Berlində ispan, Varşavada italyan derbisi ola bilər
Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Püşkə əsasən İspaniyanın "Barselona” komandası Almaniyanın "Bavariya” klubu ilə üz-üzə gələcək.
Digər cütlükdə isə İtaliyanın "Yuventus” və İspaniyanın "Real” klubu biri-birinə rəqib olub.
Final oyununun nominal meydan sahibi də püşklə müəyyənləşib. Almaniya paytaxtı Berlində baş tutacaq həlledici qarşılaşmada meydan sahibi "Yuventus” - "Real” qarşılaşmasının qalibi olacaq.
Həmin görüşlərin vaxtına gəldikdə isə, yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici qarşılaşma iyunun 6-da Almaniyanın paytaxtı Berlinin Olimpiya stadionunda baş tutacaq.
Çempionlar Liqasının püşkatmasından sonra elə həmin məkanda Avropa Liqasının yarımfinal və final mərhələlərin püşkü atılıb. Qitənin ikinci dərəcəli klub turnirində "Napoli” (İtaliya) "Dnepr”lə (Ukrayna), "Fiorentina” (İtaliya) isə "Sevilya” (İspaniya) ilə üz-üzə gələcək. Bu turnirdə finalın nominal meydan sahibi isə "Napoli” - "Dnepr” görüşünün qalibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda təşkil olunacaq.



