Ueyn Runi ölkəsində ilin ən yaxşı futbolçusu seçildi

Ueyn Runi ölkəsində ilin ən yaxşı futbolçusu seçildi


"Mançester Yunayted” klubunun hücumçusu Ueyn Runi 2014-cü ildə İngiltərə millisinin ən yaxşı oyunçusu seçilib. İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında 29 yaşlı futbolçu səslərin 27 faizini qazanıb. "Liverpul”un yarımmüdafiəçisi Rahim Sterlinq ikinci, "Arsenal”ın hücumçusu Deniel Uelbek isə üçüncü olub.
Bununla da, Runi 2003-cü ildən ənənəvi olaraq keçirilən sorğuda üçüncü dəfə bu mükafata yiyələnən tək futbolçu adını qazanıb. O, 2008-ci və 2009-cu illərdə ən yaxşı oyunçu seçilib. Ueynin mükafatlandırılması martın 27-də, EURO-2016-nın seçmə mərhələsi çərçivəsində Latviya yığması ilə oyunqabağı təşkil olunacaq.
Xatırladaq ki, Runi milli komandada 13 matçda forma geyinib və 8 qol vuraraq, ən yaxşı bombardir olub. Stiven Cerrardın yığmadan gedişindən sonra o, komandanın kapitanı təyin edilib. Ueyn noyabrda millidə 100-cü yubiley matçına çıxıb.
Qeyd edək ki, İngiltərədə ən gənc futbolçu (21 yaş) "Vest Bromviç”in oyunçusu Saido Beraino seçilib. O, səsvermədə "Tottenhem”in hücumçusu Harri Keynanı qabaqlayıb.