Milli komandamız Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazandı

Milli komandamız Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazandı


Belə ki, oyunun 4-cü dəqiqədə Cavid Hüseynov hesabı açıb. "Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb. 70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb - 2:0. Matçda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb. Bununla da milli komandamız Avro-2016-nın seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd etdiyimiz kimi millimiz bu qələbədən sonra 5-ci pilləyə yüksəlib. Komandamızın aktivində üç xal var. Keçirdikləri 5 görüşdən sonra 4 qələbə və 1 heç-heçə edən Xorvatiya komandası 13 xalla birinci pillədə yer alıb. 11 xal toplayan İtaliya millisi ikinci, rəqiblərindən 2 xal geri qalan Norveç seçməsi isə üçüncüdür.
4-cü pillədə qərarlaşan Bolqarıstan millisinin aktivində isə 5 oyundan sonra 5 xal var. Millimizə 2:0 hesabı ilə məğlub olan Malta komandası isə bir xalla sonuncu pillədə qərarlaşıb.
Xatırladaq ki, "cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub. Təcrürbəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Düzdür, xorvatiyalı mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna "Şaxtyor”u ilə matçda debüt edib. Lakin bu görüş yoldaşlıq oyunu olduğundan rəsmi xarakter daşımırdı.

AVRO-2016-nın seçmə mərhələsi, V tur
H qrupu
28 mart
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan - Malta - 2:0
Qollar: Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2
Baş hakim: Halis Özkahya
Hakim köməkçiləri: Cem Satman, Ekrem Kan
Dördüncü hakim: Kemal Yılmaz
Əlavə hakim köməkçiləri: Mete Kalkavan, Tolqa Özkalfa (hamısı Türkiyə)
Hakim-inspektor: Covanni Bolognino (İtaliya)
UEFA nümayəndəsi: Darius Pavel Dziekanovski (Polşa)

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 17. Vüqar Nadirov, 20. Namiq Ələsgərov
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Mahir Şükürov, 15. Ruslan Abışov, 8. Eddi İsrafiolv, 10. Elvin Məmmədov, 13. Dmitri Nazarov, 18. Coşqun Diniyev, 7. Vaqif Cavadov, 9. Məhəmməd Qurbanov, 11. Ruslan Qurbanov
Baş məşqçi: Robert Prosineçki
Malta: 1. Endryu Hoqq, 2. Conatan Karuana, 3. Stiv Bezzina, 4. Konor Borq, 5. Andre Aqius, 17, Rayan Kamilleri, 8. Roderik Briffa (k), 11. Roven Muskat, 16. Pol Fenek, 13. Andre Şembri, 19. Alfred Effionq
Ehtiyat oyunçular: 23. Henri Bonelyo, 12. Yustin Haber, 15. Yurgen Pisani, 6. Rayan Fenek, 7. Mark Skerri, 18. Byorn Kristensen, 21. Rayan Kamenzuli, 22. Zak Muskat, 9. Jan Pol Farruqia, 10. Endryu Kohen, 20. Yurgen Pisani
Baş məşqçi: Petro Qedin

Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan - Malta oyunundan sonra hər iki komandanın baş məşqçisinin mətbuat konfransı keçirib.
Petro Qedin (Malta millisinin baş məşqçisi):
- Futbol riyaziyyat deyil. Bu oyunda qələbə də, məğlubiyyət də var. 2 top fərqi ilə məğlub olduq. Amma biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimizə görə uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə yaxşı oynamadıq, erkən qol buraxdıq. Qoldan sonra isə oyunumuzu qura bilmədik. Oyunda çox boşluqlar yaratdıq. Düzdür, fasilədən sonra yaxşı oynadıq. Lakin çox çalışsaq da rəqib qapısına yol tapa bilmədik. Hakimliklə bağlı müsbət fikirdəyəm, hər hansı başqa bir söz deyə bilmərəm.
Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi):
- Oyundan narazı qaldım. Komandamız bəzi məqamlarda istədiyimiz oyunu nümayiş etdirə bilmədi. Bundan da yaxşı oynaya bilərdik. Futbolçuların potensialı daha yaxşı oynamağa imkan verir. Oyundan əvvəl qarşılaşmanın çətin olacağını demişdim. Rəqibin müdafiə sistemi çox yaxşı təşkil olunmuşdu. Futbolda hər şey mümkündür. Rəqib bərabərlik qolu vurub, hesabda önə də keçə bilərdi. Hər bir məşqçinin B planı var. Sirlərimi tam açmaq istəmirəm. Qarşıda bizi daha çətin oyunlar gözləyir. İnanıram ki, bu qələbədən sonra komandada motivasiya daha yüksək olacaq.