“Neftçi” ardıcıl 4-cü dəfə finalda

“Neftçi” ardıcıl 4-cü dəfə finalda


Ağdamlılar isə qızıl "dubl” arzusundadır


Bu həftə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İki görüşdən sonra Azərbaycan kubokunun finalçıları müəyyənləşib. İyunun 3-də keçiriləcək həlledici mərhələdə "Neftçi” ilə "Qarabağ” klubları qarşılaşacaqlar.

Azərbaycan kuboku
1/2 final mərhələsi, cavab oyunları
21 aprel (çərşənbə axşamı)
"Simurq” - "Qarabağ” - 0:0
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev.
Zaqatala. Şəhər stadionu.
İlk oyun - 0:1

Günün ilk qarşılaşması Zaqatalada təşkil olunub. Son 8 gündə artıq ikinci dəfə üz-üzə gələn "Simurq”la "Qarabağ” cari mövsümdə 6-cı, sonuncu dəfə qarşılaşıb. Bu oyunun əhəmiyyəti "Simurq” üçün daha böyük idi. Çünki Premyer Liqada ilk "dördlük”dən xeyli geri qalan George Çixradzenin komandasının avrokuboka yollanmaq üçün yeganə ümid yeri məhz kubok hesab olunurdu. Lakin qolsuz heç-heçə "Simurq”un işinə yaramayıb. Əvəzində "Qarabağ” kubokun həlledici qarşılaşmasına vəsiqə qazanıb. İndi "Simurq”un avrokubok şansları yalnız möcüzəyə qalıb. Tərəflər arasında ilk görüş 1:0 hesablı qələbə ilə ağdamlıların xeyrinə yekunlaşmışdı.

"İnter” - "Neftçi” - 2:1
Qollar: Arif Daşdəmirov, 37; Baçana Sxadadze, 56 - Nikolas Kanales, 27.
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov.
Bakı. "İnter Arena” stadionu.
İlk oyun - 0:2

Digər finalçı isə paytaxt derbisində müəyyənləşib. Topaz Premyer Liqasında ilk "üçlük” uğrunda mübarizə aparan "Neftçi” və "İnter” klubları mövsümü heç olmasa kuboku qazanaraq bağlamaq istəyində idi. "Ağ-qaralar” cavab oyununda məğlub olsa da, finala vəsiqə qazana bilib. Buna isə səbəb ilk qarşılaşmada "Neftçi”nin iki cavabsız qolla rəqibini üstələməsi olub. Bununla da, "ağ-qaralar” üstünlüyünü qoruyaraq, ölkə kubokunda ardıcıl 4-cü dəfə finala yüksələn ilk komanda kimi tarixə düşüb və öz rekordunu yeniləyib.
Qeyd edək ki, "Neftçi” Azərbaycan kubokunun 2014/15-ci illər mövsümündə ilk dəfə qol buraxıb. Yarımfinal mərhələsinin "İnter”lə cavab oyununadək qapısını toxunulmaz saxlayan "ağ-qaralar”ın seriyasını Arif Daşdəmirov qırıb. 1/8 finalda "Qaradağ Lökbatan”ı (3:0), 1/4 finalda AZAL-ı (0:0, 1:0) keçən "Neftçi” "İnter”lə ilk görüşdə (2:0) də qol buraxmamışdı. Arifin oyunun 37-ci dəqiqəsində fərqlənməsinədək ardıcıl 4 quru oyun keçirən paytaxt təmsilçisi sonuncu dəfə 2013/14-cü illər mövsümündə qol buraxmışdı. Həmin vaxt "Qəbələ” ilə final qarşılaşmasının 71-ci dəqiqəsində Marat İzmaylov "ağ-qaralar”ı məyus etmişdi.
Penaltilər seriyasınadək uzanan finalın 49 dəqiqəsini və cari mövsümün 386 dəqiqəsini "quru” keçirən "Neftçi” ümumilikdə 435 dəqiqəlik seriyaya malik olub. 2014-cü ilin mayın 22-dən sonra qol buraxmayan bakılılar 334 gündən sonra üzülüb.
Beləliklə, Azərbaycan kubokunun 2014/15-ci illər mövsümünün finalçıları müəyyənləşib. 23-cü ölkə kubokunun həlledici oyununda "Neftçi” və "Qarabağ” klubları qarşılaşacaqlar. İyunun 3-də təşkil olunacaq həlledici görüş yarış tarixində 22-ci final olacaq. Buna səbəb 2001/02-ci illər mövsümünün yarımçıq dayandırılmasıdır.
Qeyd edək ki, "Neftçi” və "Qarabağ” 1995/96-cı illər mövsümündə də finalda üz-üzə gəlib. Həmin vaxt bakılılar 3:0 hesabı ilə qalib gəliblər.