Idmanın növləri çoxdur. Hamısı da biri-birindən gözəl, cəlbedicidir. Hər idman növünün də öz fanatları var. Lakin futbolun azarkeşləri daha çoxdur. Əvvəllər, yəni 50-ci illərdə biz rus bəstəkarı Matvey Blanterin məhşur futbol marşını eşidən kimi tez evə qaçıb, radio ilə verilən futbol reportajlarına qulaq asardıq. Keçmiş Sovet İttifaqında radio ilə ilk futbol reportajı 1929-cu il mayın 26-da verilib. İlk reportajın müəllifi Vadim Sinyavski olub. Respublikamızda isə futbol üzrə ilk radio reportajını 1949-cu ildə "Neftyanik”in keçmiş futbolçusu Aleksandr Qnezdov efirdə səsləndirib. O, düz 10 il rus dilində futbol reportajlarını aparıb. Lakin respublikamızın çoxsaylı futbol azarkeşləri reportajların Azərbaycan dilində də olmasını istəyirdilər. Bunu respublikanın şəhər və rayonlarından Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinə gələn məktublar da sübut edirdi.
Nəhayət ki, Azərbaycan dilində "Mikrafon və kameralarımız respublika stadionunda qurulub” deyən tapıldı. Həmin hadisəni Valid Sənani vaxtilə mənə belə danışmışdı: "Bir dəfə Ənvər Əlibəyli (Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi sədrinin müavini) məni otağına çağırıb dedi: "Sən futbol reportajını apara bilərsən?” Mən bir az tərəddüddən sonra razılığımı bildirdim. Bir neçə gündın sonra Ənvər müəllim məni özü ilə respublika stadionuna apardı. Həmin stadionda Azərbaycan çempionatının növbəti turunun oyunu keçirilirdi. Yaxşı yadımdadır, Suraxanının "Kompressor” və Bakının OİK komandaları görüşürdülər. Ənvər müəllim sınaq məqsədi ilə məni stadiona gətirmişdi. O vaxtlar stadionda reportaj aparmaq üçün şərait yox idi. Bir yer tapıb oturdum. Bilirdim ki, reportaj efirə getməyəcək. Amma buna baxmayaraq həyəcanlı idim. Oyunun birinci hissəsi qurtardıqdan sonra operatorlar məni təbrik etməyə başladılar. Onlar reportajın əla alındığını dedilər. Düzü, mən çox təəccübləndim. Sən demə, reportaj birbaşa efirə yayımlanırmış. Oyunun ikinci hissəsi də başa çatdıqdan sonra, ənvər müəllim mənə yaxınlaşıb, təbrik etdi və bundan sonra "Neftyanik”in oyunlarını şərh edəcəyimi bildirdi”.
1952-ci ildən Valid sevimli komandasının oyunlarını həm televiziya, həm də radio ilə şərh etməyə başlamışdı. O, "Neftyanik”in 100-dən çox oyunundan reportaj hazırlayıb. Valid təkcə Bakıdan deyil, Moskva, Kiyev, Tibilis, Rostov, İrəvan və başqa şəhərlərdən də reportajlar aparırdı.
"Neftyanik”in oyunçuları arasında Validin dostları az deyildi. Onun ən yaxını Əli Əbilzadə idi. Bu dostluğun maraqlı tarixçəsi var.
Validi Sənani Əli Əbilzadə ilə dostluğunun necə yaranmasının tarixçəsini belə danışırdı: "”Neftyanik” Cənub-Şərqi Asiya ölkələrinə səfərdən təzəcə qayıtmışdı. Biz (Azərbayacn Radiosunun əməkdaşları) komandanın oyunları haqqında azarkeşlərə qısa da olsa məlumat vermək üçün Əli Əbilzadəni studiyamıza dəvət etdik, onun üçün bir səhifəlik mətn yazdıq. Əli bu mətni çətinliklə oxudu (o, rus təhsilli idi). Xahiş etdi ki, efirə verməyək. Əli dinləyicilərin yanında pərt ola bilərdi. Onun xahişini yerinə yetirdim. Mətni onun adından diktor oxudu. Həmin gündən mən və "Xəbərlər” redaksiyasında muxbir işləyən dostum Altay Zahidov Əli Əbilzadə ilə dostluq etməyə başladıq. Bizim dostluğumuz ailə dostluğuna çevrildi. Həmin illərdə "Netyanik” İraqda, Finlandiya, Kambocada, Tailandda və başqa ölkələrdə olmuşdu. Bir dəfə "Uşaq-gənclər” nəşriyyatının baş redaktoru Hacı Hacıyev söhbət əsnasında Əliyə dedi ki, "Neftyanik”in səfərləri barəsində kitab yazsın. Əli də kömək üçün mənə müraciət etdi. Biz birlikdə "”Neftyanik”in səfərləri” kitabını yazdıq. Bu kitab futbol azarkeşləri arasında çox tez yayıldı”.
Böyük aktyor, Azərbaycanın xalq artisti Möhsün Sənaninin oğlu Valid Sənani 1935-ci ildə mayın 12-də Bakıda anadan olmuşdu. Valid çox zəhmətkeş adam idi. Onun dövründə radioda səsləndirmək üçün xəbər tapmaq çox çətin idi. Yaxşı yadımdadır, Valid Moskvadan verilən xəbərlərə qulaq asar, bu xəbərləri maqnitofona yazdırar, sonra isə Azərbaycan dilinə tərcümə edərdi. Dünyada və SSRİ-də baş verən əsas hadisələri dolğun və operativ şəkildə Azərbaycan xalqına çatdırırdı. Valid Sənani 36 il Azərbaycan Radio Verilişləri Komitəsinin "Xəbərlər” redaksiyasında redaktor və baş redaktor vəzifəsində işlədi. 1972-ci ildə o, "Qızıl qələm” mükafatı ilə təltif olunmuş, 1989-cu ildə isə Azərbaycanın Əməkdar jurnalisti fəxri adina layiq görülmüşdü. Valid Sənani 1991-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini seçilmiş və ömrünün sonunadək bu vəzifədə çalışmışdı.
Valid hamımızın yaxşı tanıdığımız radio və televiziyanın diktoru, Azərbaycanın xalq artisti Ofeliya Sənani ilə ailə həyatı qurmuşdu. Onların bir oğlu və bir qızları var. Valid üç nəvə və bir nəticə sevincini yaşayıb.
Valid Sənani yaşasaydı birlikdə mayın 12-də 80 illiyini qeyd edəcəkdik. Özünün gözəl və səlis nitqi ilə hamını cəlb edən Valid Sənani 76 yaşında dünyasını dəyişib.
Abas Əzimov,
Moskva - 1980 Yay Olimpiya Oyunlarının hakimi,
Əməkdar jurnalist