Bu həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. 3 ay əvvəl 1/8 finalı adlayan komandalar 1/4 finalın ilk matçlarına çıxıblar. Bütün qarşılaşmalar eyni gündə təşkil olunub. Əvvəlki mərhələlərdən fərqli, bu dəfə iki oyundan ibarət qarşılaşmaların birinci pərdəsinin 4 qarşılaşmasından
3-ü Bakıda keçirilib.
Azərbaycan kuboku
1/4 final mərhələsi, ilk oyunlar
4 mart (çərşənbə)
"Neftçi” - AZAL - 0:0
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Fariz Yusifov.
Bakı. "Bakcell Arena” stadionu.
"Neftçi” "Bakcell Arena”da AZAL klubunu sınağa çəkib. "Ağ-qaralar” son 33 gündə 3-cü dəfə "təyyarəçilər”lə qarşılaşıblar. Bu matç komandaların kubok çərçivəsindəki ilk oyunu olub. Topaz Premyer Liqasının III turdan təxirə salınmış oyunda "təyyarəçilər”i minimum hesabla məğlub edən "Neftçi” yenə qalib gəlmək niyyətində idi. Lakin komandaların ciddi cəhdlərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0.
"İnter” - "Xəzər Lənkəran” - 2:0
Qollar: Mikel Alvaro, 41; Asif Məmmədov, 69.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Coşqun Həsənov, Xəlil Xəlilov.
Bakı. "İnter Arena” stadionu.
"İnter” isə kubokda yolları 5 dəfə kəsişən "Xəzər Lənkəran”la görüşüb. Bakılılar favoriti olduğu cütün taleyini ilk matçda həll etməyə çalışırdı. Oyundan oyuna daha yaxşı təsir bağışlayan cənublular isə sensasiya etmək niyyətində idi. Matçda sevinən tərəf meydan sahibləri olublar. "Bankçılar” cənub klubuna 2 cavabsız qolla qalib gəlib.
"Qarabağ” - "Bakı” - 3:0
Qollar: Reynaldo, 6; 32; Vüqar Nadirov, 24.
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Nahid Əliyev, Rəhim Həsənov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Çempionatın fərqli yerlərində qərarlaşan "Qarabağ”la "Bakı”nın oyununun da favoriti meydan sahibləri idi. "Qızıl dubl” arzusunda olan Ağdam təmsilçisi yaxşı günlərini yaşamayan paytaxtın eyniadlı təmsilçisi ilə görüşdə çətinliklə üzləşməməli idi. Proqnozlar öz təsdiqini tapıb. Qurban Qurbanovun yetirmələri "zolaqlılar”ı 3:0 hesabı ilə məğlub ediblər.
"Qəbələ” - "Simurq” - 0:3
Qollar: Draqan Çeran, 11; 55, Benjamin Lambot, 57.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev.
Qəbələ. Şəhər stadionu.
İlk oyunlar 1/4 finalın ən maraqlı qarşılaşması ilə yekunlaşıb. İki əyalət təmsilçisi "Qəbələ” və "Simurq” yarımfinal yolunda münasibətlərinə aydınlıq gətiriblər. Premyer Liqada da 4-cü yer uğrunda mübarizə aparan turnir cədvəlinin qonşuları yarımfinala yüksəlmək üçün var qüvvəsini ortaya qoyublar. qonaqların üstünlüyü şəraitində keçən matçda Zaqatala klubu böyük hesabla qələbə qazanıb - 0:3.
Yeri gəlmişkən, "Simurq”a 0:3 hesabı ilə uduzan "Qəbələ”nin kubokdakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. "Qırmızı-qaralar” sonuncu dəfə 1457 gün əvvəl - 2011-ci il martın 8-də "Bakı” ilə səfər matçında meydanı məğlub tərk ediblər. Ardıcıl 13 görüşdə və 3 mövsümü uduzmadan başa vuran Qəbələ təmsilçisi iki dəfə rəqibinin səfər qoluna, 1 dəfə penaltilər seriyasına məyus olub.
Beləliklə, "Qarabağ” və "Simurq” klubları yarımfinala vəsiqəni böyük ölçüdə həll ediblər.