Çempionluq yolunda inamla irəliləyən “Qarabağ” növbəti qələbəsini qazandı

Çempionluq yolunda inamla irəliləyən “Qarabağ” növbəti qələbəsini qazandı

Fevralın 15-də Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçirilib. "Xəzər Lənkəran” klubunun istirahət etdiyi bu turda 4 qarşılaşma keçirilib.
Turun açılış oyununda III dövrənin üç görşünün ikisindən qalib ayrılan AZAL səfərdə "Sumqayıt”ın qonağı olub. Qış fasiləsindən sonra 2 oyun keçirən və hələlik məğlubiyyət acısı yaşamayan "Gənclər şəhəri” təmsilçisi ilk 3 xalını qazanmaq niyyətində idi. Turnir cədvəlinin son pillələrində yer alan "Sumqayıt” üçün qələbə çox əhəmiyyətli idi. Elə AZAL da ötən tur "Qarabağ”a məğlub olduğundan bu tur möqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin tərəflərin heç biri istəyinə nail ola bilməyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

"Sumqayıt” - AZAL- 0:0
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.

Günün digər qarşılaşması paytaxtda keçirilib. "İnter Arena”da təşkil olunan oyunda "İnter” digər paytaxt təmsilçisi "Bakı”nı qəbul edib. Cari mövsümdə "bankirlər” qarşısında 2 dəfə aciz qalan "zolaqlılar” yenə darmadağın olub. "İnter”in 4:0 hesabı ilə qalib gəldiyi görüşün 3-cü dəqiqəsində Baçana Sxadadze penaltidən hesabı açıb. Daha sonra Əfran İsmayılov (7; 38) dubl edib. 54-cü dəqiqədə Franka Nildo qarşılaşmada son nöqtəni qoyub.
Beləliklə, oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

"İnter” - "Bakı” 4:0
Qollar: Baçana Sxadadze, 3-pen.(1:0), Əfran İsmayılov, 7 (2:0), 38 (3:0), Nildo, 54 (4:0)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
Bakı, "İnter Arena”.

Çempionatın lideri "Qarabağ” öz meydanında "Simurq”u sınağa çəkib. Üçüncü dövrəyə uğurlu start götürən ağdamlılar bu tur qələbə qazanacağı təqdirdə rəqiblərindən bir qədər də uzaqlaşacaqdı. Qurban Qurbanovun yetirmələri zaqatalalılarla oyunda meydanı qələbə ilə tərk ediblər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun taleyini bir qol həll edib. Görüşün 21-ci dəqiqəsində fərqlənən Reynaldo "Qarabağ”a üç xal qazandırıb.
"Qarabağ” - "Simurq” 1:0
Qol: Reynaldo, 21 (1:0)

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

Turun maraq doğuran digər oyunu Qəbələdə keçirilib. Burada "Qəbələ”nin eyni adlı klubu "Neftçi” ilə münasibətlərinə aydınlıq gətirib. III dövrədə "Bakı” üzərində qələbə qazanan "Qəbələ” bu dəfə qalib gəlmək niyyətində idi. İlk 2 dövrədəki oyunlarda qapılara qol vura bilməyən komandaların görüşündə baş məşqçi Roman Qriqorçuk ev oyununda ilk qalibiyyətinə sevinmək istəyirdi. Lakin paytaxt təmsilçisi səfərdən 3 xalla qayıtmağı bacarıb. Qarşılaşma "Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Qəbələ” ardıcıl üçüncü oyunda məğlub olub. Xatırladaq ki, bundan əvvəl Roman Qriqorçukun komandası AZAL və "Simurq”a uduzmuşdu.

18:00. "Qəbələ” - "Neftçi” 1:3
Qollar: Mendi, 10, Julius Vobay, 58 (1:1), Denis Silva, 73 (1:2), Flavinyo, 86 (1:3)
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.