I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur

I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük uğurudur

Müstəqil Azərbaycan Respublikasında idmanın inkişafını, Olimpiya Hərəkatının geniş vüsət almasını ölkənin ümumi inkişafının bir göstəricisi kimi dəyərləndirmək lazımdır. Azərbaycan artıq dünyada, sadəcə, zəngin neft-qaz ölkəsi kimi deyil, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə verən, beynəlxalq humanitar forumlara ev sahibliyi edən, tolerantlığın mərkəzinə çevrilən bir ölkə kimi qəbul olunur. Respublikamız regionun təhlükəsizliyinə zəmanət yaradan bir güc mərkəzi kimi möhkəmlənib. İqtisadi və sosial həyatın müasir səviyyəsi, davamlı modernləşdirmə, tendensiyası, yüksək mədəni ənənələrin formalaşması və inkişafı, beynəlxalq səviyyəli humanitar aksiyaların, forumların, idman yarışlarının ənənə halını alması ölkəmizin dünya mədəniyyətinə mühüm töhfə verdiyini nümayiş etdirir. Bu baxımdan deyə bilərik ki, Azərbaycanın idman infrastrukturu ilk Avropa Oyunlarınının yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq Olimpiya Komitəsinin keçmiş prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsini (MOK) dinamik bir təşkilat adlandırmış, MOK-un keçmiş sovet məkanında yaradılmış bütün milli Olimpiya komitələri üçün bir örnək olduğunu söyləmiş və yeni yaranmış milli Olimpiya komitələrinə nümunə göstərmişdir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Azərbaycanın həm beynəlxalq miqyasda, həm də Avropa səviyyəsində Olimpiya idmanının inkişafında parlaq məşələ çevrildiyini bildirmişdir. "Bu nailiyyət, əsasən, Azərbaycan dövlətinin rəhbəri, eyni zamanda Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahələrinə sadiqliyi və baxışları, səyləri sayəsində mümkün olmuşdur. Ola bilsin, coğrafi baxımdan Azərbaycan Avropanın mərkəzindən uzaq olsun. Amma idman komplekslərinin tikintisi ilə siz Avropanın lap ürəyində yer tutursunuz”, - deyə o vurğulayıb.
Son illərdə Azərbaycanda təşkil olunmuş bir neçə idman yarışını nəzərdən keçirmək kifayət edər ki, beynəlxalq idman qurumlarının Azərbaycana göstərdiyi etimadın miqyasını ifadə etmək mümkün olsun. Ölkəmizdə müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, kubok yarışları və Qran-pri turnirlərinin hər il təşkili ənənə şəklini alıb.
İdmançılarımızın Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarındakı inamlı qələbələri ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Təkcə 2013-cü ildə ölkəmizdə 298 respublika yarışı (2012-ci ildə 150 yarış) təşkil edilmiş, 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilmiş və xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışlarda isə (2012-ci ildə 250 yarış) ölkəmizin yığma komandalarının iştirakı təmin olunmuşdur.
2013-cü il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal (2012-ci ildə 735 medal- 255 qızıl, 244 gümüş, 236 bürünc ) əldə edilmişdir. Bunlardan 296 medal (101 qızıl, 74 gümüş, 121 bürünc) Olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-Olimpiya idman növlərinin payına düşür.

Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya Hərəkatının fəal üzvlərindəndir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı artıq 50-yə çatdırılmışdır. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.
Bu il Azərbaycanda bir sıra idman kompleksi idmançıların istifadəsinə verilib. Ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə mayın 1-də Qobustan İdman Kompleksi, iyulun 1-də Şirvan, iyulun 19-da Xaçmaz, avqustun 16-da isə Qax Olimpiya idman komplekslərinin açılış mərasimləri keçirilib.
Azərbaycan idmançılarının Olimpiya oyunlarında yüksək nəticələr əldə etməsi ölkədə yaradılan idman infrastrukturu ilə vəhdət təşkil edir. 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunları bir daha göstərdi ki, atletlərimiz dünyanın ən güclü idmançıları ilə mübarizə aparmaq iqtidarındadırlar. Prezident İlham Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlığı qarşıda duran ciddi vəzifələrdən biri kimi müəyyənləşdirmişdi. Dövlət başçısının 2010-cu il 22 iyun tarixli "XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncamı bu baxımdan xüsusi əhəmiyyətə malik idi. Bu Sərəncamın imzalanması Azərbaycan Olimpiya komandasının 2012-ci ildə London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarına mütəşəkkil hazırlanması və idmançıların London Olimpiadasında iştirakının lazımi səviyyədə təmin olunmasına xidmət edirdi.
Bütün dünyanın diqqət mərkəzində olan XXX Yay Olimpiya Oyunları Azərbaycan üçün kifayət qədər mühüm göstəricilərlə yadda qaldı. Respublikamız bu olimpiadada 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 204 ölkə arasında 30-cu yeri tutdu.
Ölkə idmançıları Londonda qələbə əzmi nümayiş etdirərək, ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışdılar. London-2012 Olimpiya Oyunlarında güləşçilərimizin göstərdikləri əzmkarlığı xüsusi qeyd etmək lazımdır. Bu möhtəşəm idman tədbirindən 2 qızıl, 2 gümüş, 3 bürünc medalla dönən güləşçilərimiz respublikamızda bu idman növü üzrə tarixi ənənələrə malik sanballı məktəbin olduğunu nümayiş etdirdilər.
Prezident İlham Əliyevin ilk gündən Londonda idmançılarımıza mənəvi dəstək olması, qalib idmançılarımızı yüksək səmimiyyətlə təbrik etməsi deməyə əsas verir ki, dövlət başçısı Azərbaycan idmanının gələcəyi üçün davamlı inkişaf istiqaməti müəyyənləşdirib.
Azərbaycan gələn il ən mötəbər idman tədbirinə - birinci Avropa Oyunlarına ev sahibliyi edəcək.
Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük töhfə verəcəkdir. Bakının Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da artıq təsdiqləyib. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası, beynəlxalq yarışları keçirmək təcrübəsinə malik olmasıdır.
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya Hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər. Avropa Oyunlarının Bakıya həvalə edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.
Birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclasında İlham Əliyev demişdir: "Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya oyunları Avropa qitəsində yaranmışdır və Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Yanvarın 17-də Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır və bu gün biz Təşkilat Komitəsinin birinci toplantısını keçiririk.
Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik”.
Aprelin 30-da 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci toplantısı olmuşdur. Toplantıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva demişdir: "Biz Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq”.
Bakı-2015 Avropa Oyunlarında 19 idman növü üzrə 6000-dən çox idmançının iştirakı gözlənilir. Bakıda 16 Olimpiya idman növü və 3 qeyri-Olimpiya idman növü üzrə mübarizə aparılacaq. 11 idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, güləş, boks, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Yarışlar aşağıda qeyd olunan idman obyektlərində təşkil ediləcək:
Güləş və cüdo idman növləri üzrə yarışlar - 7100 yerlik Heydər Əliyev adına İdman Konsert Kompleksi;
Həndbol və voleybol - 25 000 tutumu olan "Bakı Kristal Zalı”;
Stolüstü tennis, qılıncoynatma və taekvondo - "Bakı Ekspo Mərkəzi”;
Boks üzrə yarışlar - 3250 yerlik "Sərhədçi” İdman Olimpiya Kompleksi;
Badminton - 1628 yerlik Əl Oyunları Sarayı;
Kamandan oxatma - 7000 yerlik "Şəfa” stadionu;
Bədii gimnastika - Gimnastika Kompleksi;
Üzgüçülük və suya tullanma - Su İdmanı Növləri Mərkəzi. Su polosu üzrə yarışların keçirilməsi üçün mərkəzin yanında müvəqqəti arena inşa olunacaq.
Atletika - Tofiq Bəhramov adına Respublika stadionu və Olimpiya stadionu;
Çimərlik voleybolu - Dənizkənarı Milli Park (müvəqqəti arena).
Triatlon - Bilgəh çimərliyi

İlk Avropa Oyunlarının rəsmi loqosu 23 noyabr 2013-cü ildə Bakı, Roma və Madriddə təqdim edilmişdir. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov təqdimatla bağlı mərasimdə demişdir: "Biz ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur və Avropanın hər yerindən 2015-ci ildə keçiriləcək bu tarixi tədbirə gələcək bütün atlet və qonaqları salamlayırıq. Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, qonaqlarımızı qarşılamağımızı və həm Avropada, həm də ondan kənarda ölkəmizin inkişaf etməkdə olan idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir.”
Avropa Olimpiya Komitəsi (AOK) ilə əldə olunmuş razılığa əsasən, tədbirin işıqlandırılması üçün Bakıya 2000 nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndəsinin gəlişi gözlənilir. Könüllülər də Bakı-2015 Avropa Oyunlarının keçirilməsində əsas rol oynayacaqlar. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) hazırda Azərbaycanın bu günə kimi ev sahibliyi etdiyi ən böyük idman tədbirinin bir hissəsi olmaları üçün 10 min nəfər könüllü toplamaq mərhələsindədir.
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulub.
Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya Hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan dövləti birinci Avropa Oyunlarına ciddi hazırlaşır. Oyunların keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Görülən işlərin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz nüfuzunu və şan-şöhrətini daha da artıracaq.