Maradona FİFA prezidenti olmaq istəyir

Maradona FİFA prezidenti olmaq istəyir


Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi bu postdan istefa verən Yozef Blatterin 1998-ci ildən tutduğu vəzifəyə sahib çıxmaq qərarına gəlib.
17 il FİFA-ya rəhbərlik edən isveçrəli futbol funksioneri mayın onunda 5-ci dəfə prezident seçilib. Lakin Blatter qurum ətrafında cərəyan edən rüşvət qalmaqalı üzündən iyunun 2-də istefa verib.
Yeni prezident seçkiləri FİFA-nın növbədənkənar konqresi keçirilən müddətdə təşkil ediləcək. Seçkilərin dəqiq tarixi isə iyulun 20-də açıqlanacaq.
Maradonaya qədər FİFA prezidenti postuna 5 namizəd bu vəzifəyə iddiasını açıqlayıb. Bunlar Fransa millisinin sabiq futbolçusu David Jinola, əfsanəvi braziliyalı Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının sabiq prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.