Portuqaliya yığmasının və İspaniyanın "Real” futbol klubunun hücumçusu Kriştianu Ronaldo mövsümün sonunadək mətbuata boykot elan edib.
Çempionlar Liqasının 1/8 final mərhələsində Almaniyanın "Şalke” klubu ilə keçirilən cavab matçı başa çatdıqdan sonra 30 yaşlı forvard mətbuata boykot etdiyini bildirib.
Qeyd edək ki, həmin matçda "Real” öz meydanında 3:4 hesabı ilə məğlub olub. Komandalar arasında birinci görüş isə İspaniya kollektivinin qələbəsi ilə (2: 0) başa çatıb. Bunun sayəsində ispaniyalılar əvvəlki iki matçın cəminə görə yarışın növbəti mərhələsinə keçiblər.
Bütün oyun ərzində klub yoldaşlarının hərəkətlərinə əsəbiləşən K.Ronaldo mövsümün sonunadək KİV-lə ünsiyyət saxlamayacağını bildirib. Kameralar portuqaliyalının komanda yoldaşı Karim Benzemeyə dediyi "Bu, biabırçılıqdır” sözlərini lentə ala bilib.
K.Ronaldo bu görüşdə iki qol vurub, həmçinin Avropa Kuboku yarışlarının ən yaxşı bombardiri olub. İndi onun hesabında 78 qol var. "Barselona”nın forvardı Lionel Messinin və "Real”ın sabiq hücumçusu Raulun isə hər birinin aktivində 76 qol var.