"Welt am Sonntag” nəşrinin yazdığına görə, UEFA-nın prezidenti və FİFA prezidentliyinə namizəd Mişel Platini barəsində tənqidi dosye yerli mediada böyük hay-küyə səbəb olub. Bununla əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edərək müvafiq təhqiqat aparılmasını xahiş edib.
FİFA-nın qərargahından KİV-lərə "Platini: şkafda skelet” adlı dosye göndərilib və bu məlumatların çap olunması xahiş edilib. Müəllifi göstərilməyən dosyedə Platininin FİFA prezidenti vəzifəsinə yararlı olması şübhə altına alınıb.
UEFA-nın baş katibi Canni İnfantino FİFA-nın baş katibi Jerom Valkeyə sorğu göndərərək bu dosyenin meydana çıxmasının təhqiq olunmasını xahiş edib.
Mişel Platini FİFA prezidenti vəzifəsinə namizədlərdən biridir. Hazırda FİFA-nın rəhbəri Yozef Blatterdir. Bu il mayın 29-da keçirilmiş seçkilərdə qalib gələndən sonra Blatter istefaya çıxmağı qərara aldığını elan edib.
Təşkilatın reqlamentinə əsasən növbəti seçkilərə qədər Blatter Federasiyanın prezidenti vəzifəsini icra edəcək.