Kofein idmançıda bərpa prossesini sürətləndirir

Kofein idmançıda bərpa prossesini sürətləndirir

Tədqiqatlar nəyi göstərir?

Avstraliyalı tədqiqatçıların apardığı araşdırmalar nəticəsində kofein maddəsinin idmanda bədənin bərpaolma prossesini sürətləndirdiyi sübut edilib. Tədqiqatçıların fikrincə, ağır fiziki yüklərdən sonra kofein qəbul etmək orqanizm üçün xeyirlidir. Beləliklə, bu maddə əzələlərdə qlukoza ehtiyatının artmasına səbəb olur.
Buna qədər aparılan tədqiqatlar göstərib ki, məşqdən əvvəl və sonra qəbul edilən kofein ancaq idmançının fiziki gücünün və dözümlülüyünün artırmasına səbəb olur. Lakin avstraliyalı mütəxəssislər sübut ediblər ki, kofein qəbulu əzələ toxumalarının da bərpa olunmasına kömək edir.
Tədqiqatlar Avstraliyanın bir neçə aparıcı elmi tədqiqat mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilib. 7 idmançı üzərində aparılan təcrübədən əvvəl velosipedçilərə velotrenajorlarda tam olaraq yorulana qədər məşq etmək tapşırılıb. Yorulan idmançılara məşqdən sonra axşam yeməyi veriblər. Onların qəbul edəcəyi qidaların tərkibinə az miqdarda karbohidrat əlavə edilib. Bununla da, alimlər idmançıların əzələlərində qlikogenin maksimum dərəcədə azalmasına şərait yaradıblar. Yorucu məşq səhəri gün təkrar olunub. Sonra idmançılar 2 qrupa bölünüblər. Hər iki qrupa dadı, rəngi və iyi eyni olan tərkibində yüksək miqdarda zülal olan şirə verilib. Həmin şirələrdən yalnız birinin içinə kofein əlavə olunub. Dörd saatdan sonra idmançıların əzələ toxumalarından və qanlarından müayinə götürülüb. Bir neçə gündən sonra bu eksperiment eynilə təkrarlanıb. Ancaq bu dəfə bütün idmançılara kofein tərkibli şirə verilib. 


Qlikogen əzələ toxumalarının «yanacağı» hesab olunur
Əzələ toxumalarından və qandan götürülən nümunələrin biokimyəvi müayinəsi göstərib ki, məşq prossesindən sonra idmançıların kofein qəbul etməsi nəticəsində əzələlərdə qlikogenin yüksəlməsi çox sürətlə baş verir. Qlikogen əzələ toxumalarının «yanacağı» hesab olunur. Məlum olub ki, ağır məşqlərdən sonra kofein qəbul edən idmançılarda qlikogenin səviyyəsi 66 faizə çatıb. Eyni zamanda, kofein qanın tərkibində zülalların, insulinin, bəzi proteinlərin də səviyyəsini qaldırıb. Avstraliyalı alimlər bildiriblər ki, təcrübə zamanı yüksək dozalı kofeindən istifadə olunub. (5-6 fincan möhkəm kofe həcmində) Beləliklə, «yaşıl qitə»nin elmi işçiləri kofeinin orqanizmə nə qədər faydalı olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, bu maddə Beynəlxalq Antidopinq Agentliyinin tərtib etdiyi qadağan olunmuş maddələr siyahısından 2004-cü ildə çıxarılıb. 


Leyla