"Neftçi” isə uğursuz seriyaya son qoydu
Bu həftə Topaz Premyer Liqasında XXI tura yekun vurulub. Turun ilk oyun günü 1, ikinci oyun günündə isə 3 görüş təşkil olunub. Maraqlıdır ki, bu turda məhsuldarlıq aşağı olub. Keçirilən 4 görüşdə qapılara ümumilikdə 5 qol vurulub. "Qarabağ” qələbə sayəsində rəqiblərindən uzaqlaşıb. "İnter” isə bu tur istirahət edib.
Topaz Premyer Liqası
XXI tur
10 fevral
"Simurq” - "Qəbələ” - 2:0
Qollar: Draqan Çeran, 25; 45+3.
Qırmızı vərəqə: Dmitri Bezotosnı, 45.
Hakimlər: İnqilab Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Elvin Əsgərov.
Zaqatala. Şəhər stadionu.
İlk iki dövrədəki oyunlar - 1:2, 3:2
Turun ilk oyununda "Simurq” doğma azarkeşlər önündə "Qəbələ” komandasını sınağa çəkib. Zaqataladakı qarşılaşma öncəsi UEFA Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan komandalar turnir cədvəlində də bir-birlərinə yaxın idilər. "Qəbələ” qalib gələrək rəqibinə çatmaq arzusunda, "Simurq” isə əsas rəqiblərindən birini sıradan çıxarmaq niyyətində idi. Qış fasiləsindən sonra "Xəzər Lənkəran”a qalib gəlib (2:0), "Neftçi” ilə heç-heçə (0:0) edən "Simurq” uğurlu seriyanı "Qəbələ” önündə də davam etdirib. Draqan Çeranın birinci hissədə vurduğu 2 qol Zaqatala klubuna 3 xal qazandırıb. Bu qələbə sayəsində Georgi Çixradzenin yetirmələri 3-cü pillədəki "Neftçi”ni 1 günlük də olsa, geridə qoyub. "Qəbələ” isə AZAL-dan sonra "Simurq”a da məğlub olub.
11 fevral
"Bakı” - "Sumqayıt” - 0:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov.
Bakı. "Bakı”nın təlim-məşq bazasının stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:2, 1:1
Turun ikinci oyun günü autsayderlərin qarşılaşması ilə başlayıb. "Bakı” evdə "Sumqayıt” klubu ilə üz-üzə gəlib. Ardıcıl 4 matçdır meydanı məğlubiyyətlə tərk edən "zolaqlılar” 10 oyunluq qələbə həsrətinə, "gənclik şəhəri” təmsilçisi isə 4 oyunluq qələbəsiz görüşlər seriyasına son qoymaq niyyətində idi. Lakin hər iki komanda yenə qələbəyə həsrət qalıb. Çünki oyun başladığı hesabla da başa çatıb - 0:0.
AZAL - "Qarabağ” - 0:1
Qol: Reynaldo, 57.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
Bakı. "AZAL Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 0:3, 1:2
III dövrəyə uğurlu start götürən AZAL lider "Qarabağ”ı qəbul edib. 2015-ci ildə xal itirməyən iki komandanın ilk 2 dövrədəki qarşılaşmalarında Ağdam təmsilçisi güclü olmuşdu. "Neftçi” və "Qəbələ” üzərində ardıcıl iki qələbə qazanan "təyyarəçilər” seriyanın davamı, "Qarabağ” isə liderliyini bir qədər də möhkəmlətmək barədə düşünürdü. Reynaldo Silvanın ikinci hissədə vurduğu qol qarşılaşmada həlledici olub və "Qarabağ” çempionluq yolunda növbəti vacib 3 xalını qazanıb.
"Neftçi” - "Xəzər Lənkəran” - 2:0
Qollar: Vobay, 65; Məsimov, 68.
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Cavanşir Yusifov, Ömər Paşayev.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:0, 2:2
Tura "Böyük oyun”la yekun vurulub. "Bakcell Arena”da "Neftçi” "Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Cənub təmsilçisi 2015-ci ildə ilk xalını paytaxt klubundan almaq əzmində idi. Ardıcıl 3 oyunda qələbə qazana bilməyən "ağ-qaralar” isə liderdən uzaq düşməmək üçün mütləq qalib gəlməli idi. Əsası gənclərdən qurulan "Xəzər Lənkəran” birinci hissədə rəqibi ilə bərabər səviyyədə mübarizə aparsa da, sonda təcrübə öz sözünü deyib və "Neftçi” uğursuz seriyaya son qoyub. Rəqib qapısından 2 top keçirən meydan sahibləri qələbəyə seviniblər. Paytaxt təmsilçisi bir gün əvvəl "Simurq”a təhvil verdiyi üçüncü pilləni də geri qaytarıb.