“Neftçi” futbol tariximizin ən şanlı səhifəsidir

“Neftçi” futbol tariximizin ən şanlı səhifəsidir


...Yəqin ki, indi "Neftçi”nin əksər azarkeşləri başa çatan futbol mövsümünün nəticələrinə görə utanır, pərişan halda yaxın keçmişi xatırlayırlar. Hətta bəzilərinin ürəyindən "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” misraları da keçir...
Həqiqətən, ötən günlər özü ilə "Neftçi”nin ən yaxşı dövrünü, ən məhsuldar illərini apardı: çempion titulları, kubokda parlaq qələbələr, Avropa meydanlarında layiqli çıxış...
Müstəqillik illərində "Neftçi”
3 möhtəşəm dövr yaşayıb:
1) 1994-97-ci illər; 2) 2004-06-cı illər;
3) 2011-14-cü illər. Xüsusilə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Bakı klubuna rəhbər təyin olunduqdan komandanın uğurları artmağa başlayıb. Məhz R.Abdullayevin başçılığı altında "Neftçi” 8 illik fasilədən sonra, yəni 2004-cü ildə "qızıl dubl” etməyi bacarıb. 2008-ci ildə isə onun AFFA prezidenti seçilməsi ilə flaqmanın rəhbərliyi dəyişilib və dərhal nəticələrdə durğunluq yaşanıb. Klub 2 il ərzində "uğursuz zolaq”dan çıxa bilmirdi, bir vaxtlar xoşbəxt olan fanatlar mövsümün əvvəlindən axırına qədər məğlubiyyət acısı dadmaq məcburiyyətində qalmışdılar. Yalnız 2010-cu ildə Sadıq Sadıqovun "Neftçi” PFK-ya prezident təyin edilməsi yeni mərhələnin əsasını qoydu. Bu təcrübəli, bacarıqlı idman funksioneri klub idarəçiliyində çatışmazlıqları qısa zamanda aradan götürməyi, komandanın futbol və məşqçi heyətinə böyük uğurlar qazandırmağı bacardı. Sadıq Sadıqov düzgün iş fəaliyyəti sayəsində Rövnəq Abdullayevin "Neftçi”dəki uğurlarının davamını gətirməyə nail oldu. Komandasının uduzmağını sevməyən klub prezidentinin bacarıqlı və tələbkar təşkilatçılığı sayəsində "Neftçi” 2010/11 mövsümü başa çatmamış çempionluq sevinci yaşadı. Ancaq növbəti futbol ilində komanda təkcə Premyer Liqanın qızıl medalları ilə kifayətlənmək istəmirdi. Məqsəd ölkə kubokunu da qazanaraq, "qızıl dubl”a imza atmaq idi. Ədalət naminə qeyd edək ki, "Neftçi” həmin vaxt hədəfə doğru inamla irəliləyirdi. Sadəcə, ölkə kubokunun finalında "Bakı”ya 0:2 hesablı məğlubiyyət maksimum nəticənin əldə olunmasına əngəl törətdi.

"Neftçi”nin Avropaya zəfər yürüşü də elə o ərəfələrdə başladı. Əlbəttə, ölkə daxilində qazanılan uğurlar çox sevindiricidir. Ancaq qitə miqyaslı yarışlar tam fərqli əhəmiyyət kəsb edir. Burada söhbət ölkə futbolunun imicindən, beynəlxalq arenada necə təmsil olunmaqdan gedir. Bu məsələdə bütün incəlikləri rəhbəri olduğu klubun əməkdaşlarına anladan Sadıq Sadıqov "Neftçi”nin Azərbaycan futbol tarixində yeni parlaq səhifə açmasına nail oldu. Fakta diqqətlə fikir verin: məhz Sadıq Sadıqovun klub prezidenti olduğu dövrdə "Neftçi” ölkə futbolunda ilk dəfə olaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Flaqman qrup mərhələsində də əlini yanına salmaq fikrində deyildi. Komandamız bu mötəbər yarışda da Azərbaycanı layiqincə təmsil edərək, çoxlarını yaxşı mənada təəccübləndirdi. Qrup mərhələsində İtaliyanın "İnter”, Rusiyanın "Rubin” və Serbiyanın "Partizan” klbuları ilə mübarizə aparan "Neftçi” oyunların yarısından, başqa sözlə, 3 matçdan heç-heçə ayrılmağı bacardı. Bu qarşılaşmaların arasında ən yaddaqalanı isə "İnter”lə görüş oldu. Flaqman Milanın "Cüzeppa Meatsa” stadionunda Avropanın ən köklü klublarından biri ilə başabaş mübarizə apardı - 2:2. Görüşün gedişi və nəticə bütün İtaliyanı şoka salmışdı. Təsadüfi deyil ki, həmin oyunu stadionda Sadıq Sadıqovla birgə izləyən "İnter”in rəsmi şəxsi, Portuqaliya yığmasının sabiq üzvü, yaxın keçmişdə dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən sayılan Luiş Fiqu "Neftçi”nin ünvanına xoş sözlər işlədərək, komandanın çıxışını yüksək qiymətləndirmişdi.
Sadıq Sadıqov "Neftçi”nin prezidenti qismində "qızıl dubl” arzusunu da gerçəkləşdirdi. Bu, 2012/13-cü illər mövsümündə reallaşdı. Azərbaycan çempionatında yenə vaxtından əvvəl qızıl medalları təmin edən komanda kubok yarışında da hamıdan güclü oldu. Bakılılar finalda "Xəzər Lənkəran”ı penaltilər seriyasında üstələdilər.
Diqqət yetirin, 3 ilə 3 çempionluq, 2 kubok, Avroliqanın qrup mərhələsi! Fantastik nəticədir! Hərdən meydana belə sual çıxır: "Neftçi” qısa zaman kəsiyində belə uğurları nəyin sayəsində qazandı? Komandanın möhtəşəm çıxışının sirri nədə idi? Şübhəsiz ki, qazanılan uğurlarda məşqçi və futbolçu heyətinin əməyi danılmazdır. Axı meydana çıxan, 90 dəqiqə ərzində mübarizə aparan məhz onlardır. Lakin dərindən düşənəndə aydın olur ki, kadrarxasında qalanlar bəzən futbolçular və məşqçilərdən də artıq iş görürlər. Tam əminliklə demək olar ki, "Neftçi”də belə bir missiyanı məhz Sadıq Sadıqov yerinə yetirirdi. Bəlkə də bütün uğuru tək bir şəxsin adı ilə əlaqələndirmək düzgün olmazdı. Ancaq S.Sadıqovun flaqman üçün necə güclü qüvvə olduğuna, tələbkar klub prezidenti kimi yenilikçi və ilhamverici rol oynadığına şübhə yoxdur. Bu məqamda "Neftçi”nin sabiq qapıçısı Saşa Stamenkoviçin bu yaxınlarda ölkə mətbuatına müsahibəsi zamanı işlətdiyi sözlər yerinə düşür: "Biz həmişə özümüzü bir ailənin hissəsi saymışıq. Sadıq Sadıqov bizə: "Divardan keç”, - desə idi, bunu edərdik”.

Bu səmimi sözlər Sadıq Sadıqovun futbolçular üçün təkcə klub prezidenti yox, həm də dost, qardaş olmasını göstərir. O, lazımi vaxtda lazımi yerdə olur, komanda üzvlərinə dəstək göstərirdi. Sadıq Sadıqov özünün təvazökarlığı, işə sadiqliyi ilə seçilirdi. Həmişə Rövnəq Abdullayev məktəbinin yetirməsi olması ilə fəxr edən bu futbol adamı müsbət keyfiyyətləri sayəsində idman həyatında uğurlar qazanıb. Sadıq Sadıqov özü bu barədə belə deyib: ""Neftçi” mənim üçün bir futbol klubu olmaqdan savayı, obrazlı şəkildə desəm, Azərbaycan futbolunda tarixlər yazan şanlı bir sərkərdədir. Bu klubda prezident işlədiyim dövrdə daima futbolçulara, məşqçilərə, əməkdaşlarımıza dəstək olmuşam. Yeganə məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə vermək, milli komandalar üçün perspektivli oyunçular yetişdirmək, beynəlxalq arenada Azərbaycanı şərəflə təmsil etmək olub. Mən "Neftçi”nin rəhbəri vəzifəsində həmişə AFFA prezidenti Rövnəq Abdullayevin dəstəyini hiss etmişəm. Bir qayda olaraq, idarəetmədə, mühüm qərarların qəbulu zamanı onun tövsiyələrinə, məsləhətlərinə uyğun davranmışam. İnanıram ki, Rövnəq Abdullayevin rəhbərliyi altında Azərbaycan futbolu gələcəkdə yeni-yeni uğurlara imza atacaq, azarkeşlərə qələbə sevincləri bəxş edəcək”.
Bəli, doğrudan da, Sadıq Sadıqovun futbol klubunun prezidenti vəzifəsindən getməsi ilə "Neftçi”nin daha bir uğurlu mərhələsi başa çatdı. Flaqman belə bir bacarıqlı klub rəhbərini yəqin ki, hələ uzun müddət xatırlayacaq.

Elnur Əşrəfoğlu