Messi 37 oyunda 37 qol vurdu

Messi 37 oyunda 37 qol vurdu



Avqustun 11-də UEFA Super Kuboku uğrunda "Barselona” və "Sevilya” komandaları arasında keçirilən qarşılaşma katalon klubunun heyətində çıxış edən əfsanəvi futbolçu Lionel Messi üçün bir çox cəhətdən əlamətdar olub.

 Türkiyənin "NTV Spor” saytının verdiyi xəbərə görə, oyunda iki dəfə fərqlənən Messi bununla da 2015-ci ildə 37 rəsmi matçda vurduğu qolların sayını 37-yə çatdırıb. Argentinalı futbolçunun ən çox qol vurduğu komanda məhz "Sevilya”dır - 24 qol.

Futbolçu, həmçinin Avropa klub turnirlərində 103 qarşılaşmada 80-ci qoluna imza ataraq Kriştiano Ronaldonun göstəricisini təkrarlayıb. Lakin qeyd etmək lazımdır ki, Ronaldo bu göstəricini 122 oyunda əldə edib.

Ötən gün Messi karyerasında ilk dəfə olaraq bir oyunda iki dəfə cərimə zərbəsindən fərqlənib. Bununla da Messi qitə turnirlərində Kriştiano Ronaldo, Luis Suarez ve Qaret Beyldən sonra bir oyunda cərimə zərbələrini iki dəfə dəqiq yerinə yetirən dördüncü futbolçu olub. "Barselona”nın futbolçusu keçən mövsüm 55 oyunda cərimə zərbələrini cəmi iki dəfə dəqiq yerinə yetirmişdi.

Qeyd edək ki, bu final qarşılaşması vurulan doqquz qolla UEFA Super Kuboku uğrunda final matçları tarixində ən məhsuldar oyun olub.