Futbolda qeydə alınan maraqlı faktlar

Futbolda qeydə alınan maraqlı faktlar


Hər bir idman növündə maraqlı və geniş kütləyə məlum olmayan məqamlar var. Dünyanın ən məşhur və popyular olan idman növü olan futbolda belə məqamlar kifayət qədərdir. Maraqlı olacağını nəzəra alaraq, dünyanın ən bahalı və sevilən idman növü haqda maraqlı faktları oxuculara təqdim edirik.

36 saatlıq oyun
90 dəqiqəlik oyun dedikdə, idmanla maraqlanan insanların ağlına, ilk növbədə, əzmkar, dinamik, rənarəng futbol gəlir. Maraqlıdır ki, bu müddət futbol azarkeşləri üçün az, futbolu sevməyənlər üçün isə həddindən artıq çox hesab olunur. Əgər düşünsək ki, futbolçular meydanda yalnız 90 dəqiqə və əlavə olunmuş 30 dəqiqə ərzində mübarizə aparırlar, o zaman yanılmış olarıq. Bristal futbol akademiyası və "Lids Bedcers” klubları arasında keçirilən oyun futbolun 90 dəqiqə davam etməsi fikirini alt-üst edib. Nə az, nə çox, düz 36 saat davam edən oyun "Lids Bedrcers” komandasının 285:255 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qalib komandanın hücumçusu Adam Makf xüsusi ilə fərqlənib. Futbolçu 75 dəfə rəqibin qapı torunu "silkələyib”. Hər komandanın tərkibində olan 18 futbolçu təqribi hesablamaya əsasən 18 saat meydanda mübarizə aparıblar. Onu da qeyd edək ki, orta hesabla hər bir oyunçu meydanda 70 kilometr məsafə qət edib. Maraqlı anlardan biri də odur ki, hətta fasilələr zamanı belə, futbolçulara meydandan kənara çıxmaq qadağan olunub.

Federasiyanın tanınmamasına səbəb ot örtüyüdür
Qrenlandiya 1979-cu ilədək Danimarka hökumətinin tərkibində koloniya şəkilində yer alırdı. Lakin 1980-ci ildə müstəqillik qazanmaq üçün Qrenlandiya əlindən gələni edir. Çoxlarının bildiyi kimi, bir ölkənin tanınması üçün müxtəlif yollar var. Onlardan biri də idmandır. Qrenlandiyanın idman sahəsində kifayət gədər uğurları var. Burada fəaliyyət göstərən taekvando, stolüstü tennis, badminton, həndbol, voleybol federasiyaları bu növlər üzrə Beynəlxalq İdman Federasiyalarının tamhüquqlu üzvü kimi gəbul olunub. Lakin bu ölkədə futbola rəhbərlik edən Qrenlandiya Futbol Federasiyası bugünə kimi FİFA tərəfindən tanınmayıb. Məsələ burasındadır ki, "yaşıl diyar” adlanan Qrenlandiya kifayət gədər ot örtüyünə sahib deyil. FİFA rəsmilərinin sözlərinə görə isə, ot örtüyünün lazımı qaydada olmaması və əlverişsiz hava şəraitinə malik olması bu ölkədə komandaların məşq etməsinə məhdudiyyət yaradır. Məhz buna görə, FİFA-ya üzvlük vəsiqəsi Qrenlandiyaya təqdim olunmur.

Qeyri-adi hesabla bitən görüş
Qeyri-adi hesabla bitən görüş Madaqaskarda keçirilən futbol üzrə ölkə çempionatı zamanı qeydə alınıb. Qonaq "Adema” klubu, oyuna ev sahibliyi edən Tumasin şəhərinin "Olimpik” komandasına, sözün əsl mənasında, meydan oxuyub. Həmin oyun bütün dünyanı təəccübləndirib və futbol tarixinə düşüb. Məsələ burasındadır ki, "Adema” komandası "Olimpik”i 149:0 hesabı ilə məğlub edib. Hesaba diqqətlə nəzər salsaq, belə bir qənaətə gəlmək olar ki, top hər 36 saniyədən bir qapı torunu silkələyib. Ən maraqlısı da odur ki, bu cür rekord məhz ev sahiblərinin məğlubiyyəti ilə qeydə alınıb. Qeyd edək ki, bu nəticə "Adema” klubunun gücünün göstəricisi deyil. Qonaqlar bu qarşılaşmada, demək olar ki, topa heç toxunmayıblar. Yerli komandanın futbolçuları topu hər dəfə öz qapılarından keçiriblər. Buna səbəb, "Olimpik” komandası ilə rəhbərlik arasında baş verən mübahisə olub. Əmək haqqlarını ala bilməyən futbolçular topu öz qapılarına vurmaqla rəhbərlikdən qisas alıblar.

Məğlubiyyətin cəzası
Koreya Xalq Demokratik Respublikasi hökumətinin qərarı ilə ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Kim Çen Xuan cəza çəkməsi üçün düşərgəyə yollanılıb. 2010-cu ildə keçirilən dünya çempionatı zamanı Portuqaliya millisinə 7:0 hesabı ilə uduzan komandanın məşqçisini Şimali Koreya hökuməti məğlubiyyətdə təqsirli bilib. Oyundan sonra Pxenyan şəhərində futbolçular bir gün ərzində dindirildikdən sonra məşqçi bütün günahı öz üzərinə götürüb. Onun sözlərinə görə, komandanın belə irihesablı məğlub olmasına səbəb onun düzgün strategiya seçməməsi olub. Nəticədə, hökumətin qərarı ilə Kim Çen Xuan düşərgədə bir sutka ərzində fasiləsiz olaraq düz 14 saat işləməli, təyin olunan fiziki işləri yerinə yetirməlidir. Onu da qeyd edək ki, oxşar hadisə 1966-ci ildə də baş verib. İngiltərədə keçirilən dünya çempionatının dörddəbir final mərhələsinə yüksələn Şimali Koreya millisi həmin vaxt Portuqaliya komandasına 3:5 hesabı ilə məğlub olub. Məlumata görə, bu oyundan sonra millinin bütün üzvləri cəza cəkmək üçün düşərgələrə göndəriliblər.

Üçtərəfli futbol
Futbol dedikdə, insanın ağlına, ilk növbədə, yaşıl meydan, iki qapı, bir top və 22 futbolçu gəlir. Lakin ikitərəfli futbol deyən zaman bir qədər diqqətli olmaq vacibdir. Buna səbəb isə dünyada mövcud olan üçtərəfli futboldur. 1990-ci ildə danimarkalı rəssam üçtərəfli futbol oyunlarının keçirilə biləcəyini bildirib. Onun fikrincə, altıkünclü meydanda komandaların qapıları üç tərəfdən dairəvi şəkildə yerləşdirilə bilər. Maraqlısı odur ki, belə oyunun qalibi daha çox qol vuran deyil, qapısından daha az top keçirən komanda sayılır. Rassamın fikrincə, oyun meydanının bu cur olması futbola daha fəlsəfi yanaşmanı təmin edəcək. Rəssamın irəli sürdüyü ideya o qədər də müsbət qarşılanmayıb. Hazırda üctərəfli futbol çüzi inkişaf edib. Belə futbol yalnız müəyyən tədbirlərdə oynanılır ki, bu da təqdimat xarakteri daşıyır.