Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti, İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyni Azərbaycan Atçılıq Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
- Ülyahəzrətləri, Siz Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının Bakıda keçirilməsini necə qiymətləndirirsiniz? - Mənim üçün Bakıda olmaq böyük şərəfdir. Dünyada, xüsusilə idman sahəsində Azərbaycanın, o cümlədən Bakının şöhrəti getdikcə artır. Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin böyük dəstəyi sayəsində ölkədə idman sürətlə inkişaf edir. Biz hamımız idmanın gəncliyə və bəşəriyyətə, ümumilikdə onların problemlərinin birlikdə həllinə və humanizmin təntənəsinə nail olmaqda kömək edəcəyinə əminik. Azərbaycanın idman uğurları digər sahələrdəki nailiyyətləri fonunda, həqiqətən də, fantastikdir.
Biz burada görüşlər keçirmək imkanına malik olmaqdan böyük məmnunluq duyuruq. Federasiyanın bir çox nümayəndələri əvvəllər haqqında heç nə bilmədikləri şəhərinizə valeh olublar. Onlar ölkənizə gəldikdən sonra gördülər ki, Azərbaycan, həqiqətən də, mədəniyyətlərin, dinlərin, tarix və müasirliyin qovuşduğu məkandır. Şəhərin gözəlliyi çoxlarını heyran etdi. Ümid edirəm ki, buradakı görüşümüz sayəsində Azərbaycanın, o cümlədən Bakının dostları çoxalacaq və onlarda xeyli yaxşı xatirələr qalacaq. Bunların hamısı federasiyamızın inkişafına yardım edəcək.
- Siz Beynəlxalq Atçılıq Federasiyasına 2006-cı ildən başçılıq edirsiniz və bu müddət ərzində dünyada atçılıq idmanının inkişafı sahəsində böyük uğurlar qazanılıb. Nə üçün federasiyanın prezidenti vəzifəsindən getmək qərarına gəldiniz?
- İdman karyeramı başa çatdırdıqdan və ailə qurduqdan sonra özümü Beynəlxalq Atçılıq Federasiyasının prezidenti kimi sınamaq istədim. O vaxt çoxları mənə deyirdilər ki, ərəb regionundakı gənclərin problemlərini həll etmək lazımdır. Mən anladım ki, regionun problemini həll etmək mümkün deyil, çünki həmin problemlər Beynəlxalq Atçılıq Federasiyasının özündə də yaşanır. Beləliklə, federasiyanın prezidenti olmaq qərarına gəldim. Mən bu strukturun şəffaf və ədalətli idarəçiliyini təmin etmək üçün federasiyanın fəaliyyətində dəyişikliklər olunmasını təklif etdim. Həmin vaxt 31 yaşım vardı və beynəlxalq idman federasiyalarının rəhbərləri arasında ən cavanı mən idim. Bundan başqa, mənə məlum oldu ki, indiyədək federasiya rəhbərliyi müddətsiz seçilib. Buna görə də qərara aldım ki, bu vəzifədə cəmi 8 il qalacağam. Məni bu vəzifəyə seçənlərə bu vədi verdim və sözlərimdən geri dönməyəcəyəm. Ola bilsin ki, gələcəkdə federasiyada prezidentlik müddəti 9 və ya 12 ilədək uzadılsın. Bu vəzifəni tərk etməyimin vaxtı çatıb. Əminəm ki, federasiya hazırda yaxşı işləyir, onun gələcəyini heç bir təhlükə gözləmir.
- Beynəlxalq Atçılıq Federasiyası prezidenti vəzifəsində çalışdığınız illəri necə qiymətləndirirsiniz? Dünyada bu idman növünün populyarlaşması üçün daha nə etmək lazımdır?
- İddialı insanlar həmişə daha çox şeyə nail olmağa çalışırlar və mən də istisna deyiləm. Hər gün gücüm çatanı etməyə çalışıram, çünki bunu mənə atam öyrədib. Əgər sutkada 24 deyil, 30 saat olsa idi, daha çox şeyə nail olardım. Bu gün əminəm ki, federasiyanın gələcəyini təmin etmək üçün bütün imkanlar var, lakin məsələ bu imkanlardan düzgün istifadə edilməsindədir. Həmişə israrlı, məsuliyyətli olmaq, daha çox şeyə nail olmağa tələsmək lazımdır. Heç vaxt əldə olunanla kifayətlənməmək çox vacibdir. Gələcək həmişə parlaqdır. Əvvəllər atçılıq idmanının inkişafını yubadan bir çox problemlər var idi. Atların karantini və onların daşınması ilə bağlı problemlər olub. Biz atların bir ölkədən digərinə aparılması zamanı çətinliklərlə üzləşirdik. Hazırda bu problemlər həllini tapıb. Hesab edirəm ki, bu idman növü gələcəkdə də inkişaf edəcək. Fikrimcə, buna cavabdeh olan insanlar həmişə ən yaxşısına can atmalıdırlar, çünki hər şey onlardan asılıdır.
- Kiçik yaşınızdan atçılıq idmanı ilə maraqlanırsınız, 13 yaşınızda isə İordaniyanı beynəlxalq yarışlarda təmsil etmisiniz. Siz 1992-ci ildə Panərəb Oyunlarında medal qazanmış ilk qadınsınız, 2000-ci il Sidney Olimpiadasında konkur yarışlarında çıxış etmisiniz, yığmanızın bayraqdarı olmusunuz. Sizi haqlı olaraq "dünyada atçılıq idman növündə bir nömrəli şəxs” adlandırırlar. Bundan başqa, "Femmes Mythiques Association” beynəlxalq təşkilatı sizin adınızı "Müasir dövrün əfsanəvi qadınları” siyahısına daxil edib. Sizdə atçılıq idmanına bu qədər sevgi haradandır?
- Anam vəfat edəndə mənim 3 yaşım var idi. Onun ölümü mənə çox təsir etdi. Mən xoşbəxt uşaq kimi böyümüşdüm, lakin sonra özümə qapandım. O vaxt altı yaşım tamam olanda atam ad günümdə mənə dayça hədiyyə etdi. Madyan doğuş zamanı öldüyündən dayçanın qayğısına qalmaq lazım idi. Mən onun qayğısına qalmağa başladım, yenidən yaşamaq, xoşbəxt olmaq istədim. Həmin vaxtdan həyatım atlarla bağlıdır. Özümü yaxşı hiss etməyəndə atları yəhərləyirəm.
Beynəlxalq Atçılıq Federasiyasında prezidentliyim dövründə də belə olub. Atlar həyatım boyu məni müşayiət edir, özümü itirəndə və nə etdiyimi bilməyəndə onlar mənim yanımda olur.
- Sizi qələbəyə gedən yolda kim ruhlandırıb?
- Mən öz valideynlərimi erkən itirmişəm. Mən həmişə onlarla fəxr etmişəm. Hiss edirdim ki, onlar naminə yaşamalıyam, onların mənə bəxş etdikləri həyatı davam etdirməliyəm. Onlar atları, təbiəti sevirdilər, insanlara yalnız yaxşılıq edirdilər. Onlar mənim üçün nümunə idilər.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, atçılığın digər növlərindən olan konkura həmişə üstünlük vermisiniz. Fikriniz dəyişməyib ki?
- Yox, dəyişməyib. Beynəlxalq Atçılıq Federasiyasının prezidenti kimi, atçılığın müəyyən növləri arasında hansınasa üstünlük vermirəm. Amma mən konkurda yarışmaqla özümü ifadə edə bildim. Federasiya üçün də mənim üstünlük verdiklərim deyil, kim olmağım vacibdir. Mən idmanın bütün növlərini sevirəm, çünki idman cəmiyyət üçün qiymətlidir. Atçılığın hər bir növü - at sürmə, cıdır yarışları və öz fəlsəfəsi olan konkur əsl incəsənətdir.
- İdmanda sizin kimi yüksək nailiyyətlər qazanmaq istəyənlərə nə tövsiyə edərdiniz?
- İdmanda karyerama başladıqdan bəri çox şey dəyişib. Düşünürəm ki, mənə hər mənada daha asan idi, çünki idman daha az kommersiya xarakteri daşıyırdı. İndi hər şey başqa cürdür və daha çox idmançı daha az mükafat yerləri uğrunda yarışır. Belə yüksək səviyyəyə çatmaq üçün peşəkar olmaq lazımdır. Gənc idmançılara deyirəm: yekun nəticəyə deyil, iştiraka can atmaq vacibdir. Əgər qarşınıza məqsəd qoymusunuzsa və ona çatmaq üçün hər şey edirsinizsə, istədiyinizə nail olmasanız belə, xoşbəxt olacaqsınız. Əsas olan qorxulara üstün gəlməkdir.
- Uşaqlarınız atçılıq idmanını sevirlərmi?
- Oğlum və qızım atları sevirlər. Oğlumun iki yaşı var, qızımın isə ötən həftə yeddi yaşı tamam oldu. Qızım atları, ümumiyyətlə, heyvanları, təbiəti sevir. Bundan başqa, basketbolu, üzgüçülüyü, qaçışı, velosiped sürməyi xoşlayır. Mən onu atçılıq idmanı məşğələlərinə istiqamətləndirmirəm. Əsas odur ki, uşaqlarımın hər ikisi idmanı sevir. Onlar anlayırlar ki, insanlar bütün günü işsiz oturmamalıdırlar və fəal həyat tərzi sürmək lazımdır. Oğluma gəldikdə, hələlik avtomobillər daha çox xoşuna gəlir.
- Çoxları maraqlanırlar: XXI əsrdə şahzadə olmaq necə hissdir?
- Kral ailəsinin üzvü olmaq böyük məsuliyyətdir. Bir çoxları kral ailəsinin üzvü kimi doğulurlar və onlar üçün bir çox nəsillərdən keçib gələn dəyərləri qoruyub saxlamaq vacibdir. Belə insan ətrafındakılara ümid verməli, onlara hörmətlə yanaşmalı, problemlərini həll etməyi bacarmalıdır. Məşhurluq hər şeydən əvvəl məsuliyyətdir. Yadda saxlamaq lazımdır ki, həyatımızda yaxşı olan nə varsa, hamısını başqaları ilə bölüşmək vacibdir.
- Siz ərəb və ümumilikdə müsəlman dünyasında gənclər arasında səhiyyənin, təhsilin, bədən tərbiyəsinin və idmanın inkişafı üçün çox işlər görürsünüz. BMT-nin sülhməramlı səfirisiniz. Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Mənim hələlik Beynəlxalq Atçılıq Federasiyasının prezidenti vəzifəsindən sonra heç bir böyük planım yoxdur. Belə böyük işi tamamlayanda çoxları həyəcanla sizin gələcək planlarınızla maraqlanır. Hesab edirəm ki, həyatım daha ahəngdar olacaq, nə vaxt məni növbəti işə çağıracaqlarını gözləyəcəyəm. Belə hallarda deyirlər: bir qapı bağlananda, digəri açılır. Amma sən daim nə iləsə məşğul olanda, nəsə düşünəndə, səninlə çoxlu insan danışanda təqdim edilmiş imkanı duymaya bilərsən.
Mənim iki gözəl övladım var və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti vəzifəsini tərk etdikdən sonra onlara və idmana daha çox vaxt ayırmaq imkanım olacaq.
Mən insanlara kömək etmək istəyirəm. Hiss edirəm ki, özümü humanitar fəaliyyətə həsr edə bilərəm. Aclıq və yoxsulluqla mübarizə kimi məsələlərlə maraqlanıram. Sadə dillə desək, hələlik bundan sonra nə edəcəyimi bilmirəm. Mənə Beynəlxalq Atçılıq Federasiyasının prezidenti olmaq xoşbəxtliyi, eləcə də prezidentliyimi burada, Bakıda başa vurmaq nəsib olub.
Federasiyaya səkkiz illik rəhbərlik dövründə misilsiz təcrübə əldə etdim. Atçılıq idmanı Avropada çox populyardır, lakin bunu başqa ölkələr haqqında demək olmaz. Səkkiz ildən artıq bir müddət ərzində inkişaf edən ölkədə yaşayan müsəlman qadın və insan kimi digər ölkələrdə də idmanın bu növünün sevilməsinə çalışdım.
Öz missiyamı Bakıda başa çatdırmağım, həqiqətən, də bir dönüş anıdır. Azərbaycan Şərqlə Qərbi, İslamla xristianlığı, bir çox mədəniyyətləri birləşdirən körpüdür. Mənim öz postumu məhz burada tərk etməyim bu baxımdan xüsusi məna kəsb edir. Bunu anlayıram və düşünürəm ki, hamı bunu başa düşür.