Dünyanın ən böyük stadionu olan "Marakana”nın (Braziliya) muzeyində "Neftçi”nin əfsanəvi futbolçusu, SSRİ yığmasının üzvü Anatoli Banişevskinin forması nümayiş etdiriləcək. "Neftçi” peşəkar futbol klubunun Braziliyada işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov "Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər. Görüş əsnasında Azərbaycan futbol tarixinin ən qədim klubu olan "Neftçi” barədə məlumat verilib.
Sonra peşəkar karyerası ərzində yalnız "Neftçi”də oynamış Anatoli Banişevskinin "Marakana”da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb.Əfsanəvi futbolçumuz Anatoli Banişevskinin forması muzeyə hədiyyə edilib.
Bundan sonra Braziliyanın futbol iqamətgahı sayılan bu stadionda yerli azarkeşlər "Neftçi”də 9 nömrə ilə çıxış etmiş Banişevskinin formasını görə biləcəklər.
Xatırladaq ki, 1965-ci il noyabrın 21-də Braziliyanın möhtəşəm "Marakana” stadionuna toplaşmış 132 min azarkeş onilliyin qoluna şahidlik edib.
Məhz həmin gün "Marakana”da oynanılan Braziliya - SSRİ matçında "Neftçi”nin yetirməsi Anatoli Banişevski uzaq məsafədən başla vurduğu qolla adını tarixə yazdırıb. Matçın 54-cü dəqiqəsində Pelenin vurduğu qola sevinən yerli azarkeşlər cəmi beş dəqiqə sonra sükuta qərq olublar.
Qoldan sonra Anatoli Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında "Qızıl baş” ləqəbi ilə qalan əfsanəvi futbolçu "Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir.