Qəbələlilər isə uduzmaqda davam edirlər
Fevralın 15-də Topaz Premyer Liqasında XXII turun oyunları keçirilib. Eyni gündə təşkil olunan tur Sumqayıtda başlayıb. Belə ki, III dövrənin üç görşünün ikisindən qalib ayrılan AZAL səfərdə "Sumqayıt”ın qonağı olub. Qış fasiləsindən sonra 2 oyun keçirən və hələlik məğlubiyyət acısı yaşamayan "Gənclər şəhəri” təmsilçisi ilk 3 xalını qazanmaq niyyətində idi. Lakin oyunda hesab açılmayıb - 0:0.
"İnter” doğma azarkeşlər önündə "Bakı”nı sınağa çəkib. Cari mövsümdə "bankçılar”ın qarşısında 2 dəfə aciz qalan "zolaqlılar” yenə böyük hesabla məğlub olublar. "İnter”in 4:0 hesabı ilə qalib gəldiyi görüşdə 3-cü dəqiqədə Baçana Sxadadze penaltidən hesabı açıb. Daha sonra Əfran İsmayılov (7;38) dubl edib. Matçın 54-cü dəqiqəsində Franka Nildo qarşılaşmada son nöqtəni qoyub.
Turun mərkəzi oyunu Tofiq Bəhrəmov adına Respublika stadionunda təşkil olunub. Lider "Qarabağ” Avropa Liqasına vəsiqə qazanmaq arzusunda olan "Simurq” klubunu qəbul edib. Görüşdə azarkeşlər 1 qol izləyiblər. Reynaldo Silva matçın 21-ci dəqiqəsində komandasına 3 xal qazandıran qola imza atıb. Nəticədə, "Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Silva unikal göstəriciyə imza atıb. Cənubi amerikalı hazırda Topaz Premyer Liqasında çıxış edən bütün klublara qol vurmağı bacarıb. Reynaldonun məyus etdiyi klublar siyahısına sonuncu "Simurq” daxil olub. Bu oyunadək isə ötən mövsüm çempionatın bombardiri olan Reynaldo hazırda aşağı dəstədə çıxış edən "Rəvan” da daxil olmaqla, bütün rəqiblərin qapısına yol tapmışdı. Qeyd edək ki, Reynaldo 52 Premyer Liqa oyununda 29 qol vurub.
III dövrədə yalnız "Bakı” üzərində qələbə qazanan "Qəbələ” klubu "Neftçi” ilə üz-üzə gəlib. İlk 2 dövrədəki oyunlarda qapılara qol vura bilməyən komandaların görüşündə Roman Qriqorçuk ilk ev qalibiyyətinə sevinmək istəyirdi. Amma paytaxt təmsilçisi səfərdən 3 xalla ayrılmağı bacarıb. Görüş 1:3 hesabı ilə Arif Əsədovun yetirmələrinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu tur "Xəzər Lənkəran” istirahət edib.
Topaz Premyer Liqası
XXII tur
15 fevral (bazar)
"Qarabağ” - "Simurq” - 1:0
Qol: Reynaldo Silva, 21.
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov.
Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu.
İlk 2 dövrədəki oyunlar: 1:0, 3:2
"Qəbələ” - "Neftçi” - 1:3
Qollar: Viktor Mendi, 10 - Julius Vobay, 58, Denis Silva, 63, Flavinyo, 86.
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov.
Qəbələ. Şəhər stadionu.
İlk 2 dövrədəki oyunlar: 0:0, 0:0
"Sumqayıt” - AZAL - 0:0
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov.
Sumqayıt. "Kapital Bank Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:3
"İnter” - "Bakı” - 4:0
Qollar: Baçana Sxadadze, 3 (pen.), Əfran İsmayılov, 7; 38, Franka Nildo, 54.
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov.
Bakı. "İnter Arena” stadionu.
İlk 2 dövrədəki oyunlar: 7:0, 1:0