Azərbaycan çempionu "Qarabağ” Monteneqronun "Rudar” komandası ilə qarşılaşıb. İyulun 22-də keçirilən futbol üzrə Çempionlar Liqası yarışlarının ikinci təsnifat mərhələsində komandamız cavab oyunundan qalib ayrılıb.
Monteneqrodakı "Pod Malim Brdom” stadionunda keçirilən matçda "Qarabağ” komandası 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 57-ci dəqiqədə "Qarabağ”ın legioneri Reynaldo vurub. Qarşılıqlı hücumlar şəraitində keçən matçda qalan vaxt ərzində hesab dəyişməyib.
Bakıda keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alındığından iki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn ağdamlılar növbəti mərhələyə yüksəliblər.
Görüşü bolqarıstanlı referi Georgi Kabakov idarə edib. Ona Martin Marqaritov, Martin Venev və Nikolay Yordanov kömək ediblər. Oyunun hakim-inspektoru Françesko Byanki (İsveçrə), UEFA nümayəndəsi isə sloveniyalı Tuqomir Frayman olub.
"Qarabağ” növbəti mərhələdə Şotlandiyanın "Seltik” komandası ilə qarşılaşacaq.