Ötən həftə Topaz Premyer Liqasında XXX turun oyunları keçirilib. Eyni günə təsadüf edən 4 qarşılaşmadan üçü Bakıda, biri isə paytaxtdan kənarda təşkil olunub.
Əyalətdə oynanılan yeganə qarşılaşmada çempionatın lideri "Qarabağ” "Simurq” klubu ilə üz-üzə gəlib. Matç qonaqların qələbəsi ilə başa çatıb. Kubokun yarımfinalında da rəqib olduqlarından, 9 gündə 3 dəfə görüşməli olan bu komandaların 2-ci qarşılaşmasında Ağdam təmsilçisi yenə üstün mövqedə çıxış edib. Matçda vurulan hər 2 qol Muarem Muaremin aktivinə yazılıb.

Mükafatlar uğrunda mübarizə aparan "Neftçi” ilə "Qəbələ” klubları paytaxtda qarşılaşıblar. Bakılılar "üçlük”də yerini möhkəmlətməyə çalışsa da, qonaqların əzmkarlığı buna imkan verməyib. Eyniadlı şəhərin klubu baxımlı oyunu ilə 3 xalı aktivinə yazıb. Bununla da, "Qəbələ” turnir cədvəlində "ağ-qaralar”a bir qədər də yaxınlaşıb. Yeri gəlmişkən, bu oyun rekordlarla əlamətdar olub. "Bakcell Arena”dakı qarşılaşmada 3:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar” mövsümə, kluba və futbolçularına məxsus rekordları yeniləyib. Belə ki, "Qəbələ” komandası ardıcıl 7 qələbə ilə həm özünün, həm də mövsümün rekordunu müəyyənləşdirib. Bu isə ötən tur qələbə seriyasını 6-ya çatdırmaqla tarixinin rekorduna imza atan "Qəbələ” üçün yeni nailiyyətdir. Sonuncu dəfə fevralın 15-də "Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıblar. Artıq 61 gündür çempionatda xal itirməyən "Qəbələ” bu müddətdə "Xəzər Lənkəran”ı 3:1, "Qarabağ”ı 1:0, "Sumqayıt”ı 2:0, "İnter”i 2:1, AZAL-ı 4:0, "Simurq”u 1:0 hesabı ilə məğlub edib.
Mövsümün 14-cü səfər oyununa çıxan "Qəbələ” rəqib meydanlarında 7-ci dəfə qalib gəlib. Bu nəticə də klub tarixinin ötən mövsümə təsadüf edən rekordunun astanasındadır. "Qəbələ” 2013/14-cü illər mövsümündə 18 səfər matçında 7 qələbə qazanmışdı. Rəqib meydanında əldə olunacaq növbəti 3 xal rekordun təkrarlanması ilə nəticələnəcək. Mövsümün sonunadək isə "qırmızı-qaralar” 2 dəfə səfərə çıxacaq.
Günün daha tez keçirilən digər iki oyununda "İnter” aşkar favorit olduğu qarşılaşmada autsayder "Bakı”ya heç bir şans verməyib. "Bankçılar” rəqibi 4-cü dəfə də məğlub etməyi bacarıblar.
AZAL və "Sumqayıt” klubları arasındakı matç isə turnir cədvəlindəki dəyişikliyə gətirib çıxarmayıb. Belə ki, tərəflər hərəyə bir dəfə fərqlənməklə, qollu heç-heçəyə razılaşıblar. Komandalar turnir cədvəlindəki qonşularından xeyli aralı düşdüyündən, bu oyun prinsipial əhəmiyyət daşımayıb.
Qeyd edək ki, "Araz-Naxçıvan” çempionatdan çıxdığı üçün XXX turda "Xəzər Lənkəran” istirahət edib.
Topaz Premyer Liqası
XXX tur
17 aprel (cümə)
"Simurq” - "Qarabağ” - 0:2
Qollar: Muarem Muarem, 18; 80.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.
Zaqatala. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:1, 2:3, 0:1
"Neftçi” - "Qəbələ” - 1:3
Qollar: Nikolas Kanales, 45 - Aleksey Qay, 24; Cavid Hüseynov, 50; Viktor Mendi, 86.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:0, 0:0, 3:1
"Bakı” - "İnter” - 1:2
Qollar: Nurlan Novruzov, 90+3 - Derlis Meza Kolli, 10; Əfran İsmayılov, 56.
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:7, 0:1, 0:4
AZAL - "Sumqayıt” - 1:1
Qollar: Məhəmməd Qurbanov, 90+1 - Valeri Kutsenko, 75.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov.
Bakı. "AZAL Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 0:0