FİFA-nın prezidenti Yozef Blatter təşkilatın növbədənkənar konqresinin gələn ilin əvvəllərində keçiriləcəyini bəyan edib.Konqresdə FİFA-nın yeni başçısının seçiləcəyi də ehtimal olunur. İsveçrəli Yozef Blatter FİFA-nın mayın 29-da keçirilmiş konqresində növbəti müddətə təşkilatın prezidenti seçilmişdi. Lakin bundan dörd gün sonra o, korrupsiya qalmaqalları fonunda istefaya gedəcəyini elan edib.
Təşkilatın İcraiyyə Komitəsinin iyulun 20-də Sürixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasında FİFA-nın prezidenti vəzifəsinə yeni seçkilərin vaxtı müəyyən olunmalıdır. Konqresin isə 2016-cı ilin martınadək keçirilməsi gözlənilir. 1998-ci ildən bəri təşkilatın rəhbəri olan Blatter seçkilərə qədər FİFA-nın prezidenti vəzifəsini icra edəcək.
Xatırladaq ki, İsveçrə polisi mayın 27-də Amerika tərəfinin tələbi ilə Sürixdə FİFA-nın korrupsiyada ittiham olunan 7 məmurunu həbs edib. Bundan başqa, 14 keçmiş və hazırkı futbol funksionerinə də rəsmi ittiham irəli sürülüb. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 24 il ərzində onlar ümumilikdə 150 milyon dollardan çox rüşvət alıblar.