FİFA milli komandaların yanvar ayı üçün növbəti reytinq cədvəlini açıqlayıb. 2015-ci ildə açıqlanan ilk siyahıda ciddi dəyişikliklər yoxdur. Buna səbəb ötən 4 həftədə o qədər də çox oyunun keçirilməməsidir.
Turnir cədvəlinə son dünya çempionu Almaniya yığması başçılıq edir. Almanların aktivində 1725 xal var. 2-ci yerdə Argentina yığması qərarlaşıb. 2 dəfə dünya çempionu olan argentinalılar liderdən nə az, nə də çox, düz 187 xal geri qalır (1538 xal). İlk "üçlüy”ü Kolumbiya millisi tamamlayır. Kolumbiyalıların aktivində 1450 xal var.
İlk "onluq”da Belçika (1417 xal), Hollandiya (1374 xal), Braziliya (1316 xal), Portuqaliya (1160 xal), Fransa (1160 xal), İspaniya (1142 xal) və Uruqvay (1135 xal) komandaları yer alıblar.
Azərbaycan milli komandası ötən reytinqlə müqayisədə 1 pillə geriləyib. Hesabında 215 xal olan Azərbaycan yığması siyahıda 136-cı pillədədir. Bununla da, komandamız FİFA-nın reytinq cədvəlində növbəti dəfə aşağı düşüb. 136-cı yeri Tacikistan millisi ilə bölən komandamız Vyetnam yığmasını özündən qabağa buraxıb. Sonuncular 4 pillə irəliləyiblər.
EURO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizə gəlincə, qrupda ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Apenin təmsilçisi ötən aydakı mövqeyini qoruyub. İtaliyalılar 1109 xalla 11-ci pillədə qərarlaşıb. Xorvatiya millisi mövqeyində də dəyişiklik olmayıb. "Damalılar” 946 xalla 19-cu pillədə qərarlaşıblar. Digər rəqibimiz Bolqarıstan yığması mövqeyini qoruyub. Bolqarlar 506 xalla 66-cı yerdədirlər. Norveç yığması da ötən ayla müqayisədə öz mövqeyində qalıb. Norveçlilər 500 xalla 67-ci yerdədirlər. Malta komandası isə tutduğu ən pis yerlərdən birini tərk edə bilməyib. Qrupun reytinqdəki autsayderi olan "cırtdanlar” 166 xalla siyahıda 147-ci olub.
Qeyd edək ki, qonşu Türkiyə yığmasının hesabında yenə 604 xal olsa da, "ay-ulduzlular” 1 pillə irəliləyərək siyahıda 48-cidirlər.
1 (1). Almaniya 1725
2 (2). Argentina 1538
3 (3). Kolumbiya 1450
4 (4). Belçika 1417
5 (5). Hollandiya 1374
6 (6). Braziliya 1316
7-8 (7). Portuqaliya 1160
7-8 (7). Fransa 1160
9 (9). İspaniya 1142
10 (10). Uruqvay 1135
11 (11). İtaliya 1103
12 (12). İsveçrə 1091
13 (13). İngiltərə 1032
14 (14). Çili 1016
15 (15). Rumıniya 1014
16 (16). Kosta-Rika 997
17 (17). Çexiya 987
18 (18). Əlcəzair 948
19 (19). Xorvatiya 946
20 (20). Meksika 913
...66 (66). Bolqarıstan 506
...67 (67). Norveç 500
...136 (135). AZƏRBAYCAN 215
...147 (147). Malta 166