UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun "İnter”lə (İtaliya) görüşü zamanı kobud hakim səhvinin "qurbanı” olan "Qarabağ”ın şikayəti ilə bağlı qərarını açıqlayıb. Qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun hesaba alınmamağı ilə bağlı iradını bildirən Ağdam təmsilçisinin haqlı olduğu qənaətinə gəlib. UEFA Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının təmiz qolu qeyd almamaqla, səhvə yol verdiyini etiraf edib. Bu səbəbdən də "Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin matçın yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda çexiyalı hakimlərin cəzalandırılması tələbi haqlı irad kimi dəyərləndirilib. Gözlənildiyi kimi, oyunun yenidən keçirilməsi haqqında qərar qəbul olunmayıb. Amma UEFA-nın təşkil olunan iclasında qəbul olunan qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi öz əksini tapıb. Qurum "Qarabağ” ın təmiz qolunun hakim qərarı ilə əngəllənməsi, həmin epizodda qaydalar pozuntusunun olmaması fikri ilə tam razılaşıb. Sonda belə kobud səhvə yol verən çexiyalı hakimin cəzalandırılacağı vurğulanıb.