“Qarabağ” və “Neftçi” vacib qələbə qazandı

“Qarabağ” və “Neftçi” vacib qələbə qazandı


Ötən həftə Azərbaycan kubokunun yarımfinal mərhələsinə start verilib. İlk oyunlar çərçivəsində təşkil olunan hər iki qarşılaşma Bakıda keçirilib.
"Qarabağ” "İnter Arena”da "Simurq”u sınağa çəkib. Cari mövsüm rəqibini 3 çempionat oyununda məğlub edən Qurban Qurbanovun yetirmələri bu dəfə də azarkeşlərini qələbə ilə sevindirib. Ağdamlılar əvvəlki kubok matçlarında qol buraxmayan rəqibini Cavid Tağıyevin qolu ilə məğlub edib - 1:0. Bu həftə Topaz Premyer Liqası çərçivəsində də üz-üzə gələcək komandalar ardınca cavab oyununa çıxacaqlar.
"Neftçi” ilə "İnter” klubları arasında paytaxt derbisi isə "Bakcell Arena”da keçirilib. Bu qarşılaşmanın taleyini "ağ-qaralar”ın "qol silahı” Nikolas Kanales həll edib. Hər hissədə bir qol vuran çilili bombardir komandasının qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları aprelin 21-də keçiriləcək.

Azərbaycan kuboku
1/2 final mərhələsi, ilk oyunlar
13 aprel (bazar ertəsi)
"Neftçi” - "İnter” - 2:0
Qollar: Nikolas Kanales, 19; 71.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Rza Məmmədov, Elşən Acalov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.
Bakı. "Bakcell Arena” stadionu.

"Qarabağ” - "Simurq” - 1:0
Qol: Cavid Tağıyev, 15.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
Bakı. "İnter Arena” stadionu.