Ötən həftə Topaz Premyer Liqasının XX turunun oyunları keçirilib. İki gün ərzində keçirilən qarşılaşmalar Qəbələdə başlayaraq, Lənkəranda başa çatıb. "Qarabağ” və "İnter” klubları qələbə qazanaraq, turnir cədvəlindəki ən yaxın izləyicilərindən uzaqlaşıblar. "Sumqayıt” klubu isə bu tur istirahət edib.
Topaz Premyer Liqası
XX tur
6 fevral (cümə)
"Qəbələ” - AZAL - 0:1
Qol: Rəşad Abdullayev, 90+3 (pen.).
Qırmızı vərəqə: Viktor İqbekoyi, 78 (ikinci sarı vərəqə).
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Azər Əsgərov.
Qəbələ. Şəhər stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:2, 3:3
Qəbələ şəhərinin eyni adlı komandası AZAL-ı qəbul edib. III dövrəyə qələbə ilə start verən "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk ilk dəfə doğma azarkeşləri önündə debüt edib. Birinci dövrədə səfədən 3 xalla qayıdan "təyyarəçilər”in işi bu dəfə heç də asan olmayacaqdı. Yaxşı transferləri ilə gözəl oyun göstərən əyalət klubunun rəqibinə xal verəcəyi inandırıcı görünmürdü.
O qədər də sürətli keçməyən görüşün taleyini bir qol həll edib. Belə ki, qarşılaşmanın əsas vaxtına əlavə edilən 3-cü dəqiqədə AZAL-ın kapitanı Rəşad Abdullayev onbirmetrlik cərimə zərbəsindən keçmiş komandasının qapısına yol tapıb. Bu qol "təyyarəçilər”in həm ardıcıl ikinci qələbəsinin təməlini qoyub, həm də Qriqorçukun Qəbələdəki ilk çıxışına xəbər gətirib. Paytaxt klubu turnir cədvəlində də "Qəbələ”ni üstələyərək 5-ci pilləyə qalxıb.
"Neftçi” - "Simurq” - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 2:1, 0:1
Ötən tur doğma azarkeşlər önündə "Xəzər Lənkəran”a qalib gələn "Simurq” isə bu dəfə 3 xal üçün paytaxt səfərinə yollanmışdı. Zaqatala klubu "Bakcell Arena”da "Neftçi”nin qonağı idi. Turun mərkəzi oyununda, ilk "dördlük”də qərarlaşan komandaların qarşılaşmasında George Çixradzenin yetirmələri qalib gələcəyi təqdirdə turnir cədvəlində rəqibini üstələyəcəkdilər. "Neftçi” isə evdə qazanacağı 3 xalla turnir cədvəlindəki mövqeyini möhkəmlətmək arzusunda idi. Lakin 90 dəqiqə ərzində qapılara qol vurulmadığı üçün, komandalar aktivlərinə 1 xal əlavə etməklə kifayətləniblər. AZAL-a məğlubiyyətindən sonra evdə "Simurq”un da müqavimətini qıra bilməyən "Neftçi”nin get-gedə çempionluq şansı da "əriyir”. Ardıcıl uğursuzluqlar artıq baş məşqçi Arif Əsədovun vəzifəsinə də "kölgə salıb”. Təsadüfi deyil ki, azarkeşlər də oyunun sonlarında baş məşqçini istefaya səsləyiblər.
7 fevral (şənbə)
"Qarabağ” - "Bakı” - 4:1
Qollar: Maksim Medvedyev, 3; Azad Kərimov, 7 (öz qapısına); Riçard Almeyda, 26 (pen.), 84 - Nurlan Novruzov, 22 (pen.).
Hakimlər: Ömər Paşayev, Mübariz Haşımov, Vüsal Qənbərov, Xəlil Xəlilov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk 2 dövrədəki oyunlar: 2:2, 4:2
Son ölkə çempionu "Qarabağ” 2015-ci ildə ilk rəsmi matçına çıxıb. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunda autsayder "Bakı”nı sınağa çəkiblər. Ardıcıl 4 oyundu "zolaqlılar”a məğlub olmayan Ağdam təmsilçisi bu görüşün də aşkar favoriti idi. Çünki gənclərdən qurulmuş "Bakı”nın problemləri aşıb-daşırdı. Qarşılaşmaya erkən qollarla başlayan "Qarabağ” nəticədə meydandan böyükhesablı qələbə ilə ayrılıb. Bu görüşdə "Bakı”nın təsəlli qolunu vuran Nurlan Novruzov cari mövsümdəki qollarının sayını 10-a çatdırıb və bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib.
"Xəzər Lənkəran” - "İnter” - 1:2
Qollar: Fuad Bayramov, 82 (öz qapısına) - Məhəmməd Mirzəbərov, 18; Matiya Şpiçiç, 59.
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Coşqun Həsənov, Mehman Mahmudov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:0, 1:3
Turun son matçında isə "Xəzər Lənkəran” klubu liderlər sırasında qərarlaşan "İnter”lə münasibətlərinə aydınlıq gətirib. 9 oyunda yalnız 1 dəfə "bankçılar”ı məğlub edən cənub təmsilçisi yeni baş məşqçisi Elbrus Məmmədovla ilk qələbəsinə sevinmək istəyirdi. Ancaq "İnter” də Lənkərana yalnız 3 xal dalınca yollanmışdı. Üstəlik, bir gün əvvəl "Neftçi”nin xal itirməsi "bankçılar”ı bu görüşdə qələbəyə vadar edirdi. Daha təcrübəli paytaxt təmsilçisi minimum hesabla qalib gələrək həm liderin uzaqlaşmasına imkan verməyib, həm də "Neftçi”dən uzaqlaşıb.