Cütün taleyi cavab qarşılaşmasında müəyyənləşəcək
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
"Seltik” (Şotlandiya) - "Qarabağ” (AZƏRBAYCAN) - 1:0 (0:0)
Qol: Dedrik Boyata, 82
Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsauer, Rixard Hübler, Dominik Ouşan (hamısı Avstriya)
29 iyul. Qlazqo. "Seltik Park” stadionu
"Seltik”: 1. Kreyq Qordon, 3. Emilio İzagire, 5. Virgil van Diyk, 20. Dedrik Boyata, 23. Mikael Lustiq, 6. Nir Biton, 8. Skot Braun, 14. Stüart Armstronq, 16. Qari Meki Steven, 25. Stefan Yohansen, 7. Nadir Çiftçi.
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov, 18. İlqar Qurbanov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 9. Reynaldo, 10. Dani Kintana, 20. Riçard Almeyda, 67. Əl Harbi Əl Jedayui, 77. Cavid Tağıyev
Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlarından biri də Qlazqoda keçirildi. Azərbaycan çempionu "Qarabağ” Şotlandiyanın "Seltik” klubu ilə üzü-üzə gəldi. Təəssüf ki, klub təmsilçimizin keçirdiyi qarşılaşmanı azarkeşlərimiz televiziya vasitəsilə canlı izləyə bilmədilər. Belə ki, bu bərədə Ağdam təmsilçisinin icraçı-direktoru Əmrah Çəlikəl əvvəlcədən məlumat yaymışdı.
O, sosial şəbəkədəki şəxsi profilindən bəyan etmişdi ki, buna qarşı tərəf mane olub. Səbəb isə ev sahibi komandanın azarkeşlərini stadiona cəlb etməsi ilə əlaqədardır.
Lakin "Qarabağ”ın Şotlandiya səfəri diqqətdən kənarda qalmayıb.
Hər iki komandanın qarşılıqlı hücumları ilə başlayan matçın ilk hissəsində qol olmayıb. İkinci hissədə təşəbbüsü ələ almaq üçün bütün qüvvəsini səfərbər edən Qurban Qurbanovun yetirmələri rəqibə layiqli müqavimət göstərə bilib. Ancaq ələ düşən vəziyyətlərdən yararlana bilməyən Azərbaycan çempionu sona 8 dəqiqə qalmış qapısından qol buraxıb. Matçın 82-ci dəqiqəsində Dedrik Boyata ev sahiblərinə qələbə qazandıran qolun müəllifi olub.
Amma bu hələ son deyil. Bu cütün cavab qarşılaşması avqustun 5-də Bakıda keçiriləcək. İlk görüşdəki çıxışı nəzərə alaraq bu qənaətə gəlmək olar ki, "Seltik”i doğma azarkeşlər önündə məğlub etmək olar. Minimum hesabla məğlub olan Qurban Qurbanovun yetirmələri cavab qarşılaşması üçün şanslarını saxlayırlar.
Oyundan sonra:
Ronni Deyla ("Seltik”in baş məşqçisi)
- Bərabər səviyyəli oyun oldu. Bizim rəqibə baxanda bir az daha çox şansımız oldu, ancaq bir qol vura bildik. Hesab oyunu tam əks etdirir. Biz güclü rəqibə qarşı oynayırdıq. Müdafiədə diqqətli idik, rəqibin hücumlarını vaxtında zərərsizləşdirə bildik. Səfərdə bir qol da vursaq, rəqib artıq üçünü vurmalı olacaq. Demək olmaz ki, biz favoritik, ancaq şanslarımız pis deyil. Öz komandama inanıram, ancaq rəqibə də hörmət edirik. Növbəti oyunda göstərəcəyik ki, biz bu səviyyəyə layiqik.
Qurban Qurbanov ("Qarabağ”ın baş məşqçisi)
- Oyundan və futbolçulardan razı qaldım. "Seltik”ə qarşı yaxşı oynadılar. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Belə azarkeş dəstəyi altında oynamaq çox xoşdur. Amma Azərbaycanda da bizim böyük azarkeş ordumuz var. Onlar da "Seltik”in tərəfdarları qədər möhtəşəmdirlər. Əmin ola bilərsiniz ki, onlar Bakıda fərqli dəstək nümayiş etdirəcəklər. Azarkeşlərimizin bizə yaxşı nəticə qazanmaq yolunda necə dəstək verəcəyini görəcəksiniz.