Güləş Azərbaycanda ən çox sevilən idman növlərindən biridir

Güləş Azərbaycanda ən çox sevilən idman növlərindən biridir


"Güləş Azərbaycanda həmişə idmanın ən populyar,
ən birinci növlərinin sırasındadır. Azərbaycanda
güləşin böyük tarixi, böyük ənənələri var”.

İlham Əliyev


İdman millətin sağlamlığı, genofondun qorunması, öz hüququnu, milli mənliyini təsdiq edən vasitə deməkdir. İdmançılarımızın Olimpiya oyunlarında, dünya çempionatlarında, qitə birinciliklərində əldə etdikləri qələbələr ölkəmizin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, bu həm də Azərbaycanın dünya birliyində yeri kimi də qiymətləndirilir. Əldə olunan möhtəşəm qələbələr və nailiyyətlər ölkəmizin beynəlxalq nüfuzuna böyük təsir göstərir, onun tanınmasında əsaslı rol oynayır. Ölkə təmsilçisinin qələbəsindən sonra dövlət bayrağının qaldırılması, himninin səsləndirilməsi bu və ya digər ölkənin daha yaxından tanınmasına zəmin yaradır.
Azərbaycan qədim idman ənələrinə malikdir. Bu milli ənənələri davam etdirmək, nəsillərdən-nəsillərə ötürmək ölkəmizin dövlət siyasətinin əsas istiqamətlərindəndir. Müstəqil Azərbaycan bu gün dünyanın bütün ölkələri tərəfindən tanınır. Respublikamız ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. İdman sahəsində atılan addımlar, beynəlxalq aləmdə qazanılan nüfuz, atletlərimizin idman arenalarında ciddi rəqibə çevrilməsi ölkəmizin şöhrətini daha da artırır. Ayrı-ayrı idman növlərinin inkişafı istiqamətində Azərbaycan Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, eləcə də federasiyalar tərəfindən əməli işlər görülür və tədbirlər həyata keçirilir.

Azərbaycan dünyanın aparıcı
güləş ölkələrindəndir
Azərbaycanda idmandan, ənənəvi və qədim idman növlərindən danışanda ilk növbədə yadımıza güləş düşür. Bu heç də təsadüfi deyil. Azərbaycan bütün dövrlərdə tanınmış güləşçiləri ilə fəxr edib. Keçmiş sovet dövründə idmanın bu növü üzrə təmsilçilərimiz SSRİ yığma komandasının tərkibində müxtəlif mötəbər yarışlarda iştirak edərək mükafatalayiq yerlər tutublar. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün dünyanın aparıcı güləş ölkələri sırasında çəkilir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, dünyanın ən möhtəşəm idman tədbiri olan Olimpiya oyunlarında əldə etdiyimiz qələbələrin əksəriyyəti məhz güləş növünün payına düşür.
Avropa Oyunlarının proqramında nümayiş etdiriləcək 20 idman növündən biri də güləşdir. Ölkəmizdə qədim ənənələrə malik bu idman növünün yaranma tarixi, ölkəmizdə inkişafı, Azərbaycan güləş məktəbinin yaradıcıları, pəhləvanlarımızın Olimpiya oyunlarında əldə etdiyi qələbələr və ən nəhayət, Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə bağlı məlumatları oxucuların diqqətinə çatdırırıq.
Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşlə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü çox sevirdilər. O vaxtlar, adətən, qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu. Bu da idmançılara bir-birindən möhkəm yapışmaq imkanı verirdi. Pəhləvanlar meydanda dolaşır, bir-birini başdan-ayağa süzür və qəflətən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi var idi: biri öz rəqibinin ayağından tutmağı, o birisi isə rəqibin başını qoltuğunun altında saxlamağı sevirdi. Qədimdə rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Qədim dövrlərdə ayrı-ayrı güləşçilər döşəkdə müxtəlif fəndlər işlədirdilər. Pəhləvanlar bu fəndlərin bəzilərindən indi də istifadə edirlər. Müasir güləşin ən qədim, yəni klassik növü yunan-Roma güləşidir. Bu güləş növü qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna "təmiz qələbə” deyirlər. "Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək mümkündür. Xallar hər bir uğurlu fənd üçün verilir.
Ölkəmizdə populyar olan yunan-Roma və sərbəst güləş növləri zəngin tarixə və özünəməxsus ənənələrə malikdir. Milli güləşin əksər elementlərini, fənd və mübarizə üsullarını özündə birləşdirən sərbəst güləş dünyada "Amerika güləşi” kimi tanınır. Şübhəsiz ki, ölkəmizdə milli güləşin tarixi daha qədimdir. Onun elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatımızda rast gəlmək olar. Ölkəmizdə güləşin qədim ənənələrə malik olduğunu insanların toy və bayram şənliklərində qurşaq tutub güləşmələri də sübut edir. Qədimdə güləş yarışları zorxanalarda təşkil olunurdu. XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaşamış Hüseynqulu Mürsəlqulu oğlu və onun tələbəsi Məşədi Əbdül Axundov, Şomu Abdulla, Mirzə Məmmədhüseyn, Sar Pənci və başqaları Azərbaycan güləş məktəbinin əsasının qoyulmasında misilsiz xidmətlər göstəriblər. XX əsrin əvvəllərində pəhləvanlarımız Sali Süleyman, Rəşid və Cümşüd Yusifov qardaşlarının şöhrəti bütün dünyaya yayılmışdı.

Olimpiya oyunlarında
qazanılan ilk medal
Azərbaycanda peşəkar güləş məktəbi öz təşəkkülünü ikinci dünya müharibəsindən sonra tapıb. "Kusturud” idman klubunun yaradıcılarından olan Rza Baxşəliyev ölkə güləşinin banilərindən hesab olunur. O, SSRİ-nin əməkdar idman ustası, Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar məşqçi, güləş üzrə 20 qat ölkə çempionu idi. Dəfələrlə SSRİ çempionu Musa Babayev və İbrahimpaşa Dadaşov, SSRİ mükafatçısı Muxtar Dadaşov və Rəşid Məmmədbəyov məhz bu istedadlı və peşəkar güləşçinin yetirmələridir. Rəşid Məmmədbəyov Helsinki-1952 Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində sərbəst güləş üzrə yarışlarda gümüş medal qazanmışdı. Bu, Azərbaycan idmançılarının Olimpiya oyunlarında əldə etdiyi ilk medal idi.
Rza Baxşəliyevin ardınca ölkəmizdə sərbəst və eləcə də milli güləşin inkişafında İslam Hümbətov, Alkiviad Pavlidi, Tokio-1964 Olimpiya Oyunlarının bürünc mükafatçısı Aydın İbrahimov, Nuhbaba və Hacıbaba Şıxıyev qardaşları, Rafiq Hacıyev, Oqtay Hüseynov, Nadir Rəhimov, Xosrof Cəfərov, Muxtar Novruzov, Xəzər İsayev, Aslan Ağayev, Firdovsi Umudov, Namiq və Arif Abdullayev qardaşlarının zəhməti böyük olub.
XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fransız güləşi kimi təşəkkül tapan yunan-Roma növünün vətəni qədim Yunanıstandır. Ölkəmizdə bu növ üzrə ilk dünya çempionu titulunu 1978-ci ildə Meksikada təşkil edilən dünya çempionatında Arif Niftullayev qazanıb. Yunan-Roma güləşi üzrə 3 qat dünya çempionu adına 1980-1990-ci illərdə Məhyəddin Allahverdiyev layiq görülüb. Azərbaycanda bu növün inkişafında xidmət göstərən güləşçilərdən Elçin Cəfərov, Ağakişi İsgəndərov, Əhəd Quliyev, Kamandar Məcidov, Əhəd Əliyev, İlham Umayev, Natiq Eyvazov, Qərib Əliyev, Ağalar Aslanov, Nurəddin Rəcəbov, Tofiq Eyvazov, Hicran Şərifov, Olqar Abdulov, Fərid Mansurov və başqalarının adlarını çəkmək olar.


Atlanta-1996: qızıla bərabər gümüş
Azərbaycan idmançıları Olimpiya oyunlarında 1952-ci ildən 1992-ci ilə kimi ölkəmizi SSRİ yığmasının tərkibində təmsil ediblər. Yuxarıda qeyd etdiyimiz kimi, həmin dövrlərdə güləşçilərdən Aydın İbrahimbəyov, Arif Niftullayev, Məhyəddin Allahverdiyev, Xəzər İsayev kimi pəhləvanlarımız Avropa və dünya birinciliklərində ölkəmizin idman şərəfini layiqincə qoruyublar.
Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilən XXVI Yay Olimpiya Oyunlarında təmsil olunub. Ümummilli lider Heydər Əliyev beynəlxalq yarışlar sırasında Olimpiya oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkirdi. Ulu öndər idmançının Olimpiya oyunlarında iştirak etməsini böyük nailiyyət kimi qiymətləndirirdi. 1996-cı ildə Atlanta Olimpiadasına yola düşməzdən əvvəl keçirilən görüşdə Heydər Əliyev olimpiadada iştirakın vacibliyini xüsusi vurğulayaraq demişdi: "Olimpiya oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti nə qədər çalışsa, o nailiyyəti əldə edə bilməyən idmançı yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikasının komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu məsələnin ikinci tərəfidir”.
İdmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev bu mötəbər yarışda gümüş medal qazandı. Olimpiadadan qayıtdıqdan sonra Prezident Aparatında keçirilən görüşdə Heydər Əliyev Namiq Abdullayevin qazandığı gümüş medalı qızıla bərabər dəyərləndirdi.
Tarixə nəzər salsaq, görərik ki, ölkəmiz Atlantada 6 sərbəst, 2 yunan-Roma, Sidneydə 6 sərbəst, 3 yunan-Roma, Afinada 5 sərbəst, 3 yunan-Roma, Pekində 10 sərbəst, 6 yunan-Roma, Londonda 8 sərbəst, 5 yunan-Roma güləşçisi ilə təmsil olunub. İndiyədək Olimpiya oyunlarında əldə olunan 26 medaldan 14-ü (4 qızıl, 5 gümüş və 5 bürünc) məhz güləş idman növünün payına düşür. Eləcə də 1996-cı ildən bəri olimpiadada iştirak edən 187 atletdən 53-ü güləşçidir. Londonda keçirilən sonuncu Olimpiya oyunlarında əldə olunan 10 medaldan 7-si məhz güləş idman növündə qazanılıb. Olimpiya oyunlarında 5 bayraqdarımızdan 2-si güləşçidir. Belə ki, Sidney-2000-də Azərbaycanın bayrağını aparmaq sərbəst güləşçi Namiq Abdullayevə, Pekin-2008-də isə yunan-Roma təmsilçisi Fərid Mansurova həvalə olunub.
Xatırladaq ki, güləşçimiz Namiq Abdullayev Atlantada 52 kq-da gümüş, Sidneydə 54 kq-da qızıl medal qazanıb. Fərid Mansurov olimpiadanın qızıl medalını 66 kq-da Afina-2004-də əldə edib. Digər idmançılarımız Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) Pekin-2008-də gümüş medala layiq görülüblər. Qadın güləşində təmsilçimiz Mariya Stadnik (48 kq) Pekin-2008-də bürünc, London-2012-də gümüş medal qazanıb. Sərbəsr güləşçimiz Xetaq Qazyumov (96 kq) Pekin-2008 və London-2012-də bürünc mükafata sahib olub.

Sidney-2000
Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə XXVII Yay Olimpiya Oyunlarında iştirak edib. Ölkəmiz Sidneydə 31 idmançı ilə təmsil olunurdu ki, onlardan 9 nəfəri güləş idman növü yarışlarında mübarizə aparıb. İki qızıl və bir bürünc medal əldə edən Azərbaycan medal qazanan ölkələr arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü yeri tutub. Sidney-2000 Oyunlarında ölkəmizə ikinci qızıl medalı Atlanta-1996 Olimpiadasının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev qazandırıb. Yeri gəlmişkən qeyd edək ki, Namiq Abdullayev son 20 ildə Azərbaycan güləş məktəbinin ən layiqli yetirmələrindəndir. Uzun illər Olimpiya yığmasının kapitanı olan güləşçi Avropa və dünya çempionatlarında da biri-birindən gözəl nəticələr qazanıb. 2000-ci ildə Sidneyə də kapitan kimi yollanan Namiq Abdullayev Olimpiya oyunlarının açılışında Azərbaycan bayrağı ilə Olimpiya yığmasının önündə gedib.

Afina-2004
Afina-2004 Olimpiya Oyunlarında Azərbaycan idmanının yeni şanlı səhifəsi yazılıb. 21-ci minilliyin ilk Olimpiya oyunlarında 12 idman növündə 38 idmançı ilə təmsil olunan milli komandamız bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıdıb. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb.

Pekin-2008
XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 12 idman növündə 44 idmançı ilə təmsil olunub. Onlardan 16-sı güləşçi idi: sərbəst güləş (7), yunan-Roma güləşi (6) və qadın güləşi (3). Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqləniblər. Komandamız Olimpiya oyunlarında ilk dəfə hər üç növdə medal qazanıb. Pekin-2008 Olimpidası həm də qadın güləşçilərimizin mübarizə apardığı ilk olimpiada kimi tarixə düşüb.
Pekin-2008 Yay Olimpiya Oyunları da həmişə olduğu kimi pəhləvanlarımızın uğurlu çıxışları ilə yadda qalıb. Pekin Olimpiadasında əldə edilən 7 medalın 4-ü məhz güləşçilərimizin payına düşüb. Bu mötəbər yarışlarda yunan-Roma güləşçilərimizin nəticələri daha ürəkaçan olub. Vitali Rəhimov və Rövşən Bayramov yığma komandamızın aktivinə iki gümüş medal yazdırıblar. Sərbəst güləş üzrə Xetaq Qazyumov, qadın güləşi üzrə isə Mariya Stadnik bürünc medal qazanmaqla Olimpiya medallarının sayını 4-ə çatdırıblar və bir daha ölkəmizdə güləşin yüksək sürətlə inkişaf etdiyini sübuta yetiriblər. Yeri gəlmişkən deyək ki, güləşçimiz Rövşən Bayramov 2008-ci ildə Beynəlxalq Güləş Federasiyası tərəfindən İlin ən güclü idmançısı elan edilib.


London-2012
Azərbaycan Olimpiya yığması ümumilikdə, London-2012-də 10 medal (2 qızıl, 2 gümüş və 6 bürünc) qazanaraq bu göstərici ilə 205 ölkə arasında 30-cu yeri tutub. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşıb.
London-2012 Olimpiadasında sərbəst güləş üzrə yığmamız Olimpiya medalları uğrunda 6 çəki dərəcəsində yarışıb. Sərbəst güləş yarışlarında ölkəmizi Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Maqemadov (120 kq) təmsil ediblər.
Güləşçilərimizdən Toğrul Əsgərov və Şərif Şərifov Olimpiya çempionu adına layiq görülüblər. Xetaq Qazyumov isə olimpiadanın bürünc mükafatını qazanıb. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan komandası London Olimpiadasını 2 qızıl və 1 bürünc medalla başa vurub. Sevindirici haldır ki, sərbəst güləş üzrə yığmamız dünyanın aparıcı ölkələrini qabaqlayaraq, ABŞ-la birgə 1-ci yerdə qərarlaşıb. London-2012 Olimpiadasının qızıl medalını qazanan Toğrul Əsgərov həm də ən gənc çempion kimi Olimpiya tarixinə düşüb. Həmin vaxt Toğrulun 20 yaşı tamam olmamışdı.
Yunan-Roma güləşi üzrə yarışlarda yığmamızın 2 üzvü daha yüksək nəticə göstərib. Belə ki, Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutub. Bununla komandamız London-2012-də yunan-Roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlaşıb.
Qadın güləşi üzrə yarışlarda Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxıb. Nəticədə, ölkəmiz qadın güləşi yarışlarında 3-cü yeri tutub. London-2012 Olimpiadasının güləş proqramında 18 dəst medal uğrunda 13 atletimiz yarışıb. Güləşçilərimiz ümumilikdə 7 medalla (2 qızıl, 2 gümüş və 3 bürünc) - mükafat qazanan 29 ölkə arasında 4-cü olublar.

Yeniyetmələrin Olimpiya oyunları
Qeyd etdiyimiz kimi, ölkəmizdə güləş idman növü sürətlə inkişf edir, respublikamızın, demək olar ki, bütün bölgələrində güləş zalları fəaliyyət göstərir. Uşaq, yeniyetmə və gənclər qədim idman növü olan güləşin incəliklərini həvəslə öyrənirlər. Təsadüfi deyil ki, Azərbaycanın yeniyetmə pəhləvanları beynəlxalq miqyaslı yarışlarda, Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edirlər. İlk dəfə keçirilən Yeniyetmələrin I Yay Olimnpiya Oyunlarında qazanılan medallar belə deməyə əsas verir.

Sinqapur-2010
Azərbaycan Yenyetmələrin I Yay Olimpiya Oyunlarında 6 nöz üzrə 12 idmançı ilə təmsil olunub. Təsadüfi deyil ki, tarixdə ilk dəfə keçirilən Sinqapur-2010 Olimpiadasında güləş idman növündə daha çox idmançımız iştirak edib. Belə ki, 12 yeniyetmə atletdən 5-i güləşçi olub.
Sərbəst güləş üzrə ölkəmizi oğlanlar arasında Əli Maqomedabirov (100 kq), Kənan Quluyev (54 kq), qızlar arasında yeganə xanım idmançı Patimat Baqomedova (52 kq), yunan-Roma güləşi üzrə Murad Bazarov (42 kq) və Elman Muxtarov (50 kq) təmsil ediblər.
Həmişə olduğu kimi, bu dəfə də güləşçilərimiz fərqləniblər. Olimpiadada ilk olaraq mübarizəyə qoşulan pəhləvanlarımız Murad Bazarov, Elman Muxtarov və Patimat Baqomedova Azərbaycan xalqının etimadını doğruldaraq idmansevərlərə fərəhli anlar yaşadıblar. Onlar Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının çempionu adına layiq görülüblər. Ardınca Əli Manomeddabirov inamla çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər sərbəst güləşçimiz Kənan Quliyev isə finala qədər inamla irəliləsə də, həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib.
Ölkəmiz Sinqapur-2010 Olimpiadasında 8 medal (5 qızıl, 3 gümüş) qazanaraq dünya ölkələri sırasında 11-ci pillədə qərarlaşıb. Əldə olunan 8 medaldan 5-i yeniyetmə güləşçilərimizin payına düşür.

Nankin-2014
Çinin Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında dünyanın 204 ölkəsindən 3888 yeniyetmə atlet 184 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan bu olimpiadada 9 idman növü üzrə 21 idmançı ilə təmsil olunub. Təmsilçilərimiz Nankində 12 (5 qızıl, 6 gümüş və 1 bürünc) medal əldə ediblər. Bu medallar taekvondo, güləş, cüdo, avarçəkmə, atletika idman növlərinin payına düşüb. Ölkəmiz medal qazanmış 86 ölkə arasında 10-cu yeri tutub. Bununla Azərbaycanın yeniyetmələrdən ibarət komandası Avropa ölkələri arasında 6-cı, MDB-də Rusiya və Ukraynadan sonra 3-cü, İslam və Qafqaz ölkələri arasında 1-ci pillədə qərarlaşıb.
Komandanın qazandığı 5 qızıl medaldan 3-nü və 6 gümüş medaldan 2-ni məhz güləşçilərimiz əldə ediblər. İslambek Dadov (69 kq) yunan-Roma, Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) sərbəst güləş üzrə qızıl medala sahib olublar. 6 gümüş medaldan 2-ni isə Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi) və Leyla Qurbanova (52 kq, qadın güləşi) qazanıblar. Beləliklə, güləşçilərimiz bu yarışlarda ümumilikdə 5 (3 qızıl və 2 gümüş) medala sahib olublar.

Yunan-Roma komandası ölkənin güləş tarixində yeni səhifə yazdı
Güləşçilərimiz Avropa Oyunları ərəfəsində keçirilən yarışlarda inamla çıxış edirlər. İlə uğurla başlayan yunan-Roma güləşçilərimiz Azərbaycanın idman tarixində yeni səhifə yazdılar. Ölkəmizin böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandası fevralın 19-21-də İranın paytaxtı Tehran şəhərində keçirilən Dünya kuboku yarışlarının qalibi oldu.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də yunan-Roma güləşi üzrə İranda keçirilən Dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın üzvlərini qəbul edərək onları qələbə münasibəti ilə təbrik etdi. Ölkə Prezidenti komandanın Dünya kubokundakı uğurunu tarixi qələbə adlandıraraq, Azərbaycan Güləş Federasiyasının işini yüksək qiymətləndirdi: "Bu, böyük tarixi qələbədir. Bu, doğrudan da, tarixi qələbədir. Çünki yunan-Roma güləşçilərimiz ilk dəfədir ki, Dünya kubokunun sahibi olurlar. Bu, bir daha Azərbaycanın güləş məktəbinin nə qədər güclü olduğunu göstərir”. "Doğrudan da, bu, hər bir Azərbaycan vətəndaşını sevindirən hadisədir, böyük tarixi qələbədir. Bu qələbə onu göstərir ki, Güləş Federasiyasında işlər çox yaxşı gedir, düzgün qurulubdur.
Güləş Federasiyası Olimpiya oyunlarında, dünya çempionatlarında, digər beynəlxalq yarışlarda qazanılan medallara və yüksək nəticələrə görə Azərbaycanda liderdir. Bu, belədir və mən bunu yüksək qiymətləndirirəm. Çünki milli idman növümüz olan güləş Azərbaycanda ən çox sevilən və ən çox populyardır.”


Güləş Federasiyasının işi təqdirəlayiqdir
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev fiziki və mənəvi cəhətdən sağlam gənclərin yetişdirilməsini dövlətimizin ən vacib məsələsindən biri hesab edir və bu məsələnin həyata keçirilməsi üçün dövlətimiz tərəfindən lazımi işlər görülür. İdmana göstərilən dövlət qayğısı bütün idman növlərinin, o cümlədən güləşin həm texniki-təlim, həm də elmi-metodiki bazasının daha da gücləndirilməsinə geniş imkan yaradıb.
Ölkəmizdə güləşin daha da inkişaf etməsi, populyarlaşması və kütləviləşməsi istiqamətində Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən mühüm işlər görülür. Danılmaz faktdır ki, uşaq və yeniyetmələr arasında güləşin inkişaf etdirilməsinin başlıca məqsədlərindən biri də milli komandamıza ehtiyat qüvvələrin hazırlanmasıdır. Belə olan halda məşqçilərin seçim imkanları geniş olur. Ona görə də AGF bu istiqamətdə ciddi və təsirli tədbirlər həyata keçirir. Federasiya tərəfindən paytaxtla yanaşı, ölkəmizin regionlarında da gənclərin idmana cəlb olunmasına, onların daha keyfiyyətli məşqlər keçməsinə diqqət gücləndirilir.
Azərbaycan güləşçiləri ölkədaxili yarışlarda da müntəzəm olaraq güclərini sınayırlar. Çempionatlar, birinciliklər, zona yarışları gənc və yeniyetmə güləşçilərin təcrübəsini artırır. Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş güləş üzrə respublika turniri daha çox seçim xarakteri daşıyır. Burada idmançılar nəzərdən keçirilərək, yığma komandalara cəlb olunurlar. Federasiya rəhbərliyinin həyata keçirdiyi tədbirlər seçim imkanlarını əsaslı şəkildə genişləndirməyə şərait yaradıb və bunun sayəsində indi respublikamızda bütün çəki dərəcələrini layiqincə təmsil edən güləşçilər yetişdirilir. Son illərdə təşkil olunan Avropa və dünya birincilikləri, eləcə də digər mötəbər yarışlarda yeniyetmə və gənc güləşçilərimizin mükafatalayiq yerlər tutması görülən işlərin səmərəli nəticə verdiyini təsdiq edir. Təbii ki, idmanda daha da yüksək nəticənin əldə olunması üçün baza böyük əhəmiyyətə malikdir və belə bazalara respublikamızın, demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür.
Azərbaycan Güləş Federasiyası tərəfindən bölgələrdə güləşin kütləviliyinin təmin edilməsi, idmanın maddi-texniki bazasının yaradılması üçün həyata keçirilən tədbirlərin nəticəsidir ki, bölgə təmsilçiləri də beynəlxalq arenalarda keçirilən yarışlarda inamla mübarizə apararaq, böyük nailiyyətlər əldə edirlər. Güləş üzrə zona yarışlarının səviyyəsi getdikcə artır. Bölgələrdə fəaliyyət göstərən zallar üçün güləş döşəkləri, avadanlıqlar paylanılır, məşqçilərə, güləşçilərə mükafatlar verilir, təqaüdlər təyin edilir. Bölgələrdə müxtəlif yaş qruplarında məşğul olan güləşçilər üçün ayrı-ayrı məşq proqramları tərtib olunub. Məhz buna görədir ki, ötən illər ərzində beynəlxalq arenalarda və ölkədaxili turnirlərdə nailiyyət əldə edən bölgə idmançılarının sayı əvvəlkilərə nisbətən xeyli çoxalıb. Təsadüfi deyil ki, milli komandanın əsas ehtiyat qüvvəsi də regionlarda hazırlanır. Güləş Federasiyası bölgələrdə güləş növlərinin təbliği, inkişafı və təlim-məşq toplanışlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq turnirlər keçirir. Bütün bunlar yerlərdə uşaqların güləşlə məşğul olması, asudə vaxtlarının səmərəli keçməsi, fiziki cəhətdən sağlam olmalarına zəmin yaradır.
İnanırıq ki, Azərbaycanı Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında həmişə layiqincə təmsil edən pəhləvanlarımız doğma divarlar arasında ölkəmizin şərəfini daha yüksəklərə qaldıracaq, xalqımızı möhtəşəım qələbələrlə sevindirəcəklər.
Qeyd edək ki, Azərbaycan güləş yığması Avropa Oyunlarında 3 növ - sərbəst güləş (8 nəfər), yunan-Roma (8 nəfər) və qadın güləşində (8 nəfər) 24 idmançı ilə çıxış edəcək. Güləş yarışları iyunun 13-18-də Heydər Əliyev adına İdman Sarayında keçiriləcək. Yarışlarda 480 güləşçi mübarizə aparacaq.