Qəbələlilər də qələbəyə sevindilər
Ölkə çempionatının fasiləsindən lazımınca istifadə edən klublarımız Antalyadakı hazırlıqlarını başa vurmaq üzrədirlər. Klublarımız təlim-məşq toplanışı yanaşı, yoldaşlıq oyunlarında da qüvvələrini sınayırlar.
Yoldaşlıq oyunları
23 yanvar
"İnter” (Azərbaycan) - "Jeju Yunayted” (Cənubi Koreya) - 4:3
Antalyada təlim-məşq toplanışında olan "İnter” son yoxlama oyununu keçirib. "Bankçılar” Cənubi Koreyanın "Jeju Yunayted” klubu ilə qarşılaşıblar. Oyun bol qollu olub. 7 qolun vurulduğu görüşdə "İnter” 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "İnter” əvvəlki yoxlama görüşlərində Türkiyənin "İnegölspor” (4:1), Qazaxıstanın "Kayrat” (3:1), Almaniyanın "Energi” (1:1) və Ukraynanın "Metallist” (1:1) klubları ilə üz-üzə gəlib.
"Qəbələ” (Azərbaycan) - "Kuban” (Rusiya) - 0:2
Qollar: Tkaçov, 3, Balde, 14.
"Qəbələ” Antalyada növbəti yoxlama matçında Rusiyanın "Kuban” klubu ilə qarşılaşıblar. Matçın taleyi oyunun əvvəlində həll olunub. 14 dəqiqədə 2 qol vuran rusiyalılar görüşdə əldə etdiyi üstünlüyü sonadək qoruya bilib - 0:2.
Yeri gəlmişkən, bu qarşılaşma "qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Belə ki, komanda qonşu ölkədə 50-ci sınağına çıxıb. İlk dəfə 2006-cı ilin yayında Türkiyədə toplanış keçib, yoxlama matçlarında gücünü sınayan "Qəbələ”nin 1-ci rəqibi yerli "Zeytinburnu” olub. Həmin görüşdə 0:1 hesabı ilə uduzan komanda artıq 11-ci dəfə yollandığı qardaş ölkədə 49 matça çıxıb. Bu oyunlardan 47-si xarici klublarla, ikisi isə "Neftçi”yə qarşı olub. "Kuban”la qarşılaşmayadək Antalyada 20 qələbə qazanan "Qəbələ” 14 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda "qırmızı-qaralar” 75, rəqibləri 60 qol vurub.
Antalyada xarici klublarla 48-ci matç olsa da, ümumilikdə 70-ci dəfədir ki, "Qəbələ” əcnəbi komanda ilə yoxlama oyununa çıxır. Sloveniya, İngiltərə, Hollandiya, Avstriya ilə yanaşı, doğma meydanda da beynəlxalq yoxlama oyunu keçirən "qırmızı-qaralar” belə görüşlərdə 30 qələbə qazanıb, 14 heç-heçə edib və 25 dəfə uduzub. Bu matçlarda komanda 101 qol vurub, 79-nu buraxıb. "Vorskla” ilə oyunda Ruslan Fominin vurduğu qol beynəlxalq matçlardakı 100-cü top olub.
Qeyd edək ki, bu il Antalyada PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə "Əskişəhərspor”una 1:3 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri "Vorskla”nı (Ukrayna) 2:1, "Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.
24 yanvar
"Qarabağ” (Azərbaycan) - "Levski” (Bolqarıstan) - 0:3
Antalyada təlim-məşq toplanışını davam edən "Qarabağ” 3-cü yoxlama oyununda qüvvəsini sınayıb. Ağdam klubu Bolqarıstan təmsilçisi "Levski” ilə üz-üzə gəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Sofiya klubuna 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Qarabağ” ilk yoxlama görüşündə Xorvatiyanın "RNK Split” klubuna 1:3 hesabı ilə məğlub olub, İsveçrə "Sürix”i ilə heç-heçə edib - 1:1.
25 yanvar
"Qəbələ” - "Haladaş” (Macarıstan) - 2:0
Qollar: Viktor Mendi 27, Emin Zamanov 75.
"Qəbələ” toplanış çərçivəsində 6-cı yoxlama oyununu keçirib. Komandamız Macarıstanın yüksək liqasında çıxış edən "Haladaş” klubu ilə qarşılaşıb.
Görüş qarşılıqlı hücumlarla başlasa da, "qırmızı-qaralar” üstünlüyü ələ ala bilib. Bu ərazi üstünlüyü ilk hissənin ortalarında bəhrəsini verib. Belə ki, qarşılaşmanın 27-ci dəqiqəsində Viktor Mendi komandasının təşkil etdiyi hücumu dəqiq zərbə ilə tamamlayıb - 1:0. Bundan sonra "Haladaş” cavab qolu üçün irəli atılsa da, komandamız üstünlüyü əldən verməyib. Roman Qriqorçukun əvəzetmələrindən sonra da, oyunun axarı dəyişməyib. Meydana nisbətən gənc oyunçular daxil olsa da, "Qəbələ”nin hücumlarının kəsəri azalmayıb. Bu da öz nəticəsini matçın 75-ci dəqiqəsində verib. 17 yaşlı Emin Zamanov komandamızın ikinci qolunu vurub. Beləliklə, "Qəbələ” Antalya toplanışında 3-cü qələbəsini qazanıb.