“Vətənə, doğulduğu yurda məhəbbət hissləri insanda erkən yaşlarından tərbiyə edilməlidir”

“Vətənə, doğulduğu yurda məhəbbət hissləri insanda erkən yaşlarından tərbiyə edilməlidir”


Buyaxınlarda Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. R.Mehdiyev Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq, nizam-intizam, silah-sursat, texniki təchizat və döyüş qabiliyyəti baxımından Cənubi Qafqazın ən güclü ordusu olduğunu vurğulayıb. "Dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitin məbləği 3 milyard manatdan çoxdur ki, bu da Ermənistanın dövlət büdcəsini 1,5 dəfə üstələyir. Son illər Azərbaycanda müdafiə sənayesi inkişaf etdirilib, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, Milli Ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. İnamla deyə bilərəm ki, Azərbaycan Ordusu ərazilərimizin işğaldan azad edilməsi də daxil olmaqla, qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirmək iqtidarındadır”, - deyə o əlavə edib.
Danılmaz faktdır ki, son illərdə müstəqil Azərbaycan Qafqaz regionunda iqtisadi, siyasi və hərbi cəhətdən güclü dövlətə çevrilmişdir. Nəhəng infrastrutkur layihələrin reallaşdırılması Azərbaycanı Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat mərkəzinə çevirmişdir. Təsadüfi deyil ki, hərb sahəsində sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycanın hərbi büdcəsi ötən il 3,6 milyard dollar təşkil edirdisə, indi bu rəqəm 3,7 milyard dollara çatıb. Son illərdə onlarla döyüş təyyarəsi, ən müasir tank və artilleriya qurğuları alınıb və bu proses davam edir. Bir sözlə, hərtərəfli inkişaf etmiş Azərbaycan torpaqlarımızı işğal altında saxlayan təcavüzkar Ermənistana hər an cavab verməyə hazırdır.
Amma çox təəssüf ki, ölkəmiz 1988-ci ildə bu qüdrətə malik deyildi. Sovet imperiyası dağılmış və Azərbaycan bəzi üzdəniraq vəzifəpərəst adamların əlində qalmışdı. Bütün bunlar azğınlaşmış ermənilərin əlinə fürsət verirdi. Bir vaxtlar sığınacaq verdiyimiz mənfur ermənilər bizimlə torpaq iddiasına qalxdılar. Nə qədər acı olsa da, bizim xalqımızın tarixində qonşularımızın xəyanəti ilə üzbəüz qaldığımız zamandan 20 ildən artıq vaxt ayırır. 1988-ci ildən başlayan tariximizin ağrılı, acılı, dəhşətli hadisəsi olan Dağlıq Qarabağın Ermənistan Silahlı Qüvvəlləri tərəfindən işğalı Azərbaycan xalqını çıxılmaz vəziyyətdə qoydu. Qarabağ uğrunda gedən müharibədə xalqın qəhrəman və igid oğulları vətənimizi yadelli işğalçılardan, onların qəfil hücumlarından qorumaq üçün silaha sarıldılar. Vətənin azadlığı və müstəqilliyi uğrunda neçə-neçə igidimiz şəhid oldu. O dövrdə başıpozuqluq, hərc-mərclik hökm sürsə də, el-oba, ana-bacı qeyrəti çəkən mərd oğullar, yalın əllə də olsa, azğın düşmənin üstünə atıldılar. Həmin mərd oğullar arasında Zəngilan torpağının yetirmələri də var idi.
Rayonun müdafiə edilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq əmri ilə 1991-ci il noyabrın 11-də Zəngilan rayon ərazi özünümüdafiə taboru yaradıldı. Taborun yaradılmasından sonra vətənin ağır günlərində sinəsini düşmən gülləsinə sipər edən, canını qurban verən qəhrəmanlar az olmadı. Bu qəhrəmanlar vətənin dar günündə barıt qoxulu səngəri, güllə səslərini rahat və firavan həyatdən üstün tutdular. Onlar qız-gəlinlərimizin, günahsız körpələrimizin, ağsaqqal və ağbirçəklərimizin düşmən tərəfindən təhqir və məhv edilməsinə dözə bilmədilər.
Zəngilan özünümüdafiə taborunda döyüşənlərdən biri də adıçəkilən torpağın yetirməsi Məmmədov Bayram Heydər oğludur. Ehtiyatda olan polkovnik-leytenat B.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Xarici dillər kafedrasının rəisi müavini və baş müəllimdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan B.Məmmədov həm də Azərbaycan Hap Ki Do Federasiyasının vitse-prezidentidir.
Bayram müəllim həyatını hərb işlərindən kənarda təsəvvür etmir. Ordu quruculuğunda müəyyən xidmətləri olan B.Məmmədov vətənin işğal altında olan torpaqları üçün çox narahatdır. Doğma Zəngilan üçün burnunun ucu göynəyən Bayram müəllim lazım gələrsə, Ali Baş Komandanın əmri ilə düşmənlə döyüşməyə hər an hazırdır.

- Bayram müəllim, sizi yaxından tanımaq istərdik...
- Mən 1956-cı il martın 21-də Zəngilan rayonunun Canbar kəndində anadan olmuşam. 1978-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-azərbaycan dili şöbəsini, 1991-ci ildə isə Bakı Sosial İdaretmə və Politollogiya İnstitutunu və eləcə də ABŞ Müdafiə Nazirliyinin Hərbi Dil İnstitutunu fərqlənmə diplomu ilə bitirmişəm. 1978-1980-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşam. 1980-1991-ci illərdə Zəngilan rayon komitəsində idman və kütləvi-müdafiə işləri şöbəsinin və Zəngilan rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifələrində işləmişəm.
1991-ci il noyabrın 12-dən etibarən Azərbaycan Respublika Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və Zəngilan rayon ərazi özünümüdafiə taborunun komandiri təyin olunmuşam. 1991-2006-cı ildərdə hərbi hissə komandiri, alay komandirinin arxa cəbhə üzrə müavini, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, Silahlı Qüvvələrin arxa cəbhəsinin kadrlar bölməsinin baş zabiti, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Hərbi attaşelər və hərbi nümayəndəliklərlə işlər şöbəsinin baş zabiti və NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramının həyata keçirilməsi bölməsinin rəisi vəzifələrində çalışmışam.
Azərbaycan Silahlı Qüvvələrinin quruculuğunda fəal iştirak edənlərdən biri kimi ölkədə keçirilən bir sıra müxtəlif beynəlxalq tədbirlərin təşkilində fəal iştirak etmişəm. Qeyd edim ki, dünyanın 20-dən artıq ölkəsində keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə ölkəmizi layiqincə təmsil etməyə çalışmışam.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyim müddətdə dövlətimiz tərəfindən "Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəxri fərmanları, döş niaşanları ilə təltif edilmişəm.

- Bayram müəllim, Zəngilan özünümüdafiə batalyonunun yaradılmasında sizin böyük xidmətiniz olmuşdur. Həmin illərdə ölkəmizdə ordu quruculuğu ilə bağlı nə deyə bilərsiniz?


"Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar hər cür köməkliyi göstərirdilər”
- Biz ilk dəfə ərazi batalyonlarını yaradanda çoxları ölkənin özünün silahlı qüvvələrinin olmasına şübhə ilə yanaşırdı. O illərdə biz çox məşəqqətlərə, əziyyətlərə dözdük, amma yorulmadıq, usanmadıq. Vətənin müdafiəsini hər şeydən üstün tutan adamlar bizə hər cür köməkliyi göstərirdilər. Əsas çətinliyimiz respublika rəhbərliyi tərəfindən bizə qarşı edilən təzyiqlər idi. Onlar ordunun təşkilini ləngitmək üçün hər cür yollara əl atırdılar. Axı ordu quruculuğunun ləngidilməsi keçmiş hakimiyyətə sərf edirdi. Halbuki həmin illərdə butun imkanlar bu iş yönəldilsəydi, bütün potensial imkanlar ordunun komponentləşdirilməsi və formalaşdırılmasına istiqamətləndirilsə idi, itkilərimiz də az olardı, torpaqlarımız da işğal altında qalmazdı.
O dövrdə çətinliyə, hərc-mərcliyə baxmayaraq, insanlarda inam vardı. Hamı səngərdə düşmənə qarşı vuruşmaq istəyirdi. Elə anlar olub ki, döyüş mövqelərinə texnika çıxara bilməyəndə əhali bizə yaxından kömək edib. Bütün silah və sursatları mülki adamlar öz maşınlarına yığıb döyüş yerlərinə daşıyırdılar. Əhalidən belə münasibəti görən əsgər ön cəbhədə daha inamla vuruşurdu və döyüş mövqeyini tərk etməyi ağlına belə gətirmirdi. Hər bir işdə olduğu kimi, orduda da idelogiya əsas şərtdir. Çünki ideloji hazırlıq, inam olmasa, intizamı möhkəmləndirmək çox çətindir. Ola bilər ki, döyüşən ordu iki-üç gecə, lap bir həftə mühasirədə, düşmən artilleriyasının atəşləri altında qalsın. Döyüşən əsgər psixoloji cəhətdən möhkəmdirsə, bu çətin vəziyyətə dözməyi bacarır. Düşünürəm ki, intizam, inam, psixoloji hazırlıq, məsuliyyət və dövlət təminatı Qarabağ uğrunda gedən savaşda qələbənin açarıdır. Unutmayaq ki, psixoloji cəhətdən möhkəm olmayan ordu qalib gələ bilməz. Bu sahədə ardıcıl iş aparılmalıdır, orduya nüfuzlu insanlar cəlb edilməlidir.

- Yeri gəlmişkən, o illərdə ölkədə təxribat, xəyanət hökm sürürdü. Bu, sizdə inam hissini zəiflətmirdi ki?
- Həmin illər çox ağır günlər yaşadıq. Mənfur qonşularımız birdən-birə torpaqlarımıza soxuldular, öz məkrli planlarını həyata keçirdilər. Bayaq dediyim kimi, könüllülər tərəfindən ordu yaranırdı, ərazi batalyonları fəaliyyət göstərirdi. Çox çətin olsa da, biz bu işin öhdəsindən gəlirdik. İlk illərdə işğal altında olan bir çox ərazilərimiz azad edildi. Amma sonra ölkədə hökm sürən təxribat, xəyanət, məsuliyyətsizlik və özbaşınalıq öz işini gördü. Zəngilanın batalyon komandiri kimi deyə bilərəm ki, 1992-ci ilin aprelində rayona güclü basqın oldu. Artilleriya atəşlərindən sonra düşmən iki istiqamətdə hərbi texnikanın və vertolyotların köməyi ilə rayona girdi. Ancaq əsgərlərimizin şücaəti sayəsində düşmənin qarşısı alındı. Sonra düşmənin əsas qüvvəsi geri çəkilsə də, bir ordu komandiri tapılmadı ki, əsgərlərimizi öz ardınca aparsın. Ordunun başında duran adamların kimliyi bilinmirdi. Dolayı yollarla Silahlı Qüvvələrə soxulanları isə başqa şey düşündürürdü.

- Gənclərin ordudan yayınmasına necə münasibət bəsləyirsiniz?

"Son nəfəsində də:
"Vətən”, - deyərək gözlərini yumdu”

- Əvvəllər cavanları hərbi xidmətə yola salanda bütün el-oba yığışır, onları orduya deyə-gülə, xüsusi bayram əhval-ruhiyyəsi ilə yola salırdılar. İndi də belədir. Oğlanlarımız cəbhə bölgələrində, düşmənlə sərhəddə vətənə sədaqətlə xidmət edirlər. Neçə-neçə mərd oğullarımız canını vətən yolunda qurban veriblər. Amma çox təəssüf ki, hərbi xidmətdən yayınanlar da az deyil. Bu işdə ailədən, valideynlərdən çox şey asılıdır. Onlar övladlarını ordudan hər vəchlə yayındırırlar. Bu vətən hamımızındır. Onun torpağı üstündə gəzən hər bir Azərbaycan vətəndaşı onun təəssübünü çəkməli və sərhədlərimizi qorumağa hər an hazır olmalıdır.
- Gənclərdə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlətin prioritet məsələlərindən biridir. Bununla bağlı sizin fikrinizi öyrənmək istərdik?
- Gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin əsasını təşkil edir. Sevindirici haldır ki, ölkədə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm işlər görülür, müxtəlif dövlət proqramları qəbul olunur.
Düşünürəm ki, müasir gənclərimiz sağlam düşüncəyə və təfəkkürə malik gənclərdir. Sadəcə, onlara düzgün yol göstərmək lazımdır. Bu işdə ağsaqqalların, təcrübəli insanların üzərinə mühüm vəzifə düşür. Bunu öz təcrübəmə əsasən deyirəm. Birvaxtlar Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsində NATO-nun sülh naminə tərəfdaşı işləmişəm. Burada biz ehtiyatda olan gənc zabitlərlə işləməli olurduq. Onlardan Mətin Kərimli, Sənan Nəsibli, Nadir Minbaşı, Bəhruz Məmmədovun və başqalarının adlarını çəkə bilərəm. Fərəhli haldır ki, M.Kərimli hazırda Əhalinin Sosial Təminat Nazirliyində məsul vəzifədə işləyir. N.Minbaşı BMT-nin Birmada nümayəndəsidir. Bəhruz Məmmədov isə ABŞ səfirinin müşaviridir. Belə gənclərimiz yüzlərlədir, minlərlədir. İstedadlı, savadlı gənclərimizə arxa, dayaq durmalı, kömək göstərməliyik ki, onlar bu vətənin işıqlı gələcəyi üçün mühüm işlər görsünlər.
Vətənə, doğulduğu yurda məhəbbət hissləri insanda erkən yaşlarından tərbiyə edilməlidir. Uşaqlar bu tərbiyəni anadan, atadan, nənədən, babadan alırlar. Sizə bir faktı deyim ki, Zəngilanın hörmətli el ağbirçəyi, öz halallığı, işgüzarlığı ilə ad-san qazanmış, yüksək savadı və nitq mədəniyyəti ilə seçilən Məstan nənəm "Zəngilan” deyə-deyə bu dünyadan köç etdi. Ölümündən bir müddət əvvəl oğul-uşağını, nəvələrini başına yığıb xeyli söhbət etdi və yurd həsrətini öz bayatılarında onlara çatdırdı. Məstan nənə son nəfəsində də: "vətən”, - deyərək gözlərini yumdu. Onun bir ağbirçək kimi ovladlarından, nəvə-nəticəsindən son istəyi vətən torpaqlarının geri qaytarılması oldu. Sən demə, nəvələri Elburus və Orxan Məstan nənənin sağlığında söylədiyi bayatıları lentə yazdırıblarmış. Bu bayatılar nənəmin ölümündən sonra onu sevənlər üçün böyük təsəlli oldu.

Azərbaycanın varı var,
Bağçası var, barı var.
Düşmən elə hiylə qurub
Əcəb tamaşası var.
Ağla, vətənim, ağla,
Ağla, torpağım, ağla.

Bostanda tağım ağlar,
Əl vurma, yarpağım ağlar.
Vətən, deyib çağırsam,
Öləndə torpağım ağlar.
Ağla, vətənim, ağla,
Ağla, torpağım, ağla.

Dağlar başı boz olar,
Duman gələr tez alar.
Qayıdıb vətənə getsəm,
Bəlkə, dərdim az olar.
Ağla, vətənim, ağla,
Ağla, torpağım, ağla.


- Döyüşlərdə muzdlu əsgərlərin iştirakı ilə bağlı müəyyən söz-söhbət gəzirdi. Bu, nə dərəcədə həqiqətə uyğundur?

"Hər iki tərəfdən döyüşən ordu bu iki hərbçinin sambo döyüşünə baxırmış”

- Qarabağ uğrunda gedən döyüşlərdə ermənilər tərəfində muzdluların döyüşməsi barədə müəyyən faktlar mövcuddur. Belə ki, mənim yaxşı tanıdığım eloğlum, "Zəngəzur” qəzetinin baş redaktoru, şair Səbahəddin Eloğlu "Təzə həyat” qəzetinin 1-15 noyabr 1999-cu il nömrəsində ermənilərin Qarabağ uğrunda gedən müharibədə etdiyi vəhşiliklər barədə maraqlı və ürəkağrıdan faktlara toxunur. Burada o vaxt müharibədə döyüşən müzdlu əsgərlər, xüsusilə afrikalı Con Fiks haqqında maraqlı məlumata rast gəlirik. Vaxtılə ingilis, fransız hərbi düşərgələrində ciddi təlim keçmiş Con Fiks ingilis, fransız, ərəb dillərində sərbəst danışır. Ağır çəkili, dolu bədənli, hündürboylu bu adam sürətlə qaçmaq, uzununa və hündürlüyə tullanmaq, xeyli məsafəni sürünərək bir anda bir neçə silahdan atəş açmaq bacarığı ilə müharibə meydanlarında xeyli məşhurlaşmışdı. Afrika cəngəlliklərindəki təlimlər Con Fiksi və onun əsgərlərini "vəhşi insan dəstəsi”nə çevirmişdi. Səbahəddin Eloğlu yazır: "Con Fiksin dəstəsi Afrika müharibələrində həmişə bir yerdə vuruşublar. Ermənilər bu dəstəni bölüşdürüb öz orduları ilə bir yerdə döyüşə göndərmişdilər. Bunun iki səbəbi var idi:
1. Ermənilər ehtiyat edirdilər ki, birdən afrikalı döyüşçülər Azərbaycan Ordusunun tərəfinə keçərlər.
2. Onlar bir yerdə döyüş meydanına buraxılsalar, bu, tez hay-küyə səbəb olar. Məhz buna görə onları 3 nəfər, 5 nəfər olmaqla qruplaşdırıb Laçın-Qubadlı-Zəngilan, Xankəndi-Füzuli, Cəbrayıl, Ağdam-Tərtər-Bərdə-Ağcabədi istiqamətində gedər orduya cəlb etmişdilər.
Maraqlıdır ki, Con Fiksin əsgərlərindən biri Laçın rayonunun Güləbird kəndi ətrafında gedən döyüşlərdə öldürülmüşdü. Onlar bununla bağlı Qubadlı rayon polisinə və Güləbirddəki qərargaha müraciət etmişdilər. Ermənilər təklif etmişdilər ki, hərgah öldürülənlər arasında zənci döyüşçünün meyidi varsa, dəyişmək üçün neçə azərbaycanlı meyidi istəsəniz, verərik.
Dəstənin daha bir əsgəri Cəbrayıl bölgəsində vətənpərvər döyüşçü Mübariz Yusifoğlu tərəfindən əlbəyaxa döyüşdə öldürülmüşdü. Danışırlar ki, hər iki tərəfdən döyüşən ordu bu iki hərbçinin sambo döyüşünə baxırmış. Cəbrayıllı igid fənd işlədərək zənci döyüşçünü yerə yıxıb öldürür. Bundan sonra bizimkilər hücuma keçib, erməniləri geri otuzdururlar. Buna bənzər hadisədən biri də Tərtər bölgəsində qeydə alınmışdı. Muzdlu zənci milli ordumuzun igid döyüşçüləri tərəfindən məhv edilmişdi. Bu haqda hətta Azərbaycan televiziyası süjet də hazırlamışdı.

- Bayram müəllim, biz sizi həm də Beynəlxalq Hərbi İdman Şurasının ölkəmizdə keçirdiyi tədbirlərin təşkilatçısı kimi tanıyırıq....
- Bildiyiniz kimi, əsası 1948-ci ildə qoyulan Beynəlxalq Hərbi İdman Şurası (BHİŞ) ölkəmizdə müəyyən tədbirlər həyata keçirir. İndiyə qədər ölkəmiz BHİŞ çərçivəsində hərbçilərin 2004-cü ildə 30-cu, 2006-cı ildə güləş üzrə 24-cü, 2008-ci ildə boks üzrə 52-ci dünya çempionatına ev sahibliyi edib. Bundan başqa, 2010-cu ildə BHİŞ-in Avropa Konfransı, 2014-cü ildə isə hərbçilər arasında futbol üzrə Dünya kuboku keçirilib. Bu tədbirlərin əlaqələndiricisi kimi üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışmışam.
Qeyd edim ki, iyulun 2-də Bakıda hərbçilər arasında keçirilən futbol üzrə Dünya kuboku yarışlarının Təşkilat Komitəsinin üzvü və koordinatoru olmaqdan qürur duyuram. Dünya tarixində ilk dəfə keçirilən yarışın Azərbaycanda təşkili 133 ölkənin üzv olduğu BHİŞ-in qurultayında və Baş Assambleyasında qərara alınmışdı. Paytaxtın - "Dalğa Arena”, "Bayıl Arena”, "Şəfa” və Zirə stadionda keçirilən Dünya kubokunda Əlcəzair, İraq, Mali, Fransa, Bəhreyn, Keniya, Oman, Kot d`İvar, Almaniya, ABŞ, Braziliya, Hollandiya, Qətər, Kamerun və başqa. ölkələrin hərbçiləri iştirak edirdilər.
- Bir valideyn kimi övladlarınızdan razısınızmı?

"Övladlarımdan razıyam”

- Bir qızım, iki oğlum var. Bir ata, valideyn kimi özümü xoşbəxt hesab edirəm. Çünki övladlarımdan razıyam. Düşünürəm ki, hər bir valideyn öz övladlarına düzgün istiqamət verməyə, onları əxlaqlı, tərbiyəli, elmli, savadlı yetişdirməyə borcludur. Bu keyfiyyətlərə malik olan hər bir insan heç vaxt vətəninin, xalqının taleyinə biganə qala bilməz. Övladlarımız bizim işimizi, nəslimizi davam etdirən bir qoldur.
Böyük oğlum Rəhman da mənim kimi Azərbaycan Dillər Universitetinin məzunudur. Tərcümə fakültəsini bitirib. Hazırda hərb sahəsində çalışır. Evlidir, 2 qız övladı var.
Kiçik oğlum Orxan Məmmədli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, hazırda ehtiyatda olan leytenantdır. Orxan 2008-ci ildə Almaniyada təşkil olunan taekvondo üzrə 7-ci Avropa çempionatının, 2010-cu ildə ABŞ-da keçirilən Hap Ki Do üzrə dünya, 2013-cü ildə Yunanıstanda keçirilən döyüş sənəti üzrə dünya çempionatının qızıl mükafatçısıdır. Dəfələrlə ölkə səviyyəli yarışlarda turan-do, uşu-sando və digər döyüş sənəi növləri üzrə keçirilən yarışlarda mükafatalayiq yerləri tutub. O həm də 2012-ci ildə Türkiyədə kikboksinq üzrə "Qızıl kubok”un sahibi, 2013-cü ildə Polşada keçirilən taekvondo üzrə açıq çempionatda bürünc medala layiq görülüb. Orxan hap ki do üzrə 4-cü dan, turan-do və çun-fun do üzrə 2-ci dan qara kəmər sahibidir. O həm də hap-ki-do üzrə idman ustasıdır. Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Bədən tərbiyəsi və fikizi hazırlıq kafedrasında müəllim işləyir. Ailəlidir.
Qızım Slavyan Universitetini biritib. Hazırda analıq məzuniyyətindədir.
- Bayram müəllim, gənclərə nə arzu edərdiniz?
- Vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı vahid amal uğrunda - Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması üçün bütün qüvvəsini səfərbər etməyə və var gücü ilə çalışmağa borcludur.
Müdriklər gözəl deyiblər: "Dənizçinin cəsarəti fırtınada, əsgərin cəsarəti müharibədə, xalqın cəsarəti ağır sınaq günlərində bəlli olur”. Qarabağ uğrunda gedən döyüşlərdə döyüşən əsgərlər vətən uğrunda şəhid oldular. Şəhid oldular ki, uğrunda can verdikləri vətən torpağı yağı əlində qalmasın. İgid qəhrəmanların nigaran ruhlarını azad etmək üçün hər an Ali Baş Komandanın əmrinə müntəzir olmalıyıq. Müqəddəs və əzəli vətən torpaqlarımızın erməni tapdağından azad edilməsi üçün hər an səfərbər olmalıyıq. Yoxsa vətən bizi bağışlamaz.

Səadət Hakıyeva

Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
 Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.