İdman fəlsəfəsinin inkişaf perspektivləri

İdman fəlsəfəsinin inkişaf perspektivləri

"Fəlsəfə” sözü yunan mənşəli olub, "hikmətə (sofiya) "məhəbbət” (fileo) deməkdir. Bu sözün mənasını ilkin olaraq Platon (e.ə. 428-348-ci illər) və Aristotel (e.ə. 384-322-ci illər) dərindən təhlil etmişlər. Fəlsəfəni xüsusi bir elm kimi ilk dəfə fərqləndirən isə Platon olmuşdur.
"Fəlsəfə” sözü termin kimi ilk dəfə Pifaqor tərəfindən işlənmişdir. Ümumilikdə isə, fəlsəfə formalaşmış bir elm kimi quldarlıq cəmiyyətində meydana gəlmişdir. İlkin fəlsəfi görüşlərin şərqə məxsus olmasına baxmayaraq, sistemli bir elm kimi ilk dəfə Yunanıstanda öyrənilmişdir.
Fəlsəfə sözü müxtəlif dövrlərdə müxtlif mənalarda başa düşülürdü. Bununla belə, bütün hallarda bu söz biliyin xüsusi bir növü olan həqiqətə, müdrikliyə məhəbbət, dərin təfəkkür, həyat fəaliyyətinin düzgün istiqamətlərinin axtarışı və tapılması, insan həyatının düşünülmüş şəkildə qurulması yollarını nəzərdə tuturdu. Beləliklə, deyə bilərik ki, fəlsəfə varlığın əsas suallarına insan tərəfindən cavabların axtarılması və tapılması deməkdir. Fəlsəfi dünyagörüş, bütövlükdə dünyaya və insanın bu dünyaya münasibətinin baxışlarının məcmusudur.
İdman həyatın canlı fəlsəfəsidir. Təsadüfi deyil ki, müasir Olimpiya oyunlarının yaradıcısı Pyer de Kuberten olimpizmi "həyat fəlsəfəsi” adlandırmışdır.
İdman fəlsəfəsi müasir və elmi tədqiqat sahəsinin nisbətən gənc, lakin iddialı sahəsidir. Amerikalı Ulyam Morqan idman fəlsəfəsinin inkişaf perspektivlərini və onun tarixini müəyyən edərkən yazmışdır: "Əgər ənənəvi fiziki tərbiyə fiziki fəallıq və idmanın məhz tibbi və pedoqoji tədqiqatlarına əsaslanırdısa, yeni yaranan idman tədqiqatlar sahəsi ənənəvi tibbi və pedaqoji tədqiqatları fəlsəfi, tarixi və ictimai yeniliklərlə zənginləşdirərək, daha ambisioz (təkəbbürlü) intellektual məqsədləri güdür”. İdmanın mahiyyətini və mənasını öyrənən fənlərarası elm idman fəlsəfəsi adlanır.
Idman fəlsəfəsinin fiziki tərbiyə və idman sahəsində tətbiğinə, elmi nailiyyətlər və fəlsəfi biliklər arasında onun müstəqil fənn kimi yaranmasına mane olan bir sıra tarixi ziddiyyətlər aşkar edilmişdir. Antroposentrik intibah dövründən sonra fiziki tərbiyə və idman haqqında fəlsəfənin, eləcə də idman elminin uzun illər bir-birindən aralı inkişaf etməsinə baxmayaraq, idman daim fəlsəfi dərketmənin diqqət mərkəzində olmuşdur. İdman fəlsəfəsi və idman elmi arasında olan fərq ziddiyyətini ənənəvi Qərbi-Avropa təfəkküründən imtina edən müasir ingilis-amerikan fəlsəfəsi daha da çətinləşdirdi. Filosofların adamın bədən quruluşuna substansional əsas kimi baxışı da fikir ayrılığına səbəb oldu. İngilisdilli mütəfəkkirlərin fikrincə, adamın anlama mahiyyəti dəqiq elmi müəyyənliyin təsirinə məruz qalmır.
Houard Slaşerin "İnsan - idman və varlıq” (1967), Eleonor Metenin "Hərəkət və əhəmiyyəti” (1968) əsərləri idman fəlsəfəsinin formalaşmasının hazırlıq mərhələsi sayılır. Məşhur Pol Veysin "İdman: fəlsəfi tədqiqat” kitabı onun analitik-filosof həmkarlarını idmanın kulturoloji mahiyyətinə fikir verməyə sövq etdi. 1972-ci ildə "İdmanın öyrənilməsi üzrə fəlsəfi cəmiyyət” təşkilatı qurulduqdan və 1974-cü ildə bu cəmiyyətin nəşr etdirdiyi "İdman fəlsəfəsi jurnalı” işıq üzü görəndən sonra idman fəlsəfəsinin elmi biliklərin sahələrarası cərəyanı kimi müstəqil statusu qətiləşdi.
Hansı sahə olursa-olsun, onun elmi mahiyyətini, fəlsəfəsinin hüdudlarını, mövzu dairəsini müəyyənləşdirmək ilkin şərt hesab olunur. Qeyd etdiyimiz ilkin şərtlər, ilk növbədə əldə olunan təcrubələrin nəticələrinə uyğun olaraq onun inkişafının mərhələlərini müəyyənləşdirir. Elm, fikir və düşüncə sahiblərinin idman fəlsəfəsinin inkişaf perspektivlərinin mahiyyətini müəyyən etmək üçün bədən tərbiyəsi və idman elmi üzrə məşğul olan mütəxəssislər bu işə cəlb olunmalıdır.
İdman fəlsəfəsi idman elmində əsas mövqe tutan struktur dərketmə metoduna üstün gəlməlidir. Bu da on illərlə "bədən tərbiyəsi”, "fiziki tərbiyə”, "idman” anlayışlarının nisbəti barədə müzakirələrin aparılmasına gətirib çıxarmışdır.
İdman fəlsəfəsinin məqsədi bədən tərbiyəsinin bir elm sahəsi kimi inkişafına və bu sahədə yaranan problemlərin aradan qaldırılmasına yardım etməkdən ibarətdir. Onun vəzifəsi isə insanın təbiətlə rəqabətə girməsinin effektliliyini dərk etmək, həyata baxışlarında özünə inam və nəhayət ki, "sağlam bədəndə sağlam ruh olar” düşüncəsinin maddi və mənəvi aləmlə vəhdətinin mahiyətini aşılamaqdan ibarətdir. Bəşəriyyət yarandığı gündən bədən tərbiyəsinin ictimai həyatda böyük rolu olmaqla yanaşı, onun inkişaf tarixi də özünü göstərməkdədir.
Lakin bütün ictimai-siyasi formasiyalarda bədən tərbiyəsinin və idmanın əhəmiyyəti düzgün başa düşülsə də, onun xarakteri və mahiyyəti eyni dərəcədə dəyərləndirilməmişdir. Əgər ibtidai insan yaşamaq, özünü qorumaq və acından ölməmək üçün işləyir, çalışırdısa, instinktik olaraq güclü olmasını dərk edir və beynində götür-qoy etdikdən sonra bədən tərbiyəsi və idmanın ilkin inkişaf mərhələsinin əsasını yaradırdı. Onu da qeyd etmək lazımdır ki, bədən tərbiyəsi və idmanın xarakteri feodalizm cəmiyyətində inkişaf edə bilmədi.
Eramızdan iki min il əvvəl, Azərbaycan ərazisində bürünc dövrün mövcud olduğu dövrlərdə ən qədim insanların məskunlaşdığı Azıx mağarasında və Qobustan daşüstü abidələrində insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən rəqslərə, güləş nümunələrinə rast gəlirik. Qayalar üzərində təsvir olunmuş çoxlu ov səhnələrini və fiziki hərəkətlərin təsviri o dövrdə də idmana, bədən tərbiyəsinə önəm verildiyini göstərir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvi də əsərlərində Azərbaycan xalqının igid oğullarının qəhrəmanlığını, xüsusən də pəhləvanların məharətini xüsusi, orjinal geyim tərzilə təsvir etmişdir. Zərdüşt peyğəmbərin "Avesta” kitabında insan bədəninin təmizlik və gözəlliyi haqqında geniş məlumat verilir.
Ümumiyyətlə, mütəfəkkirlərimizin yazdığı əsərlərdə, xalqımızın fiziki tərbiyəyə xüsusi əhəmiyyət verdiyinin şahidi oluruq. Nağıl, və əfsanə, qəhrəmanlarımızın fiziki hazırlıqları ilə başqalarından seçildiyini deyə bilərik. Qeyd etdiyimiz əsərlərdə gücün, qüvvənin vətənin azadlığına, torpaqların qorunması kimi müqəddəs işlərə sərf olması tövsiyə edilir.
Müasir dünyamızda millətlərin, dövlətlərin mövcud böhrandan çıxmasını şərtləndirən amillər sırasında elmin inkişafı qaçılmaz olduğu öz təsdiqini tapmışdır. Zehnin, idrakın, təfəkkürün inkişafı da bilavasitə bədən tərbiyəsi və idmanın təsiri ilə daha möhtəşəm olur. Bu möhtəşəmlik cəmiyyətə yararlı olmaqla səciyyələnir. Fikirimizi ümumiləşdirərək deyə bilərik ki, bədən tərbiyəsi və idman təkcə insanların sağlam həyat tərzi deyil. Onun təbiətə uyğunlaşması da o qədər önəmli və əsas deyil. Bədən tərbiyəsi və idmanın məqsədinin ana xəttində insanın imkanları çərçivəsindən kənara çıxmaq, onun real varlığının sərhədlərindən kənarda mənəvi-fiziki və yaradıcı potensialı tapmaq və onu həyata keçirmək dayanır.
Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə idmanın elmi-tədqiqat işlərinə söykənməsi sayəsində yüksək nəaliyyətlər əldə edilmişdir. İndi idmançı orqanizmi araşdırılaraq təbii parametirlər üzərində qurulur və nəticədə, cəmiyyətə yararlı, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi təqdim olunur. İdmançının şəxsiyyət kimi formalaşmasına fəlsəfi təfəkkürün mahiyyəti baxımdan yanaşılmalıdır. Fəlsəfi təfəkkürün bədən tərbiyəsi və idmanın inkişafina təsir effektliliyi də burada özünü göstərir. Ancaq idmançıdan qüvvəsindən, imkanından artığını tələb etmək olmaz. Deməli, elmi yanaşma onu diqtə edir ki, hər kəsin qabiliyyətini, bacarığını nəzərə almaq vacibdir. Burada məsələyə tələbkarlıqla yanaşılmanın vacibliyinə baxmayaraq ehtiyatlı tərpənməyin özü də əsas şərtlər sırasında durmalıdır. Tələbkarlıq insan ləyaqətinə (xüsusilə də gənclərdə daha həssas olur D.Q.) hörmətlə müşahidə olunmadıqda əksinə çevrilir və heç bir müsbət nəticə vermir. Bu düşüncəni ümumiləşdirərək deyə bilərik: Tələbkarlığa qərəzçilik və hörmətsizliklə yanaşdıqda, o, mənasını, əhəmiyyətini itirir və nəticədə, ruhlandırıcı qüvvədən pozucu amilə çevrilir.
Insanın formalaşmasında, onun fiziki-cismani kamilləşməsində iki mühüm amil iştirak edir. Bunlardan birincisinə təbii amillər, ikincisinə isə fiziki hərəkətlər, idman daxildir. İnsanın özünü, öz maddi və mənəvi potensialını maksimum reallaşdıra bilməsi üçün ona ilk növbədə fiziki sağlamlıq lazımdır.
Ənənəvi bədən tərbiyəsi, istisnasız olaraq, fiziki fəallığa və idmana dair tibbi və pedaqoji tədqiqatlara əsaslanırdısa, idman tədqiqatlarının yeni yaranan sahəsi (idman fəlsəfəsi) daha böyük intellektual məqsədləri qarşısına qoyaraq, onu ənənəvi tibbi və pedaqoji, tarixi və sosioloji tədqiqatlarla tamamlayır.
Böyük alman filosofu Hegel qeyd edir ki, idmanın dili, insanın cismaniliyinin canlı fiqurları şəklində maddiləşirsə, fəlsəfənin dili insan mədəniyyətinin bütün nailiyyətlərini bir yerə cəmləyir. İdman fəlsəfəsinin vəzifəsi bədən tərbiyəsi və idman haqqında elmi, müasir anlayışlar ilə zənginləşdirmək və inkişaf etdirməkdən ibarətdir.