"Qəbələ”dən isə ardıcıl 8-ci qələbə
Aprelin 25-də Topaz Premyer Liqasında XXXI turun oyunları keçirilib. Eyni gündə təşkil olunan tura paytaxtdan kənarda keçirilən qarşılaşmalarla start verilib. "Qarabağ” və "Qəbələ” klubları ardıcıl qələbələrini davam etdiriblər. Avrokuboklara vəsiqə qazanmaq arzusunda olan "Simurq” klubu isə gözlənilmədən məğlub olub.
Topaz Premyer Liqası
XXXI tur
25 aprel (şənbə)
"Xəzər Lənkəran” - "Qəbələ” - 0:1
Qol: Cavid Hüseynov, 48.
Qırmızı vərəqə: Elvin Mirzəyev, 45+1.
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev.
Lənkəran. "Xəzər Lənkəran” mərkəzi stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
Ardıcıl 7 qələbə qazanaraq mövsümün rekorduna imza atan "Qəbələ” səfərdə "Xəzər Lənkəran” klubu ilə qarşılaşıb. Son 3 ev oyununda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməyə çalışırdı. "Qırmızı-qaralar” isə II dövrədəki 0:3 hesablı məğlubiyyətin də qisasını almaq əzmində idilər. İlk üçlüyə düşmək arzusunda olan Roman Qriqorçukun yetirmələri istəyini gerçəkləşdirmək üçün bu dəfə də səfərdən maksimum nəticə ilə ayrılmağa çalışırdılar. "Qəbələ” bu turda da qələbə seriyasını davam etdirərək, yekunda "Neftçi”yə çatıb. Matçın taleyini 1 qol həll edib. Rəqib qapısına yeganə qolu oyunun 48-ci dəqiqəsində Cavid Hüseynov vurub.
"Sumqayıt” - "Simurq” - 1:0
Qol: Pərdis Fərcad-Azad, 49.
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov.
Sumqayıt. "Kapital Bank Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
Autsayderlər qrupunda qərarlaşan "Sumqayıt” "Simurq”u sınağa çəkib. Son 3 matçda xala həsrət qalan Zaqatala təmsilçisi üçün qələbə çox vacib idi. Sumqayıtlılar isə 13 matçdan ibarət qələbə həsrətinə son qoymaq üçün mübarizə aparırdılar. Avrokubok arzusu hələ tam puç olmayan Zaqatala klubu gözlənilmədən meydanı məğlub tərk edib. Bu dəfə də oyunun taleyini 1 qol həll edib. Meydan sahiblərinin heyətində Pərdis Fərcad-Azad fərqlənib.
"İnter” - AZAL - 2:0
Qollar: Arif Daşdəmirov, 59; 75.
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov.
Bakı. "İnter Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
Paytaxt qarşılaşmasında "İnter”lə AZAL klubları üz-üzə gəliblər. Nəzəri cəhətdən çempionluğa şanslarını qoruyan Kaxaber Sxadadzenin yetirmələri meydana ardıcıl 3-cü qələbəni qazanmaq üçün çıxmışdılar. Cari mövsümün AZAL-la hər oyununda 1 qol vuran "bankçılar”ın rəqibi isə uğursuzluğa son qoymaq niyyətində idilər. Belə ki, "təyyarəçilər” son 4 matçda qələbə qazana bilmirdilər. 90 dəqiqənin sonunda "İnter” matçın sevinən tərəfi olub. Rəqib qapısına hər iki qolu Arif Daşdəmirov vurub.
"Qarabağ” - "Neftçi” - 3:2
Qollar: Muarem Muarem, 15; Cavid Tağıyev, 29; Leroy Corc, 69 - Araz Abdullayev, 30; Nikolas Kanales, 59.
Qırmızı vərəqə: Karlos Kardozo, 75.
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
Tura ilk üçlükdə qərarlaşan "Qarabağ”la "Neftçi” arasında keçirilən qarşılaşma ilə yekun vurulub. İyunun 3-də keçiriləcək Azərbaycan kubokunun finalında da qarşılaşacaq rəqiblər cari mövsümdə 4-cü dəfə üz-üzə gəliblər. Hər iki komanda ev oyunlarını "Bakcell Arena”da keçirdiyindən günün mərkəzi qarşılaşması da bu stadionda təşkil olunub. Tofiq Bəhramov adına Respublika stadionu Avropa Oyunlarını qəbul edəcəyi üçün bu arenaya "köçən” Qurban Qurbanovun yetirmələri, iki mövsümdür, "Neftçi”yə məğlub olmurdular. Çempionluğun bir addımlığında olan "Qarabağ” bu dəfə də görüşün favoriti sayılırdı. Son iki qarşılaşmada xal itirməyən liderdən fərqli olaraq, bakılılar, 2 matçdır, xal qazana bilmirdilər. Paytaxt klubu bu dəfə də tilsimi qıra bilməyib. 5 qolun vurulduğu oyunda ağdamlılar qələbə qazanıblar. Nəticədə, "Qarabağ” çempionluğa bir qədər də yaxınlaşıb.