Yozef Blatter vəzifəsindən gedəcək

Yozef Blatter vəzifəsindən gedəcək


Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Yozef Blatter vəzifəsindən gedəcək. Hətta qurumun konqresi ondan qalmağı xahiş etsə də, qərarından dönməyəcək. İsveçrəli futbol funksioneri bunu "Weltwoche” nəşrinə müsahibəsində deyib.
79 yaşlı Y.Blatter deyib: ”Seçkilərdən sonra vəzifəmdə qalmayacam. Hətta FIFA-nın konqresi qalmağımı xahiş etsə də, fərq etməz, mən istefaya gedəcəyəm”.
Y.Blatter FIFA-nın mayın 29-da keçirilən konqresində növbəti müddətə qurumun prezidenti seçilib, amma dörd gün sonra korrupsiya qalmaqalı fonunda istefa verdiyini elan edib. FIFA-nın İcraiyyə Komitəsinin yeni prezident seçkilərinin tarixinin müəyyən ediləcəyi növbədənkənar iclası iyulun 20-də Sürixdə nəzərdə tutulub. FIFA-ya 1998-ci ildən rəhbərlik edən Y.Blatter seçkilərə qədər qurumun başçısı vəzifələrini icra edəcək.
İsveçrə polisi ABŞ ədalət mühakiməsinin sorğusuna əsasən, mayın 27-də Sürixdə FIFA-nın korrupsiyada şübhəli bilinən yeddi məmurunu həbs edib, ümumiyyətlə 14 keçmiş və fəaliyyətdə olan futbol funksionerinə ittiham irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar 24 il ərzində təqribən 150 milyon dollar rüşvət alıblar.
Bundan əlavə, İsveçrə polisi adları açıqlanmayan bir qrup şəxs barəsində 2010-cu (CAR), 2018-ci (Rusiya) və 2022-ci il (Qətər) dünya çempionatlarının təşkilatçı ölkələrinin seçimi zamanı çirkli pulların yuyulması ilə bağlı cinayət işi qaldırıb.