Bakı Miniatür Kitablar Muzeyi nadir mədəniyyət nümunələrindəndir

Bakı Miniatür Kitablar Muzeyi nadir mədəniyyət nümunələrindəndir



Dahi rus yazıçısı Maksim Qorki deyirdi: "Məndə olan bütün yaxşı cəhətlər üçün kitablara borcluyam”. Bilik mənbəyi olan kitab insanın daxili aləmini zənginləşdirən ən güclu vasitədir. Kitablara böyük məhəbbəti olan Azərbaycanın mədəniyyət xadimi Zərifə Salahova miniatür kitablardan böyük bir dünya yaradıb. Zəngin ömür yolu keçmiş, ictimai və peşəkar təcrübəyə malik Zərifə xanım Miniatür Kitablar Muzeyinin təsisçisi və yaradıcısıdır. Ölkənin mədəni həyatında fəal iştirak edən Zərifə xanım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkədə kitab mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni, MOK-un 20 illiyi münasibətilə idmanın inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Dünyada analoqu olmayan Bakı Miniatür Kitablar Muzeyi nadir mədəniyyət nümunələrindən biridir. 2002-ci ildə yaradılan muzeydə 64 ölkədə nəşr olunmuş 5700 kitab nümayiş etdirilir. Zərifə Salahova MOK İcraiyyə Komitəsinin üzvü, Azərbaycan "Kitab” Cəmiyyəti İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO-nun işləri üzrə Milli Komissiyanın, İctimai Televiziyanın Yayım Şurasının üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisidir. Zərifə xanım Miniatür Kitablar Muzeyindəki nadir kitabları təxminən 32 ilə toplayıb. Qeyd edək ki, buradakı kitablardan ən kiçiyinin həcmi 0.75 x 0.75 millimetr, böyüyünün həcmi isə 100x100 millimetrdir. Maraqlıdır ki, muzeydəki ölçüsü 75 millimetrdən az olan 2913 kitab Ginnesin "Rekordlar kitabı”nın tələblərinə cavab verir. Zərifə xanımın sözlərinə görə, bu göstəricilərin Ginessin "Rekordlar kitabı”na salınması üçün artıq müraciət olunub. İndiyədək muzeyə 220 mindən çox tamaşaçı ziyarət edib. Burada ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimlərinə həsr olunmuş "Vətənə, dövlətə, xalqa sədaqət andı”, "Heydər Əliyevin neft strategiyası”, "Heydər Əliyevin xatirəsinə poema”, "Azərbaycan Respublikası”, "Xoşməramlı səfir”, "Kitabi-Dədə Qorqud”, "Qurani-Kərim”, "Koroğlu”, Nizami, Xaqani, Məhsəti, Nəsimi kimi klassiklərimizin, onlarla müasir Azərbaycan ədəbiyyatı nümayəndəsinin, dünya ədəbiyyatının Şekspir, Bayron, Puşkin kimi korifeylərinin əsərləri nümayiş etdirilir.


Azərbaycanda bu muzeyin yaranması Heydər Əliyevin adı ilə bağlıdır
1995-ci il iyunun 3-də M.F.Axundov adına Dövlət Kitabxanasında Azərbaycan, rus və ingilis dillərində çıxan "Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabların təqdimat mərasimidə ümumilli lider Heydər Əliyev də iştirak edirdi. Heydər Əliyev Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə Salahovanın fəaliyyətini yüksək qiymətləndirdi: "Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”. Bu nəşrin ardınca Azərbaycan dilində 60x80 mm ölçüdə "Azərbaycan Respublikasının Konstitusiyası”, 38x53 mm ölçüdə üç dildə "Azərbaycan Respublikası”, 1998-ci ildə ümümmilli liderin ikinci müddətə Prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışı üç dildə çap olundu.
Heydər Əliyevin göstərişi ilə Bakının qədim guşəsində, İçərişəhərdə muzeyə yer ayrıldı. Bu muzeyin yaradılmasına xeyli vaxt və güc sərf olundu. YUNESKO-nun qərarı ilə hər il bütün dünyada keçirilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə - 2002-ci il aprelin 23-də muzeyin açılışı oldu. Qeyd edək ki, Bakı Miniatür Kitablar Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz ümummilli liderə həsr olunan kitablardır. Çünki Azərbaycanda belə bir muzeyin varlığı, mövcudluğu məhz Heydər Əliyevin adı ilə bağlıdır.
İndiyədək Azərbaycan Respublikası "Kitab” Cəmiyyətinin xətti ilə ulu öndər Heydər Əliyevlə bağlı 37 miniatür nəşr işıq üzü görüb. Müxtəlif ölçülərdə buraxılan kitablar Heydər Əliyev Fondunda və Miniatür Kitab Muzeyində nümayiş etdirilir.

Zərifə Salahova ümummilli liderin vətən, xalq qarşısında xidmətlərini yüksək qiymətləndirərək deyir: "Ulu öndər mənim muzey yaratmaq fikrimi hamıdan öncə bəyəndi və onun tapşırığı ilə bu muzey yaradıldı. Mən bunu ömrüm boyu unutmaram. Heydər Əliyevin qayğısı və köməyi olmasaydı, heç vaxt belə bir muzey yaradılıb xalqın ixtiyarına, istifadəsinə verilə bilməzdi. O zaman bu, ulu öndərin Azərbaycan mədəniyyətinə yeni bir töhfəsi oldu. Mən fəxr edirəm ki, ümummilli liderin adı ilə bağlı miniatür kitablar Heydər Əliyev Fondunda saxlanılır”. Zərifə xanım ulu öndərlə bağlı ilk miniatür kitabının çapını belə xatırlayır: "1993-cü il oktyabrın 15-də Prezidentin andiçmə mərasimi keçirilirdi. Mərasimdə mən də iştirak edirdim. Ulu öndərin buradakı dərin məzmunlu nitqinə heyran qaldım. Həmin dövr Azərbaycan ağır günlərini yaşayırdı. Heydər Əliyev düz bir saat 10 dəqiqə ayaqüstə, heç bir qeydə-kağıza baxmadan məzmunlu çıxış etdi. Bütün iştirakçılar həyəcan içində idi. Mən hətta kövrəlmişdim. Heydər Əliyevin hər bir sözü, Azərbaycanın uğurlu gələcəyinə ünvanlanmış hər bir fikri çəkdiyimiz əzablı günləri bizə unutdurur, haqqa-ədalətə inamı artırırdı. Bu, əslində, vətənə, xalqa, dövlətə əsl sədaqət andı idi. Mən hələ tədbirdə qərara aldım ki, bu çıxışın mətnini kiçik ölçüdə nəfis tərtibatda nəşr etdirəcəyəm. Heydər Əliyev haqqında nəşr olunan kitabların hər biri diqqətçəkəndir. Bunların arasında ulu öndərin 75 illiyi münasibətilə buraxılan kitab xüsusi önəm daşıyır. Çünki o, xatirə hədiyyəsi kimi tərtib olunub, kitabın yerləşdiyi qutuya Moskvada, "Monetnıy dvor”da xatirə medalı da daxil edilib. "Əsrin müqaviləsi” adlanan bu miniatür kitabı ulu öndərə təqdim edəndə o, təşəkkür edərək, medalın üzündəki portretinə diqqətlə baxıb dedi: "Mən birinci dəfə görürəm ki, şəkildə özüm özümə oxşayıram”.
Diqqəti çəkən cəhətlərdən biri də budur ki, həcmcə kiçik olduqlarına baxmayaraq, bu kitablar bir-birinə bənzəmirlər. Üz qabıqları maraqlı və bir-birindən fərqli formalardadır. Ümumiyyətlə, miniatür kitabların tərtibatı irihəcmli kitablardan daha çətindir.

Muzeyin kitabları dünyanın 18 ölkəsində nümayiş olunub
Muzeydə idman və Olimpiya Hərəkatının inkişafına həsr olunmuş kitablardan ibarət bir güşə də var. Orada "Olimpiya oyunları-2000”, "Olimpiya Oyunları-2004”, "Olimpiya Oyunları-2008”, "Olimpiya Oyunları-2012”, "MOK-un 10 ili”, "MOK-un 20 ili” kimi miniatür kitablar muzeyin stendlərini bəzəyir.

2006-cı ildə Miniatür Kitablar Muzeyində keçirilən "Olimpiya Oyunları-2004” miniatür kitabının təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak edib. Bu dünyada idmana aid buraxılan ilk miniatür kitab kimi tarixə düşüb. Kitab Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızın yolasalma mərasimindəki nitqi ilə başlayır, Olimpiya oyunlarında iştirak etmiş idmançı və məşqçiləri qəbul edərkən söylədiyi nitqi ilə sona yetir. Nəşrdə hər bir Olimpiya medalçısı haqqında yığcam məlumat, habelə yarışların ən gərgin anlarını əks etdirən şəkillər də verilib.
Muzeyin kitabları dünyanın 18 ölkəsində - Rusiya (Moskva), Fransa (Paris), Türkiyə (Ankara), Ukrayna (Kiyev), Avstraliya (Sidney), Əfqanıstan (Kabil), Banqladeş (Dakka) və s. nümayiş olunub. Bu mini əsərlərin beynəlxalq səviyyədə təqdimatı Azərbaycanın ədəbi irsini, mədəniyyətini təbliğ edir.


Çəkilən zəhmətə verilən layiqli qiymət
Zərifə xanım buyaxınlarda İsveçrənin Lozanna şəhərində yerləşən Beynəlxalq Olimpiya Muzeyində olub. Səfər zamanı Zərifə Salahovaya Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın imzası ilə qadınların idmana cəlb edilməsi və iştirakında göstərdiyi xidmətlərə görə sertifikat təqdim olunub. Zərifə xanıma həm də BOK-un keçmiş prezidenti Jak Roqqun imzası ilə diplom verilib. Z.Salahova qeyd etdi ki, verilən bu mükafatlar Azərbaycan idmanı və Olimpiya Hərəkatına verilən ən yüksək qiymətdir.
- 2003-cü ildə Varşavada BOK-un təşkilatçılığı ilə "Qadın və idman” mövzusunda beynəlxalq konfrans keçirilirdi. MOK-un İcraiyyə Komitəsinin "Qadın və idman” komissiyasının sədri kimi bu konfrasda iştirak edirdim. Tədbirdə Azərbaycan təmsilçisi kimi mənə də söz verildi. Mən ölkəmizin 20 ildən artıq müharibə şəraitində yaşadığını, torpaqlarımızın iyirmi faizinin düşmən tapdağı altında olduğunu və respublikamızda 1 milyondan artıq qaçqın və məcburi köçkün olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdım. Köçkün və qaçqın ailələrin uşaqları üçün yay vaxtı idman düşərgələrinin təşkil edilməsini təklif etdim. Məruzədən sonra BOK-un komissiya sədrlərindən biri təklifimi bəyəndiyini dedi və məndən xahiş etdi ki, bu təkliflə bağlı bir ay ərzində müvafiq layihə hazırlayaraq, BOK-a təqdim edim. Bakıya qayıtdıqdan dərhal sonra uşaq idman düşərgələri ilə bağlı layihəni hazırlayıb göndərdim. 6 aydan sonra BOK-dan mənə bildirdilər ki, cənab Jak Roqqun imzası ilə diploma layiq görülmüşəm.

2010-cu ilin dekabr ayında Cənubi Afrikanın Durban şəhərində beynəlxalq konfrans keçirilirdi. Tədbir Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və YUNESKO-nun birgə təşkilatçılığı ilə təşkil edilmişdi. Burada əsas müzakirə mövzusu gənclər, mədəniyyət, təhsil və idmanla bağlı idi. Qeyd edim ki, beynəlxalq konfransdan bir neçə ay əvvəl Cənubi Afrika futbol üzrə dünya çempionatına ev sahibliyi etmişdi. Çempionatla bağlı burada səfərdə olan və Afrika gənclərinin problemləri ilə yaxından tanış olan idman mütəxəssisləri müvafiq tədbirlər görməyə çalışırdılar. MOK-un İcraiyyə Komitəsinin üzvü kimi mən də bu tədbirdə iştirak edirdim. Durban konfransına gedəndə ingilis dilində nəşr edilən "Olimpiya Oyunları -2008” miniatür kitablarını da özümlə götürmüşdüm. Konfrans başa çatdıqdan sonra mən bu kitabı BOK-un keçmiş prezidenti Jak Roqq başda olmaqla, rəyasət heyətində əyləşən bütün nümayəndə üzvlərinə təqdim etdim. Bu, onların böyük marağına səbəb oldu. Konfrans keçirilən müddətdə BOK-un nümayəndələri məndən bu kitabları Beynəlxalq Olimpiya Muzeyinə təqdim etməyi xahiş etdilər.
Lozannaya getmək və Olimpiya oyunları ilə bağlı miniatür kitabları Olimpiya Muzeyinə təqdim etmək istəyirdim. Mən bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadəyə müraciət etdim. MOK-da mənə lazımi kömək göstərildi və oktyabrın 23-də Lozannaya səfər etdim. Orada məni səmimi qarşıladılar və Olimpiya Muzeyi ilə ətraflı tanış etdilər. Muzey "həqiqətən” heyrətamizdir. Burada 1896-cı ildə Afinada təşkil edilən Olimpiya oyunlarından başlamış 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarına qədərki dövr əhatə olunub. Muzeydə Olimpiya rəmzləri, medallar, atributlar nümayiş olunur. Muzeyin arxivində müasir olimpizimin banisi Pyer de Kubertenin əlyazmaları saxlanılır. Muzeyin ofisində 20 miniatür kitabın çap olunduğu 7 dildə 3,3x3,3 miniatür nüsxəsini mənə göstərdilər. Onlara deyəndə ki, məndə 17 miniatür belə kitab var, təəccübləndilər. Muzeyin əməkdaşları miniatür kitabların nəşri ilə bağlı gördüyüm işləri yüksək qiymətləndirdilər. Azərbaycan və ingilis dillərində nəşr olunmuş "Olimpiya Oyunları-2000”, "MOK-10 il”, "Olimpiya Oyunları-2004”, "Olimpiya Oyunları-2008”, "MOK-20 il”, "Olimpiya Oyunları-2012”, eləcə də üç dildə "Azərbaycan Respublikası” miniatür kitablarını onlara təqdim etdim. Olimpiya Muzeyinə həmçinin "İlham Əliyev-50” miniatür kitabını da verdim. Qeyd edim ki, bu kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatını və fəaliyyətini əks etdirən xronoloji ardıcıllıq öz əksini tapıb. Bundan başqa mən Olimpiya muzeyinə "İsveçrə Prezidentinin Bakıya rəsmi səfəri” və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı çap edilən "Azərbaycan”, "Bakı”, "İçərişəhər”, Abşeron” kitablarını də muzeyə verdim. "Tahir Salahov” və "Zərifə Salahova” adlı kitabları isə muzeyin iki əməkdaşına hədiyyə etdim. BOK-un əməkdaşı xanım Vaqner Maria mənə BOK-un prezidenti Tomas Baxın imzası ilə sertifikat təqdim etdi.

İnsanlar dünyadan köçürlər, kitablar isə qalır...
Bakı Miniatür Kitablar Muzeyinə giriş pulsuzdur. Bu mədəniyyət ocağının qapısı ziyarətçilərin üzünə həmişə açıqdır. Tamaşaçıları bura gətirən kitablara olan sonsuz həvəs və muzeyə olan maraqdır. Burada olduğumuz müddətdə yerli sakinlərlə yanaşı, Rusiyadan, Türkiyədən ölkəmizə gəlmiş insanların muzeyi böyük maraqla seyr etdiklərinin şahidi olduq. Qonaqlar muzeyin əməkdaşlarına ürəkdən minnətdarlıq edir, öz təəssüratlarını bölüşür və Zərifə xanımla xatirə şəkilləri çəkdirirdilər.
Maraqlıdır ki, müxtəlif illərdə xarici mədəniyyət xadimləri, alimlər, diplomatlar muzeyin qonağı olublar. 2007-ci ildə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey də muzeyin qonağı olub və xatirə kitabına öz ürək sözlərini yazıb. Zərifə xanım ziyarətçiləri qonarpərvərliklə qəbul edir və eksponatlarla həvəslə tanış edir. Əminik ki, Zərifə Salahova bundan sonra da daha böyük nailiyyətlər qazanacaq. Çünki Zərifə xanım ömrünü bəşəriyyətin müdrikliyi və mənəviyyatını təcəssüm etdirən kitablara həsr edib. Özünün dediyi kimi, insanlar dünyadan köçür, kitablar isə yaşayır...
Səadət Hakıyeva
Aysel Sultanova