Ölkəmizi avrokuboklarda təmsil edənlər bəlli oldu
Ötən həftə Topaz Premyer Liqasında XXXII turun oyunları keçirilib. 2 gün ərzində keçirilən matçlar qollu olması ilə yadda qalıb. Bu turun oyunlarından sonra "Qarabağ”, "İnter”, "Neftçi” və "Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alıblar. Nəticədə, həmin klublar növbəti mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcəklər.
Turun ilk oyun günündə 2 qarşılaşma təşkil olunub. Zaqatalada "Simurq” "İnter”i qəbul edib. Ardıcıl 4 qarşılaşmada məğlub olan əyalət klubu uğursuzluq seriyasını doğma meydanda da son qoya bilməyib. Çeorgi Çixradzenin yetirmələri nəzəri cəhətdən avrokuboklara şanslarını saxlamaq üçün mütləq qalib gəlməli idilər. Ancaq son 3 matçda xal itirməyən "İnter” bu oyunda da qələbə qazanıb - 2:3.
Günün ikinci matçında isə "Neftçi” "Sumqayıt”la qarşılaşıb. Mövsümün hər üç qarşılaşmasında rəqibinə qalib gələn paytaxt təmsilçisi 3 oyunluq qələbə həsrətinə son qoymaq arzusunda idi. Sumqayıtlılar isə son 3 görüşdəki məğlubiyyətsizliyin təsadüf olmadığını sübut etmək üçün çıxdıqları oyunda bu dəfə də uduzmayıblar.
İkinci oyun günündə paytaxtda digər matçlar keçirilib. "Bakı” öz meydanında "Xəzər Lənkəran”la qarşılaşıb. Ötən tur məcburi istirahətdən sonra yenidən meydana çıxan "zolaqlılar” bu il ilk qələbəsini qazanıblar. Qış fasiləsindən sonra səfərdə xal üzünə həsrət qalan cənub təmsilçisi isə uğursuzluğa bu dəfə də son qoya bilməyib. Paytaxt klubunun gənc futbolçusu Nurlan Novruzov 15-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Qoldan 8 dəqiqə sonra dublunu rəsmiləşdirən Novruzov mövsümdə vurduğu qolların sayını 15-ə çatdırıb. İkinci hissədə qonaqlar Sadio Tounkara ilə hesab arasındakı fərqi azaltsalar da, bundan artığına gücləri çatmayıb. "Bakı”nın oyunu bir nəfər azlıqda davam etdirməsinə baxmayaraq, qarşılaşma 2:1 hesabı ilə başa çatıb.
Turun mərkəzi qarşılaşması Qəbələdə eyniadlı komanda ilə lider "Qarabağ” arasında olub. Birinci hissə maraqlı başlasa da, tədricən oyunun tempinin azalması ilə mübarizə daha çox meydanın mərkəzində davam edib. İkinci hissənin 10-cu dəqiqəsində qonaqlar Reynaldonun qolu ilə hesabda önə keçiblər. Qoldan sonra təzyiqi artıran Roman Qriqorçukun yetirmələri bir neçə cəhddə hesabı bərabərləşdirməyə yaxın olsalar da, buna matçın son dəqiqəsində nail olublar. Cavid Hüseynov Viktor Mendiyə qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib - 1:1.
Beləliklə, "Qəbələ” 2015/16-cı illər mövsümündə Avropa Liqasında çıxış edəcək. "Qırmızı-qaralar” ardıcıl olmaqla, tarixində 2-ci dəfə qitəmiqyaslı turnirdə Azərbaycanı təmsil edəcək.
Roman Qriqorçukun yetirmələri avrokubok iştirakçıları arasında yerini Topaz Premyer Liqasının XXXII turunun ilk oyun günündə təmin edib. Buna "Simurq”un öz meydanında "İnter”ə 2:3 hesabı ilə uduzması səbəb olub. Xal itkisi meydan sahiblərini ilk dördlükdə yer alan klublara çatmağa qoymayıb. "Qarabağ”, "İnter”, "Neftçi” və "Qəbələ” Premyer Liqanın ilk 4 pilləsində yer alaraq, qitə kuboklarında ölkəmizi təmsil edəcəklər. Ölkə kubokunun finalında da ("Qarabağ” - "Neftçi”) ilk dördlükdə yer alan klublar üz-üzə gələcəyindən digər komandalar avrokubok mübarizəsinə qoşulmayacaqlar.
Topaz Premyer Liqası
XXXII tur
1 may (cümə)
"Neftçi” - "Sumqayıt” - 2:2
Qollar: Nikolas Kanales, 13, Samir Məsimov, 86 - Slavik Alxasov, 10, Məhəmməd Qurbanov, 17.
Bakı. "Bakcell Arena” stadionu.
İlk 3 dövrədəki oyunlar: 1:0, 3:2, 1:0
"Simurq” - "İnter” - 2:3
Qollar: Samir Zərgərov, 8, Vadim Abdullayev, 22 - Arif Daşdəmirov, 2, Mikel Alvaro, 37; 43.
Zaqatala. Şəhər stadionu.
İlk 3 dövrədəki oyunlar: 0:0, 1:1, 1:2
2 may (şənbə)
"Qəbələ” - "Qarabağ” - 1:1
Qollar: Cavid Hüseynov, 90 (pen.) - Reynaldo, 55.
Qəbələ. Şəhər stadionu.
İlk üç dövrədəki oyunlar: 0:2, 2:1, 1:0
"Bakı” - "Xəzər Lənkəran” - 2:1
Qollar: Nurlan Novruzov, 15 (pen.); 23 - Sadio Tounkara, 56.
Bakı. "Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
İlk üç dövrədəki oyunlar: 0:4, 0:0, 1:2