«Taekvondoçularımız Avropa idmanı tarixində iz qoymağı bacardılar”

«Taekvondoçularımız Avropa idmanı tarixində iz qoymağı bacardılar”


Taekvondo üzrə tanınmış idmançı Rəşad Əhmədov Avropa Oyunlarında taekvondoçularımızın çıxışları ilə bağlı "olimpnews.az" saytına müsahibə verib. O, müsahibəsində taekvondoçularımızın əldə etdikləri nəticə və taekvondo yarışlarında tətbiq olunan yeniliklərdən danışıb.

- Azərbaycan taekvondoçularının Avropa Oyunlarında çıxışlarını necə qiymətləndirirsiniz?
- Komandamızın üzvləri çox gözəl çıxış nümayiş etdirdilər. Taekvondoçularımız gənc olmalarına baxmayaraq, rəqiblərinə güclü müqavimət göstərdilər. İdmançılarımızın hazırlığı yüksək səviyyədədir. Etiraf edim ki, uzun müddətdir ki, Azərbaycan taekvondosunda belə uğurlar əldə olunmamışdı. Avropa Oyunlarının Bakıda təşkili böyük tarixi hadisədir. Taekvondoçularımız Avropa idmanı tarixində iz qoymağı bacardılar.
- Nə vaxtsa, Avropa Oyunlarının iştirakçısı olmaq istərdinmi?
- İki Olimpiya Oyunlarında çıxış edərək ölkəmizə medal qazandırmağa çalışmışam. Uğura çox yaxın olsam da, təəssüf ki, bir sıra səbəblərdən medal qazana bilməmişəm. Əlbəttə ki, bu Oyunlar mənim çıxış etdiyim dövrə təsadüf etsəydi, mən də belə bir mötəbər yarışda qüvvəmi sınamaq istərdim. Qeyd edim ki, Avropa Oyunları olimpiada səviyyəsində keçirilir.
- Necə düşünürsən, taekvondo qaydalarında edilən dəyişikliklər bu növə yenilik gətiribmi?
- Mənim çıxış etdiyim dövrlərdə qaydalar fərqli idi. Hazırda ümümi qaydalarda bir sıra dəyişikliklər var. Məncə, indi də döyüşmək çətindir. Təəssüf edici məqam odur ki, tətbiq olunan yeniliklər taekvondo idman növünün gözəlliyinə xələl gətirir. Əvvəllər idmançıların çıxışlarında gözəl zərbələr, kombinasiyalar görmək mümkün idi. İndi isə onlar yalnız rəqibdən xal almağa üstünlük verirlər. Buna görə də zərbələri necə gəldi endirirlər. Dünya Taekvondo Federasiyası elektron jiletləri tətbiq etməklə şəffaflığa nail olmaq istəyir. Amma bu sistemdə yenə də müəyyən problemlər mövcuddur.

- Vaxtilə sənə rəqib olmuş idmançılar Avropa Oyunlarında iştirak edirlərmi?
- Əvvəllər yarışlarda qarşılaşdığım bir sıra rəqiblərim idman karyeralarını davam etdirilər. Həmin idmançılardan Avropa Oyunlarında iştirak edənlər də var. Vaxtilə mənimlə döyüşən ingiltərəli Aaron Kuk yarışda çıxış etdi. Qeyd edim ki, əvvəlllər Böyük Britaniyanı təmsil edən taekvondoçu hazırda Moldovanın adından çıxış edir. O, Avropa çempionu, dünya mükafatçısı Olimpiya oyunlarının iştirakçısıdır. Aaronla iki dəfə qarşılaşmışam və onu məğlub etmişəm. İngiltərə taekvondoçusundan yaxşı nəticə gözləyirdim, amma o məğlub oldu. Maraqlıdır ki, Avropa Oyunlarında Olimpiya və dünya çempionlarının əksəriyyəti məğlubiyyətlə üzləşdi.
- Necə düşünürsən, komandaya cəlb edilən iranlı məşqçi Rza Mehmandustun hazırlıq proqrammı nə ilə fərqlənir?
- Rza Mehmandust dünyanın ən yaxşı məşqçilərindən biridir. Azərbaycan komandasında yeni olmasına baxmayaraq, uğurlu nəticələr verməyə başlayıb. Bu gün dünyada bütün sahələr inkişaf edir, yeniliklər tətbiq edilir. Məşqçi də öz sahəsində yenilik etməlidir. Müasir taekvondoya uyğunlaşmaq lazımdır. İranlı məşqçi komandaya çox tez uyğunlaşdı. Onun rəhbərliyi altında qısa müddət ərzində Radik İsayev dünya çempionu oldu. Niyaməddin Paşayevdən sonra 14 il idi ki, bu uğura heç bir taekvondoçu imza ata bilməmişdi. Qeyd edim ki, onun rəhbərliyi altında iranlı Hadi Saei Olimpiya çempionu adını qazanıb. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında yarımfinalda mən məhz Hadi Saeiyə məğlub olmuşdum. Rza Mehmandust zarafatla mənə deyir ki, o vaxt sənə mən qalib gəlmişəm (gülür). Məhz bu məşqçinin rəhbərliyi altında təkcə şəxsi yetirmələri deyil, İran komandası yüksək nəticələrə imza atıb.
- Karayeranı nə vaxtsa məşqçi kimi davam etdirmək istərdinmi?
- Bu sualı mənə tez-tez verirlər. Qeyd edim ki, məşqçilik çətin peşədir. Bütün ömrünü bu sahəyə, vaxtını idmançılarının uğur qazanmasına həsr etməlisən. Bunu zaman göstərər. Bəlkə də nə vaxtsa daxilimdə belə bir istək oyanacaq və mən də məşqçilik edəcəyəm.

Aysel