Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir

Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişafında ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir


"Dünyada ən şərəfli peşə vətəni, torpağı, 
dövləti qorumaq peşəsidir”

Heydər Əliyev


Xalqımızın ümummilli lideri Heydər Əliyevin 34 ilə yaxın bir zaman kəsiyində respublikaya rəhbərliyi, həqiqətən, onun fenomen olduğunu təsdiq edir. Ulu öndərin möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi. Bu yolun əsas aparıcı qüvvələrindən biri isə ümummilli liderimiz Heydər Əliyevin daim qayğı və diqqəti ilə əhatə olunmuş Azərbaycan gəncliyidir.
Bəşəriyyət tarixində hər bir xalq
özünəməxsus şəkildə ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə xüsusi əhəmiyyət vermişdir. Məsələyə bu baxımdan yanaşdıqda gənc nəslin hərbi-fiziki tərbiyəsinin məzmun və formasının səciyyəvi xüsusiyyətləri olduğunu deyə bilərik. Hər şeydən əvvəl, bu cür tərbiyə üsulunun tarixi çox qədim olmaqla yanaşı, həm də xarici işğalçılara qarşı milli-azadlıq müharibələrində təşəkkül tapmışdır.


Hərbi vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə - bütün ictimai formasiyalarda dövrün zəka sahiblərinin həmişə diqqət mərkəzində olmuşdur. Hərbi vətənpərvərlik tərbiyəsi hər bir ölkə vətəndaşının vətəninin müdafiəsinə şəxsi hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işə, düşmənə qarşı silahlı mübarizəyə yiyələnmək əsas vəzifə hesab olunur.
Hərbi-vətənpərvərlik hissi min illərlə möhkəmləndirilmiş ülvi hissdir. Bu ülvi hiss insanın öz doğma vətəninə hədsiz məhəbbət bəsləməsində, onun müvəffəqiyyətlərini gördükdə ürəkdən sevinməsində, düşmənlərinə dərin nifrət bəsləməsində, hər qarış torpağın göz bəbəyi kimi qorunmasında, döyüş bacarığına və vərdişlərinə yiyələnməsində ifadə olunur. Hərbi vətənpərvərlik hissi doğma yerlərə və adamlara bağlılıqdan, onları xarici və daxili düşmənlərdən qorumaqdan başlayaraq, bütün qüvvə və qabiliyyətini vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməyə qədər inkişaf edib yüksəlir.
1970-80-cı illərdə respublikamıza rəhbərlik edən bu böyük şəxsiyyət gənclərlə iş siyasətində uzaqgörənliklə elə işlər görmüşdü ki, onların dəyərlərindən müstəqil ölkəmiz indi də faydalanmaqdadır. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində respublikamızda hökm sürən hərcmərclik, qeyri-sabitlik şəraitində dövlət səviyyəsində gənclərlə iş, demək olar ki, yox dərəcəsində idi. Xalqımızın lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı problemlərimizin həlli ilə yanaşı, dövlətimizin gənclər siyasətində də ciddi dönüş yaratdı. Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyevin söylədiyi "...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir...” sözləri gənclər siyasətinin konseptual fəlsəfəsinə çevrildi.
1970-80-cı illərdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin elm ocaqlarında təhsil alıb, müasir sənət və peşə növlərinə yiyələnmişdir. Məhz o illərdə Azərbaycanda yeni tədris ocaqları, o cümlədən xüsusi hərbi məktəblər, yeni gənclər mərkəzləri yaradılmış, irimiqyaslı gənclik tədbirləri keçirilmişdir. Məhz həmin illərdə Azərbaycanın milli kadrlarının, inkişafı üçün yaradılmış imkanlar nəticəsində aparıcı ictimai-siyasi sahələrdə azərbaycanlı alimlərin üstünlüyü və milli ruhun yüksəlişi təmin olunmuşdur. Hələ 1970-ci ildə Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəb yaratdı. Həmin məktəbə Cəmşid Naxçıvanskinin - bizim qəhrəman generallardan birinin adı verildi. Artıq 41 ildir ki, bu məktəb fəaliyyət göstərir. Həmin məktəbdən ildə təxminən 800-900 nəfər gənc azərbaycanlı sovetlər ittifaqının ali hərbi məktəblərinə göndərilirdi. Əgər 1970-ci ildə keçmiş SSRİ-nin başqa şəhərlərinə təhsil almağa 300 nəfər göndərilmişdisə, 1975-ci ildə 400 nəfər, 1978-ci ildən başlayaraq hər il 50-dən çox şəhərin 150 ali məktəbinə Azərbaycanda çatışmayan ixtisaslar üzrə 800 tələbə göndərilmişdi. Ümumiyyətlə, 70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda 10 minə qədər azərbaycanlı gənc təhsil almışdı. Bu, danılmaz faktdır ki, 70-80-ci illərdə onun uzaqgörən siyasəti nəticəsində hazırlanmış mütəxəssislər Azərbaycanın xoşbəxt gələcəyi üçün zəmin yaratmışlar. O dövrdə kənarda oxuyanlara dövlət tərəfindən təhsil zamanı qayğı göstərilirdi, həm də onlar respublikaya qayıtdıqdan sonra böyük qayğı ilə əhatə olunurdular. Onların mənzillə, yataqxana ilə təminatına xüsusi diqqət verilirdi.
Hazırkı dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi daha mühüm əhəmiyyət kəsb edir. Çünki neçə illərdir ki, hiyləgər və məkrli düşmənlərimiz olan ermənilər xalqımıza qarşı qəsbkarlıq müharibəsi aparırlar.
Belə bir düşmənə qarşı ləyaqətlə mübarizə aparan gənclərdə inamın, hərbi vətənpərvərlik hisslərinin tərbiyə edilməsi ən zəruri məsələ kimi qarşıda durur.
Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənc nəsli psixoloji və mənəvi baxımdan hərbi həyata hazırlamaq vacibdir, Vətəni qorumaq üçün həmişə hərbə hazır olmaq lazımdır. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığının səmərəliliyi nəzarətdə olunmağı tələb edir.
Bəşəriyyət tarixində hər xalq ölkəsinin sosial-iqtisadi və siyasi inkişaf şəraitindən asılı olaraq hərbi bədən tərbiyəsi sistemini yaradır, yetişməkdə olan gənc nəslin hərbi biliklərə yiyələnməsinə nail olur. Bu bir həqiqətdir ki, hər bir xalqın hərbi-fiziki sistemi özünəməxsus şəkildə qurulmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev "Fəal həyat mövqeyinin formalaşdırılması: mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri” adlı elmi-praktik konfransdakı məruzəsində demişdir: "Yaşlı nəsillərin əsgəri rəşadəti, xalqımızın döyüş ənənələri böyük mənəvi təsir qüvvəsinə malikdir. Vəzifəmiz mənəvi tərbiyə ilə hərbi-vətənpərvərlik tərbiyəsini əlaqələndirərək, döyüşçülərimizin sayıqlığının, mənəvi və ideya mətinliyinin, var qüvvələrinin vətənin müdafiəsinə vermək əzminin artmasına kömək etməkdən ibarətdir”.
Fərəhli haldır ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi, milli istiqlal yoluna qədəm qoyduğu bir dövrdə hərbi-fiziki tərbiyənin yeniləşməsi mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Ölkədəki müəyyən çətinliklərə baxmayaraq, hərbi-fiziki tərbiyə ilə əlaqədar məsələlər bir an belə arxa plana çəkilməyib, əksinə, bu sahədə işlər böyük vüsətlə davam etdirilir. İnkaredilməz həqiqətdir ki, hərbi-fiziki tərbiyəyə laqeydlik nəticə etibarilə gənc nəslin sağlamlığına, hərbi işə, mənəviyyata böyük ziyan vura bilər.
Bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabineti "Hərbi qulluqçuların fiziki hazırlıq normativləri” haqqında sərəncam imzalamışdır. Sərəncamda hərbi qulluqçuların fiziki hazırlıq, zabit və gizirlərin fiziki hazırlıq üzrə qiymətləndirilməsinin cədvəli, zabit və gizirlərin maneələr zolağını dəf etmək üzrə qiymətləndirilməsi cədvəli geniş şərh olunmuşdur.
Qeyd edilməlidir ki, müstəmləkəçilik və totalitar rejim xalqımızın yüz illər ərzində formalaşmış hərbi-fiziki tərbiyə ənənələrinə ağır zərbə vurmuşdur. İmperiya öz hegemonluğunu təmin etmək məqsədilə başqa sahələrdə olduğu kimi, hərbi-fiziki tərbiyə sahəsində də ayrı-seçkilik siyasəti yeritmiş, Azərbaycan xalqının hərbi siyasi dirçəlişinin qarşısını almaq üçün mütərəqqi milli hərbi-fiziki tərbiyə ənənələri imperiyanın hərbi-fiziki tərbiyəsinin müti əlavəsinə çevrimişdir. İmperiyanın hərbi-fiziki tərbiyəsi bütövlükdə əsarət altına salınmış xalqların, o cümlədən Azərbaycan xalqının bu sahədə milli ənənələrini məhv etmişdir. Mərkəzdə xüsusi niyyətlə hazırlanmış hərbi-fiziki tərbiyə sisteminin əsasında duran saxta beynəlmiləlçilik və xalqlar dostluğu prinsipləri bu işdə xüsusilə mənfi rol oynamış, əslində, başqa xalqlar kimi, Azərbaycan xalqını da milli dəyərlərdən ayrı salmaq və ümumbəşəri dəyərlərindən məhrum etmək məqsədi daşımışdır. Əsrlər boyunca formalaşmış hərbi-fiziki tərbiyə ənənələrinin aradan qaldırılmasına yönəlmiş imperiya siyasəti, əslində, xalq və cəmiyyət arasındakı dialektik əlaqəni pozmuş, hərbi-fiziki tərbiyənin humanist xarakterinə, demokratikliyinə, dini-mədəni əlaqələrinə mənfi təsir etmiş, xalqın dili və tarixi ənənələri, peşəkar-zabitləri, generalları sıxışdırılmışdır. Bu, milli dirçəliş yolunda ciddi maneəyə çevrilmiş, Azərbaycan xalqı ümumdünya hərbi-fiziki tərbiyə prosesindən, regionun bir çox xalqları ilə min illər boyunca formalaşmış tarixi-mədəni əlaqələrindən ayrı salınmışdır. Azərbaycanda hərbi təhsil müstəmləkə qanunları əsasında maliyyələşdirilmiş, onun maddi-texniki bazasının inkişafına əhəmiyyət verilməmişdir. Sevindirici haldır ki, totalitar rejimlə birlikdə onun üçün səciyyəvi olan hərbi-fiziki tərbiyə də iflasa uğramışdır.
Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək lazımdır. Dövlətimiz və xalqımız bu yolda çalışır. Bildiyimiz kimi, Azərbaycan öz müstəqilliyini ağır və çətin bir dövrdə əldə edibdir. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasi vəziyyət gərginləşib, Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, Azərbaycanın sərhədləri pozulub, respublikamızın ərazi bütövlüyünə xələl gətirilib. Sevinirik ki, Azərbaycanın öz vətənini tükənməz məhəbbətlə sevən, onun hər qarşısını göz bəbəyi kimi qorumaq naminə canından belə keçməyə hazır olan çox qeyrətli gəncliyi var. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər.
Azərbaycan gəncliyi, demək olar ki, 1988-ci ildə xalq azadlıq hərəkatının başlanması dövründən bəri belə fədakarlıq göstərməmişdi. 1988-ci ildə Azərbaycan gəncləri müstəqillik hərəkatının ön sıralarında gedərək, öz aralarında olan fərqlərdən, müxtəlif siyasi baxışlardan asılı olmadan böyük siyasi fəallıq nümayiş etdirir və birlikdə çıxış edirdilər. Təəssüf ki, sonrakı dövrlər ərzində bu birlik pozulmuş, gəncliyin sıralarında parçalanma baş vermiş, fəallığın sönməsi müşahidə olunmuşdur. Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qaydışından sonra (1993) ölkəmizin sağlam fikirli, möhkəm əqidəli gəncləri onun ətrafında, Azərbaycanın mənafeyini hər şeydən üstün tutan qüvvələrin ətrafında toplaşmışlar.

Son iyirmi ildə dövlət tərəfindən gənclərin qayğılarına diqqət güclənmiş, problemlərin əməli həlli üçün konkret addımlar atılmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi nəticəsində 1994-cü ildə atəşkəs elan edilmişdir. Dövlətimiz gənc müharibə veteranlarını da yaddan çıxarmamışdır. Belə ki, 1994-cü ildə " Veteranlar haqqında” qanun qəbul edilmişdir. Bundan sonra da bir sıra qanunvericilik aktları qəbul edilmiş, "Veteranlar haqqında” qanuna dəyişikliklər olunmuşdur.
Ümummilli lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
2 fevral 1996-cı ildən Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. Ümummilli lider Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.
Ümummilli lider Heydər Əliyevin gənclərin forumunda məzmunlu çıxışı gəncliyimiz üçün proqram sənədinə çevrilmişdir. Heydər Əliyev demişdir. "Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına, əbədi olmasına həsr etməkdən ibarət olmalıdır. Mən gənclərimizə bu tövsiyəni verirəm. Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır” Ümummilli liderin bu sözləri gənclərimizin həyatda və cəmiyyətdə öz yerlərini tutmasında böyük əhəmiyyət kəsb etmişdir.
Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaradılmasının mühüm rolu vardır. Ölkəmizin müstəqilliyini təmin edən əsas amil onun ordusunun yaranmasıdır. Müstəqil ordumuz 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilib və keçmiş sovetlər ordusundan Azərbaycanın payına düşmüş böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika, böyük hərbi bazalar dağıdılıb, mənimsənilib. Bunlar hamısı Azərbaycan ordusunun yaranmasına ciddi zərbələr vurub.
Ümummilli lider ordu quruculuğu ilə bağlı demişdir: "1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Mən bu gün sizə çatdırmaq istəyirəm ki, bu proses normal şəraitdə gedir, biz buna nəzarət edirik və müstəqil Azərbaycanın özünə layiq, onun müdafiəsini təmin edən ordusu yaranır və yaranacaqdır.
Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq üzərimizə düşən vəzifələr çox böyükdür. Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm”.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxdı. Ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin edib. 1996-2002-ci illərdə qəbul olunmuş "Bədən tərbiyəsi və idman haqqında”, "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, "Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı əhəmiyyətli sənədlərdir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, onların sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında respublikamızda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xalqımızın tarixində son dərəcə əhəmiyyətli olan hadisədir.
Qurultayda iştirak etmək üçün dünyanın hər yerindən ölkəmizə gələn həmvətənlərimiz arasında idmançılar və idman xadimləri də az deyildi.
Qurultayın gedişində fəaliyyət göstərən "Gənclik və idman” bölməsi öz işini Milli Olimpiya Komitəsinin (MOK) yeni inzibati binasında davam etdirdi. ABŞ, Almaniya, Danimarka, Latviya, Rusiya, Belarus, Ukrayna, Gürcüstanın və eləcə də ölkəmizin tanınmış idman xadimləri bu tədbirdə iştirak edirdilər.
Toplantıda belə bir təklif irəli sürüldü ki, dünya azərbaycanlılarının olimpiadası keçirilsin. Qeyd edək ki, bu qurultay respublikamızda ənənəvi olaraq hər il keçirilir.
Gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də məhz gənc nəslin vətənə, milli adət-ənənələrimizə, mədəniyyətimizə sədaqət, hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran məhz gənclərdir. Bu həm vətənpərvərlik ruhunun yüksəlməsi, həm ölkənin imici və həm də insanların sağlamlığı üçün lazımdır. Məhz buna görə Azərbaycanda yeni idman komplekslərinin tikilməsi geniş vüsət almışdır.
Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Xalqımızın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin vətənpərvərliyə dair əməlini və nəzəri görüşlərini yüksək qiymətləndirir və onu minnətdarlıqla yad edirik. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib. Respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında fəallıq göstərirlər.


 Dilqəm Quliyev




Azərbaycan Respublikasının Prezidenti yanında 
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına 
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap edilir.