"Çelsi” İngiltərə Premyer Liqasının 35-ci turunda "Kristal Pelas” üzərində qələbə qazanaraq sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Komanda bu qələbəsi ilə tarixində sayca özünün 5-ci uğuruna imza atıb. Bundan əvvəl 1954/55, 2004/05, 2005/06 və 2009/10-cu il mövsümlərində ən yaxşı olmağı bacaran London klubu son çempionluq da daxil olmaqla üç dəfə fəxri kürsünün ən yüksək pilləsinə portuqaliyalı Joze Mourinyonun rəhbərliyi ilə çıxıb.
Bu çempionluq isə Mourinyonun "Çelsi”də qazandığı 8-ci titul olub. Komanda 3 dəfə İngiltərə çempionluğu (2004/05, 2005/06 və 2014/15), 3 dəfə İngiltərə Liqa Kuboku (2005, 2007, 2015), İngiltərə Kuboku (2007) və İngiltərə Super Kubokunun (2005) qalibi olub.
Ümumilikdə isə portuqaliyalı baş məşqçi cari çempionluğu da qazanmaqla şəxsi karyerasında müxtəlif turnirlərdə 22-ci dəfə qələbə qazanıb. O, "Portu” ilə 6, "Çelsi” ilə 8, "İnter”lə 5, "Real Madrid”lə isə 3 dəfə titul qazana bilib.