ayırdı. Ümummilli liderimiz azərbaycançılıq anlayışını çox yüksək qiymətləndirmiş, onun əsas prinsiplərinin dövlətçilik və milli vətənpərvərlikdən ibarət olduğunu dəfələrlə vurğulamışdır: "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır”. Heydər Əliyevin azərbaycançılığı ümummilli ideologiya kimi irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi böyük tarixi xidmətlərdən biridir. Məhz azərbaycançılıq ideologiyası ölkəmizə qarşı aparılan anti-təbliğatın, ölkəmizi etnik cəhətdən bölmək əsasında parçalamaq cəhdlərinin qarşısını almışdır. Bu ideologiya Azərbaycan dövlətinin müstəqilliyini qoruyan bir sipərə çevrilmişdir. Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan ən vacib məsələlər milli birlik, həmrəylikdir. Xarici siyasətin əsas tərkib hissələrindən biri kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinin mühüm vəzifə kimi qarşıya qoyulması təsadüf deyildi. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlanmışdı. 2001-ci il noyabr ayının 9-10-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi ilə soydaşlarımızın həmrəyliyi bir daha təmin edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası həmin qurultayda qoyuldu. Görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Məhz bundan sonra dünyanın bir sıra ölkələrində məskunlaşmış soydaşlarımız arasında əlaqələr bərpa olundu. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf etmiş, müxtəlif mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlar Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Hər şeydən əvvəl, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onların üzərinə böyük vəzifələr düşür.
Ümummilli liderin 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurulta yında bəyan etdiyi tezislər, əslində, azərbaycançılığın, Azərbaycan təəssübkeşliyinin ən düzgün ifadəsi idi. Ulu öndər belə demişdir: "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq”. Ümummilli lider dəfələrlə qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Azərbaycan dövlətinin əsas vəzifələrindən biri həmin həmrəyliyi gücləndirməkdən, xarici ölkələrdə yaşayan soydaşlarımızın köməyinin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları vahid məqsəd ətrafında birləşdirmək üçün 1991-ci il dekabrın 16-da hər il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün keçirilməsi haqqında qərar qəbul etdi. Məhz həmin ildən başlayaraq dünya azərbaycanlıları dekabrın 31-ni həmrəylik, birlik günü kimi qeyd edirlər.
Şübhəsiz ki, azərbaycançılıq ideologiyasının təməlində məhz doğma dilimiz dayanır. Doğma dilini bilmədən bu ideologiyanın daşıyıcısı olmaq mümkün deyil. Bu baxımdan, "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanı xalqımızın tarixinə əhəmiyyətli qərarlar kimi düşüb. Bu qərarlar dilimizin dərindən öyrənilməsini, qorunmasını mühüm vəzifə kimi qarşıya qoyub. Hazırda Azərbaycan dilinin, ədəbi, danışıq dilinin təbliğinə xüsusi diqqət yetirilir. Bu çox vacib amildir. Eyni zamanda dilimizin təbliği istiqamətində mühüm işlər aparılır. Unutmaq olmaz ki, harada yaşamasından, həyatda hansı mövqe tutmasından asılı olmayaraq, hər bir azərbaycanlının ən böyük vəzifəsi ana dilini mükəmməl bilməkdir. Azərbaycançılığın təbliğində ən güclü amillərdən biri də dindir. Heydər Əliyev dinin tarixdə və cəmiyyətdəki mənəvi-saflaşdrıcı roluna, insanlarda inam, iman və əqidənin formalaşmasına xüsusi diqqət yetirirdi. Ulu öndər dini-mənəvi dəyərlərə yüksək qiymət verərək, onun azərbaycançılıq ideologiyasına, vətənpərvərlik tərbiyəsinə güclü təsir etdiyini demişdir: "İslam dini həmişə insanları saflığa, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var. Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman, ilk növbədə, islam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. Mənəviyyatımız nə qədər yüksək olarsa, hər bir insanda, azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi nə qədər güclü tərbiyə edilərsə, Azərbaycan da bu ağır böhran dövründən, çətinliklərdən o qədər tez və müvəffəqiyyətlə çıxar”. Azərbaycan Respublikası Prezidentinin Konstitusiya ilə yanaşı, Qurani-Kərimə and içməsi, islamın iki böyük bayramının - Qurban və Ramazanın dövlət səviyyəsində qeyd olunması dinə olan hörmətdən irəli gəlir. Ölkəmizdə islam dininə mənsub abidələrin, ibadət yerlərinin dövlət tərəfindən təmir və bərpa edilməsi milli ideologiyamızın bir hissəsi olan islam dininə dövlət tərəfindən qayğı göstərilməsinin ən bariz göstəricisidir. Din müxtəlif vasitələrlə - dil, mədəniyyət, iqtisadiyyat, dövlətçilik və s. ilə birlikdə milli həmrəyliyi, milli birliyi yaradır.
Azərbaycançılıq ideyalarının formalaşmasında milli-mənəvi dəyərlərin də əvəzsiz rolu vardır. Təsadüfi deyil ki, milli-mənəvi dəyərlər milli ideologiyamızın mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. Milli-mənəvi dəyərlər xalqın, vətəndaşların milli birliyinə, həmrəyliyinə müsbət təsir göstərir. Ulu öndər milli bayramlarımızın milli həmrəyliyin təmin edilməsində mühüm rol oynadığını xüsusi qeyd edərək bildirmişdir ki, bayramlarımız xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin edir, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirir. Onu da deyək ki, Novruz bayramının YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer almasında Heydər Əliyevin rolunu xüsusi vurğulamaq lazımdır. Bu, ulu öndərin azərbaycançılıq ideologiyasına çox yüksək dəyər verdiyinin göstəricisidir. Sevindirici haldır ki, ulu öndərin azərbaycançılıq ideologiyası bu gün uğurla həyata keçməkdədir. Milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə Azərbaycan Respublikası sürətlə inkişaf edir, cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulur. Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilən Azərbaycan bütün dünya azərbaycanlılarının qürur məkanıdır. Dövlət başçısının xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırması milli birliyin təcəssümüdür. Məhz belə görüşlər Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır.
Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər Azərbaycan mədəniyyətinin, tarixinin inkişafına böyük töhfədir. Ölkəmizin zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Heydər Əliyev Fondu bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirmişdir. Azərbaycanın maddi və qeyri-maddi mədəni abidələri artıq YUNESKO-nun dünya irsi siyahısındadır. YUNESKO tərəfindən İçərişəhər dünyanın ən gözəl abidələri siyahısına, Azərbaycan muğamı isə qeyri-maddi mədəni irs siyahısına salınmışdır. Eyni zamanda, YUNESKO ilə birlikdə qaçqın və məcburi köçkün uşaqlar üçün mühüm təhsil layihələri hazırlanmış, "Atəşgah” məbədi bərpa edilmiş, qədim tarixi məkanımız olan Qobustan dünya mədəni irs siyahısına salınmışdır. Bütün bunlar bizim ən böyük sərvətimizin - mədəni irsimizin qorunmasında əhəmiyyətli rol oynayır. Xalqımızın ədəbiyyatı, poeziyası, musiqisi, nadir xalçaçılıq məktəbi, memarlıq abidələri milli irsimizin əsasında təşkil edir. Bu mədəni irs bizi millət kimi bütün dünyada tanıtdırır. Bu gün hər bir azərbaycanlı bu irsi qorumaqla və təbliğ etməklə azərbaycançılıq ideologiyasına xidmət edir.

Zaur Mehtiyev

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi 
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi 
Fondunun maliyyə dəstəyi ilə çap edilir.