Bakı-2015 Birinci Avropa Oyunlarına az vaxt qalır. Azərbaycanın tarixdə ilk dəfə keçiriləcək mötəbər yarışa ev sahibliyi etməsi onun dünya ölkələri sırasında qazandığı nüfuzunun göstəricisidir. Mühüm tədbirlərə ev sahibliyi etməkdə yetərincə təcrübəyə malik olan Azərbaycanın Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. İyun ayının 12-28-də keçiriləcək Avropa Oyunlarında ümumilikdə 49 ölkədən 6 mindən çox idmançı güvvəsini sınayacaq. Yarışların proqramına daxil edilən 20 idman növündən 16-sı Olimpiya, dördü isə qeyri-Olimpiya idman növləridir. Qeyri-Olimpiya idman növlərinə basketbolun 3x3 növü, çimərlik futbolu, karate və sambo daxildir. Bakı-2015 Avropa Oyunları yaxınlaşdıqca ölkəmizdə fəaliyyət göstərən idman federasiyaları hazırlıqlarını sürətləndirirlər. Avropa Oyunlarında ölkəmizi təmsil edəcək samboçular da hazırlıqlarının son mərhələsindədirlər. Qeyd edək ki, sambo yarışları iyunun 22-də Heydər Əliyev adına İdman Arenasında kişi və qadınlar arasında səkkiz çəki dərəcəsi üzrə keçiriləcək. Yarışda 70-dən çox idmançı 8 dəst medal uğrunda mübarizə aparacaq.
Samboçularımızın Bakı-2015-ə hazırlığı ilə bağlı ətraflı məlumat almaq üçün sambo üzrə yığma komandamızın baş məqşçisi Yaqub Abdullayevlə görüşdük. Söhbət əsnasında baş məşqçi Oyunların proqramına Olimpiya növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinin daxil edilməsini bu növlərə göstərilən qayğı və diqqətin göstəricisi hesab etdiyini vurğuladı. "Sambo üzrə ölkəmizdə yetərincə güclü idmançılarımız var. Təmsilçilərimiz indiyədək iştirak etdikləri Avropa və dünya çempionatlarında ölkəmizin himnini səsləndirməyə, bayrağını yüksəklərə qaldırmağa nail olublar. Düşünürəm ki, samboçularımız bu yarışda da nəyə qadir olduqlarını hər kəsə bir daha sübut edəcəklər. Hesab edirəm ki, sambonun Avropa Oyunlarının proqramına daxil edilməsi nəinki idmançılarımıza böyük təcrübə qazandıracaq, həmçinin ölkəmizdə sambo idman növünün inkişafı və təbliğinə təkan verəcək”, - deyə o əlavə etdi.
Yaqub müəllim samboçularımızın təcrübə əldə etmələri məqsədilə bir sıra yarışlar və təlim-məşqlərdə iştirak etdiklərindən söz açdı: "Belə bir mötəbər yarışda qələbə qazanmaq üçün idmançılarımız öz üzərlərində ciddi işləyirlər. Samboçularımız fiziki güclərini daha da artırmaq üçün müxtəlif təlim-məşq toplanışlarında iştirak edirlər. Fevral ayının 18-dən martın 9-dək Göygöl Olimpiya İdman Kompleksində məşq edərək, hazırlıq səviyyələrinin artmasına nail olublar. Bundan əlavə, idmançılarımız Dünya kubokunda da qüvvələrini sınayıblar. Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən yarışda təmsilçilərimiz maksimum güclərini nümayiş etdirərək, komanda hesabında ikinci olublar. Mayın 14-18-də komandamız Avropa Oyunları ərəfəsində son yarışda, Avropa çempionatında iştirak edəcəklər. Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək yarışda idmançılarımızı ciddi sınaq gözləyir. Sonuncu təlim-məşq toplanışı isə mayın 21-dən iyunun 7-dək keçiriləcək. Bu məşqlərə Avropa Oyunları iştirakçıları ilə yanaşı, yığmanın digər üzvləri də cəlb olunacaqlar. Belə ki, burada əsas məqsəd idmançıların təcrübələrini artırmaq və yığma komandanın tərkibini gücləndirməkdir”. Məşqçi Avropa Oyunlarında ölkəmizi təmsil edəcək heyət barədə də məlumat verdi: "Avropa Oyunlarında yer alacaq əsas namizədlər dünya və Avropa çempionlar İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Avropa çempionatının gümüş mükafatçısı Kənan Qasımov (90 kq) və idmançımız Vasif Səfərbəyovdur (+100 kq). Kişilərdən fərqli olaraq, qadınlar arasında hələ ki seçim aparılır. Xanımların hansı heyətdə Avropa Oyunlarında iştirak edəcəyi may ayının 10-da məlum olacaq. Ən real namzədlər arasında Nəzakət Səlimova (52 kq), Aygün Qırxlarova, Fəridə Qurbanova (64 kq) və Nərminə Əlizadənin (68 kq) adlarını qeyd edə bilərəm. 60 kq çəki dərəcəsində Şəhanə Hüseynova və Gülsədəf Kərimova arasında seçim aparılacaq”.
Yaqub müəllim, idmançılarımızın əsas rəqiblərindən də danışdı: "Təbii ki, hər bir ölkə təmsilçisi bizim üçün ciddi rəqibdir. Lakin hesab edirəm ki, idamnçılarımızın əsas rəqibləri Rusiya, Gürcüstan, Belarus, Urkayna və Bolqarıstan təmsilçiləridir. Belə ki, bu ölkələr dünya reytinqində ilk pillələrdə qərarlaşıblar. Samboçularımızın belə güclü rəqiblərlə mübarizə aparacağına baxmayaraq, ümid edirəm ki, doğma divarlar arasında idmançılarımız hər bir çəki dərəcəsində qızıl medal qazanmağa nail olacaqlar. Əsas məqsədimiz Avropa Oyunlarında qələbə əldə etməkdir”, - deyə Yaqub müəllim əlavə etdi.
Sambo üzrə Avropa və dünya çempionu İslam Qasımov da hazırlığı ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Birinci Avropa Oyunlarına baş məşqçi Yaqub müəllimin rəhbərliyi altında ciddi şəkildə hazırlaşırıq. Düzünü desəm, hələ ki hazırlıq səviyyəmdən tam razı deyiləm. Lakin mötəbər yarışın başlamasına hələ bir qədər vaxt var. Məşqlər sayəsində, düşünürəm ki, Oyunlara qədər istədiyim formaya çatacağam. Hazırda döşək üzərində təcrübəmi artırmağa çalışıram. Həmçinin buyaxınlarda dünya çempionatında iştirak etdim. Çempionatda qalib adına layiq görülməsinə də, böyük təcrübə qazanmağa nail oldum. Hesab edirəm ki, əldə etdiyim bu təcrübə Avropa Oyunlarında mənə kömək edəcək. Əsas rəqiblərim Rusiya və Gürcüstan idmançılarıdır. Bu idmançılarla müxtəlif turnirlərdə qarşılaşmışam və onların bacarıqlarının hansı səviyyədə olmasını bilirəm. Məhz buna görə, belə peşəkar idamançılarla mübarizədən qalib ayrılmaq üçün Avropa Oyunlarında bütün bacarığımı nümayiş etdirməyə çalışacağam”, - deyə İslam Qasımov qeyd etdi. Digər Avropa və dünya çempionu, Dünya kuboku yarışlarının iştirakçısı Amil Qasımov da Avropa Oyunlarında yüksək pillədə yer alacağına ümid etdiyini bildirdi: "Avropa Oyunlarında yaxşı nəticə əldə etmək üçün məşqçilərimizin rəhbərliyi altında Oyunlara ciddi şəkildə hazırlaşırıq. Bu mübarizə bizim üçün o qədər də asan olmayacaq. Belə bir mötəbər yarışda qələbə qazanmaq üçün dünyanın ən güclü idmançıları ilə üz-üzə gələcəyik. Tanıdığım və baracıqlarına bələd olduğum idmançılar Rusiya, Gürcüstan, Ukrayna, Belarus təmsilçiləridir. Təcrübəmizi daha da artırmaq və qələbə qazanmaq üçün müxtəlif təlim-məşq toplanışlarında iştirak edirik. İnanıram ki, məşqçilərimizin verdiyi təlimatlar sayəsində Avropa Oyunlarında fəxri kürsünü ən yüksək pilləsinə qalxa biləcəyik”, - deyə idmançı bildirdi.